Hidrometeorologiya

                                                    Aqrometeoroloji müşahidələr

Aqrometeoroloji məlumatlar və proqnozlar kənd təsərrüfatı bitkilərinin əkini, gübrələnməsi, dərmanlanması, məhsulun yığılması, daşınması və digər bu kimi aqrotexniki tədbirlərin və kənd təsərrüfatı işlərinin vaxtının təyin edilməsi, bitkilərin vegetasiyası müddətində faktiki temperatur və yağıntı miqdarına əsasən suvarılma normasının tənzimlənməsi, şaxta, dolu, isti küləklər, atmosfer quraqlığı və s. təhlükəli atmosfer hadisələrinə  qarşı mübarizə tədbirlərinin görülməsi üçün çox əhəmiyyətlidir. Bu məlumatları əldə etməklə təsərrüfatın düzgün planlaşdırılması, zərər riskinin azaldılması və nəticədə məhsulun qorunmasına nail olmaq mümkündür.

Azərbaycanda ilk sistematik aqrometeoroloji müşahidələr 1882-ci ildə Gəncə meteoroloji stansiyasında aparılmışdır. Lakin sonralar kənd təsərrüfatı sahəsində aqrometeoroloji xidmətlərin əhəmiyyətinin artmasını nəzərə alaraq hidrometeoroloji stansiyalarda da aqrometeoroloji müşahidələr aparılmağa başlanılıb.

Hazırda aqrometeoroloji məlumatlar Respublikanın kənd təsərrüfatı əhəmiyyətli regionlarında yerləşən 15 hidrometeoroloji stansiya, 10 aqrometeoroloji stansiya və 3 aqrometeoroloji məntəqədə həm ənənəvi cihazlarla, həm avtomat stansiyalar vasitəsi ilə, həm də vizual yolla əldə olunur. 

Aqrometeoroloji məlumatlar meteoroloji və fenoloji müşahidələrə əsaslanır və rayonlar üzrə üstünlük təşkil edən əsas kənd təsərrüfatı bitkilərinə təsir edən meteoroloji şəraiti öyrənir. Bu məlumatlara bitkilərin inkişaf mərhələləri və onların baş vermə tarixləri, bitkilərin hündürlüyü, 1m² sahəyə düşən dənli bitkilərin sayı, bitkilərin sıxlığı, əkinin və kök sisteminin ümumi vəziyyəti, bitkilərin zədələnmə və ya məhv olma səbəbləri, aparılmış aqrotexniki tədbirlər, ərazi üzrə havanın orta, maksimum, minimum temperaturları, torpaq səthinin və müxtəlif dərinliklərinin temperaturları, torpaq rütubətliyi, yağıntının miqdarı, qarın hündürlüyü, küləyin sürəti və istiqaməti, nisbi rütubətlik, rütubət çatışmazlığı haqqında göstəricilər daxildir. Respublika üzrə 24 stansiyada payızlıq dənli bitkilər, 19 stansiyada müxtəlif növ meyvə ağacları, 9 stansiyada pambıq, 4 stansiyada üzüm, 2 stansiyada isə çay bitkisi üzərində fenoloji müşahidələr aparılır.

Qeyd olunmuş məlumatların emalı əsasında ayrı-ayrı rayonlar üzrə havanın orta temperaturunun 0, 5, 10, 15 ⁰C - dən keçid tarixləri, 0, 5, 10, 15 ⁰ C - dən yuxarı temperatur cəmləri, şaxtasız dövrün başlanması və bitməsi, şaxtasız dövrün davamiyyəti, havanın maksimum temperaturu 35 ⁰C - dən yuxarı olan günlərin sayı, ən isti ayda (iyul) havanın orta temperaturu, ən soyuq ayda (yanvar) havanın orta temperaturu, vegetasiya dövrü ərzində yağıntıların miqdarı, quraq günlərin sayı hesablanır, meyvə, tərəvəz, buğda, arpa, pambıq, qarğıdalı, üzüm, çay və s. bitkilərin səpindən yetişməyə qədər bütün inkişaf dövrü təhlil olunur, nəticələr sistemləşdirilir.

Aqrometeoroloji məlumatlara əlçatanlığın təmin edilməsi məqsədi ilə hər on gündən bir ayrı-ayrı rayonlar üzrə dekadalıq Aqrometeoroloji bülleten, havanın temperatur və yağıntı göstəricilərinin çoxillik iqlim normaları ilə müqayisə qrafikləri, ötən ayın aqrometeoroloji şəraitini əks etdirən Aqrometeoroloji icmal, gözlənilən hava şəraitinə dair Aqrometeoroloji proqnoz və fermerlər üçün mövsümə uyğun olaraq məsləhətlər hazırlanaraq Milli Hidrometeorologiya Xidmətinin https://meteo.az/az/home saytında yerləşdirilir.