Hidrometeorologiya

Göllər və su anbarları

Göllər və su anbarları

Göllər

Azərbaycanda yerüstü su ehtiyatlarını çaylar, göllər, su anbarları, buzlaqlar və s. təşkil edir.
Azərbaycan ərazisində ümumi sahəsi 395 km2 olan 450 göl müəyyən edilib ki, onlardan 10 gölün sahəsi 10 km2-dən böyükdür.
Mənşəyinə görə Respublikada 7 tip göl müşahidə edilir:
  • buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ və s. zirvələr olan yüksəklik zonada yerləşirlər);
  • subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər – Sarısu, Hacıqabul, Mehman, Ağgöl və s.);
  • bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunur – Göygöl, Maralgöl, Ağgöl, Qaragöl və s.);
  • laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər – Gümüşovan, Ağzıbirçala və s.);
  • karst mənşəli göllər (Qobustanda, Hacınohurda, Ceyrançöldə yerləşirlər);
  • sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdimançay və s. çayların hövzələrində yerləşirlər);
  • relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər – Masazır, Böyükşor, Kürdəxanı, Qanlıgöl və s.).
Respublikanın ən iri gölü Kür-Araz ovalığında yerləşən Sarısu gölüdür (su səthinin sahəsi 65,7 km2, həcmi 59,1 mln. m3). Dəmiraparançayın hövzəsində və 3277 m yüksəklikdə yerləşən Tufangöl (sahəsi 0,01 km2, həcmi 0,11 mln. m3) Respublikanın ən yüksək dağlıq gölüdür. Respublikanın ən mənzərəli göllərindən biri məşhur Göygöl gölüdür. Göl 1139-cu ildə güclü zəlzələdən sonra Ağsuçayın orta axınında əmələ gəlib.

Göygöl

Su anbarları

Respublikada irili-xırdalı 140 su anbarı mövcuddur. Əsas böyük su anbarları bunlardır: Mingəçevir, Şəmkir, Araz, Yenikənd, Varvara, Ceyranbatan və Sərsəng su anbarlarıdır. Azərbaycanda hər birinin həcmi 1 mln. m3-dən çox 61 su anbarı mövcuddur. Su anbarlarının ümumi tam həcmi 21,5 km3 təşkil edir. Su anbarları həm çayın məcrasında (məcra su anbarları), həm də ondan kənarda (məcradan kənar su anbarları) yaradılıb. Su anbarlarının əksəriyyəti fəsillik nizamlanır və suvarma üçün istifadə olunurlar. Kür, Araz və Tərtər çaylarında yaradılmış su anbarları və SES-lər – Şəmkir, Mingəçevir, Yenikənd, Varvara, Araz və Sərsəng kompleks təyinatlı su təsərrüfatı obyektləridir və energetika, suvarma, su təchizatı və s. üçün istifadə olunurlar.
Respublikanın ən iri su anbarı - Mingəçevir 1953-cü ildə istismara verilib, çoxillik tənzimləmə rejimində işləyir.