HİDROMETEOROLOJİ PROQNOZLAR
Hidrometeoroloji Proqnozlar Bürosu Milli Hidrometeorologiya Xidmətinin operativ bölməsidir. Büronun əsas fəaliyyət istiqaməti əhalini gözlənilən hava şəraiti haqqında məlumatla təmin etmək, təhlükəli və kritik hava şəraitinin insanların həyat və fəaliyyətində yarada biləcəyi risklərin minimuma endirilməsi məqsədilə ictimaiyyəti, aidiyyatı təşkilatları, dövlət qurumlarını əvvəlcədən xəbərdar etməkdir.
Hidrometeoroloji proqnozların əsasını ilkin müşahidə məlumatları təşkil edir. Ölkə ərazisini əhatə edən hidrometeoroloji müşahidə şəbəkəsindən gündəlik operativ olaraq hər 3 saatdan bir meteoroloji parametrlər (havanın temperaturu, şeh nöqtəsinin temperaturu, külək, görünüş məsafəsi, rütubətlik, atmosfer təzyiqi, buludluluq, atmosfer hadisələri və s.) üzrə müşahidələr, eyni zamanda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən stansiyalardan dəniz hidrometeoroloji müşahidələri (dənizin səviyyəsi, dalğalanma rejimi, suyun temperaturu və s) haqqında məlumatlar alınaraq təhlil edildikdən sonra gündəlik icmallarda və proqnozlarda istifadə olunur.
Hidrometeoroloji müşahidə şəbəkəsini quruda 84, dənizdə isə 9 stansiyadan təşkil olunmuşdur. Son dövrlərdə müasir meteoroloji tələblərə uyğun olaraq insan fəaliyyəti nəticəsində yaranan xətaların minimuma endirilməsi məqsədi ilə meteoroloji müşahidə şəbəkəsinin çox hissəsi avtomatlaşdırılmışdır. Belə ki, quruda fəaliyyət göstərən hidrometeoroloji stansiyalardan 51-i, dənizdə olan stansiyalardan isə 4-ü avtomat stansiyalarla əvəz olunmuşdur.
Büroda aşağıdakı hidrometeoroloji proqnozlar tərtib edilir:
- Respublikanın 8 bölgəsi və Abşeron yarımadası, Bakı şəhəri üçün verilən qısamüddətli (sutkalıq) və ortamüddətli (48, 72 saat) proqnozlar;
- Abşeron yarımadası üzrə həftəlik proqnoz;
- Şərqi-Zəngəzur və Qarabağ bölgəsi üçün 3 günlük proqnoz;
- Respublikanın 8 bölgəsi üçün aylıq hava proqnozu;
- Xəzər dənizinin 6 akvatoriyası, Abşeron və Baki limanı üzrə tərtib olunan qısamüddətli (yarımsutkalıq, sutkalıq) və ortamüddətli (48, 72 saat) dəniz hidrometeoroloji proqnozlar;
- Abşeron-Dəniz rayonu üzrə 10 günlük proqnoz;
- Gözlənilən təhlükəli və xüsusi təhlükəli hadisələri barəsində xəbərdarlıq;
- Tibbi-meteoroloji proqnozlar;
- Avtomobil yollarının gözlənilən meteoroloji vəziyyəti haqqında proqnoz;
- Çimərliklər üçün meteoroloji proqnoz;
- Meteoroloji məlumatların riyazi üsullarla təhlilinə əsaslanaraq meşə yanğınları barəsində xəbərdarlıq;
Büronun iş fəaliyyətində istifadə olunan texnologiyalar
Proqnozların tərtibi zamanı TURKMETCAP sistemindən, riyazi proqnoz modellərindən (NWP), peyk məlumatlarından, sinoptik xəritələrdən və radar məlumatlarından istifadə olunur. Bütün bunlarla yanaşı ölkə ərazisində Erkən Xəbərdarlıq sistemi yaradılmışdır. Erkən Xəbərdarlıq sistemi vasitəsilə qısamüddətli və ortamüddətli hava proqnozlarına dəqiqləşmə, çox qısamüddətli hava proqnozları (Nowcasting), gözlənilən təhlükəli atmosfer hadisələri barəsində xəbərdarlıqlar hazırlanır.
TURKMETCAP-sinoptik vizuallaşdırma və təhlil sistemidir. Azərbaycanda proqnoz və xəbərdarlıqların keyfiyyətinin artırılması məqsədi ilə 2004-cü ildə TURKMETCAP proqramı tətbiq edilmiş, 2010-cu ildə ildə isə son versiyası gətirilmişdir.Baron Dopler radarları Şamaxı və Göygöl rayonları ərazisində quraşdırılmışdır. İkilipolyarizasiya metodu ilə işləyən radarlar 250 km radiusda atmosfer prosesləri üzərində fasiləsiz müşahidələr aparır. Bulud sistemlərinin yerini, inkişafinı və hərəkət istiqamətini müəyyən edərək 2-3 saatlıq proqnozlar verir.VSAT-Peyk Məlumat Mübadiləsi Sistemidir. Bu peyk sistemi vasitəsilə Türkiyə Meteoroloji Xidmətin kompüter şəbəkəsinə qoşulmaq imkanı yaranmışdır. EUMETSAT peyk sistemi 12 spektr üzrə bulud sistemlərinin vizuallaşmasını təmin edir.Roshidrometin UniMASS-Məlumatların Kommutasiya Mərkəzi vasitəsi ilə informasiya mübadiləsini həyata keçirir, onun vasitəsilə ECMWF RUMS proqnostik xəritələri əldə olunur. Proqnozların hazırlanmasında ECMWF-in EPS meteoqramlarının (Ansambl metodu) nəticələrindən də istifadə olunur.
Gündəlik müşahidə olunan hava şəraiti haqqında məlumat, gözlənilən hava proqnozları, eyni zamanda çaylarda müşahidə olunan daşqın, sel və faktiki sululuq haqqında məlumatlar mütəmadi olaraq Xidmətin (www.meteo.az), Nazirliyin veb səhifələrində (www.eco.gov.az) yerləşdirilir. Respublikanın bölgələri və Bakı və Abşeron yarımadası üzrə 2 və 3 günlük hava proqnozu, hava şəraitinin kəskin dəyişməsi və çaylarda gözlənilən qsamüddətli daşqın və sel hadisələri ilə bağlı xəbərdarlıqlar dövlət qurumlarına, müvafiq təşkilatlara və xüsusən də Fövqəladə Hallar Nazirliyinə faks və elektron poçt vasitəsilə göndərilir. Eyni zamanda Xidmətin mütəxəssisləri tərəfindən mütəmadi olaraq KİV-lərə faktiki və gözlənilən vəziyyətlə əlaqədar müsahibələr verilir.