Respublika çaylarında ən müasir avtomat hidroloji stansiyalar istismara verilib.
2020-ci il iyulun 27-də ölkə Prezidentinin Sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nın icrası ilə bağlı hidroloji şəbəkənin modernləşdirilməsi və müşahidələrin keyfiyyətinin artırılması məqsədilə 2021-ci ildə Dövlət investisiya hesabına sensorlarla təchiz edilmiş ölkənin əsas çaylarında 17 (Kür çayı üzərində 6, Araz çayı üzərində 3, Qanıx, Qabırrı, Ağstafaçay, Şəmkirçay, Tərtərçay, Qusarçay, Viləşçay və Lənkərançay), Avropa İttifaqının Su Təşəbbüsü layihəsi çərçivəsində 6 (Əsrikçay, Zəyəmçay, Gəncəçay, Kürəkçay, Katexçay və Əyriçay) müasir avtomat hidroloji stansiyalar quraşdırılmışdır.
İşğaldan azad olunmuş ərazilərdə müşahidələrin bərpası üçün 2022-ci ildən başlayaraq ilkin mərhələdə 10 çayda (Tərtərçay, Tutqunçay, Köndələnçay, Quruçay, Həkəriçay, Zabuxçay, Bərgüşadçay, Oxçuçay, Bəsitçat, Araz) olmaqla 11 müasir avtomat hidroloji stansiyalar quraşdırılmışdır.
Böyük Qafqazın ərazisindən axan Əlicançay, Türyançay, Qarasuçay, Qaraçay, Vəlvələçay və Qudyalçay çayları üzərində daha 6 avtomat hidroloji stansiya quraşdırılmışdır.
Avtomat stansiyaların lazımi standartlara uyğun fəaliyyətini təmin etmək üçün mütəxəssislərimiz tərəfindən də hərtərəfli hazırlıq işləri aparılmışdır. Bunlardan, hər bir məntəqədə müvafiq metodologiyaya uyğun olaraq, nazirliyin Kartoqrafiya və Geodeziya MMC-si tərəfindən topoqrafik işlər görülmüş, reperlər qurulmuş, məntəqənin səviyyə sistemi qlobal şəbəkəyə uyğunlaşdırılmışdır.
Eyni zamanda aparıcı hidroloqlar tərəfindən çayların en kəsiyinin profiləri çıxarılaraq cihazların idarəetmə sisteminə daxil edilməklə avtomat stansiyaların yerli şəraitə uyğunlaşdırılması təmin edilir. Bu isə inkişaf etmiş ölkələrdə aparıcı təcrübəyə əsasən çayların sululuğunun dəqiq uçotunun aparılmasına və sudan səmərəli istifadəyə zəmin yaradır.
Avtomat stansiyalardan fasiləsiz daxil olan informasiya Milli Hidrometeorologiya Xidmətinin Situasiya mərkəzində serverə daxil edilir və monitorda xəritə üzərində daimi vizuallaşır.
Avtomat stansiyalar çaylarda su ehtiyatlarının vəziyyətini istənilən an qiymətləndirməklə yanaşı, təhlükə yarada bilən hidroloji hadisələrin izlənilməsi, intensivliyinin müəyyən edilməsi eyni zamanda gün ərzində çayda baş vermiş dəyişiklikləri quraşdırılmış videokamera vasitəsilə də izləmək imkanı verir.