Respublikanın meşələri
Respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14%-ni təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021min hektardır ki, bu da Respublika ərazisinin 11,8%-ni əhatə edir.
Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. Ekoloji mühitin əsas tərkib hissələrindən hesab olunan meşələr bütövlükdə birinci qrupa aid edilməklə, qlobal ekoloji problemlərdən hesab olunan iqlim dəyişmələrinin, səhralaşma proseslərinin genişlənməsinin, bioloji müxtəlifliyinin azalmasının, atmosferdə qaz balansının pozulmasının qarşısının alınmasında əvəzsiz əhəmiyyət kəsb etməklə yanaşı, Respublikamızın sosial- iqtisadi, mədəni, müdafiə sahəsindəki inkişafında da əhəmiyyətli rol oynayır.
Ərazilərin dəyişkən və mürəkkəb relyefli olması, meşə ağac və kol bitkilərinin dəniz səviyyəsindən 2000-2200 metr yüksəkliklərə qədər çatması ilə yanaşı, həm də zəngin və rəngarəng növ müxtəlifliyinin əmələ gəlməsinə səbəb olmuşdur.
Ərazilərin dəyişkən və mürəkkəb relyefli olması, meşə ağac və kol bitkilərinin dəniz səviyyəsindən 2000-2200 metr yüksəkliklərə qədər çatması ilə yanaşı, həm də zəngin və rəngarəng növ müxtəlifliyinin əmələ gəlməsinə səbəb olmuşdur.
Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanmışdır. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılmışdır. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar Respublikamızın meşələrində bitir. Bu isə Respublika florasındakı bitki növlərinin 11%-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endemik növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16%-i deməkdir.
Azərbaycan dendroflorasının belə zəngin tərkibə malik olmasına baxmayaraq, əsas meşə əmələgətirən növlər azdır. Azərbaycan meşələri əsasən enliyarpaqlı cinslərdən ibarətdir. İynəyarpaqlı meşələrdə əsas Qarmaqvari şam (Pinus Hamata) Kiçik Qafqazda, Göygöldə, Tovuz rayonu ərazisində Şamlıq və Böyük Qışlaq kəndləri ətrafı meşələrdə, Böyük Qafqazda isə Qusar rayonu meşələrində təsadüf edilir.
İynəyarpaqlı meşələrdən Eldar oyuğu adlanan 400 ha-a yaxın sahədə kserofit şəraitdə Eldar şamı (Pinus Eldarica), rütubətli fıstıq meşələrində Qaraçöhrədən (Taxus Bacaata) ibarət enliyarpaqlı cinslərə qarışıq halda və ya kiçik meşəliklər şəklində təsadüf edilir. Belə meşəliklərə Böyük Qafqazda -Qəbələ rayonunda Həmzəli qəbiristanlığında, Pirqulu və Oğuz rayonu meşələrində, Xızı, Dahardibi adlanan meşələrdə, Kiçik Qafqazda - Göygöl, Gədəbəy meşələrində, Talış dağlarında - Lerik rayonu Hamazat kəndi ətrafı meşələrdə təsadüf edilir.
İynəyarpaqlı cinslərdən ən geniş ərazidə yayılmış ardıc meşələridir. Azərbaycan meşələrində - Qazax ardıcı (Juniperus Salina), Uzunsov ardıc (C. Oblonga), Cırtdan ardıc (C. Pugmaca), Alçaqboy ardıc (C. Depressa), Qırmızı ardıc (C.Polycarpos) və s. növləri bitir. Ardıc meşələrinin ən geniş sahəsi Bozdağda, Naxçıvan meşələrindədir. Ardıcın çox da geniş olmayan sahələrdə seyrək meşələri də vardır.
Meşə ilə örtülü sahə hakim cinslərə görə təqribən aşağıdakı kimi paylanmışdır: fıstıq 32%, palıd 31,4%, vələs 22,5%, qovaq 2,7%, qızılağac 2,1%, qalan 9,3% digər cinslər (göyrüş, ağcaqayın, cökə, qarağac və s.) olduğu müəyyən edilmişdir. Meşələrin tərkibcə müxtəlif olmasına baxmayaraq, enliyarpaqlı meşələri əsasən fıstıq, palıd və vələs cinsləri əmələ gətirir. Meşə ilə örtülü ərazinin 85,9 %-i bu üç cinsin payına düşür.
Meşələrin yaş siniflərinə görə də paylanması müxtəlifdir. Belə ki, cavan meşələr meşə ilə örtülü sahənin 11,2%-ini, orta yaşlı ağaclar - 63,3%-ini, yetişməkdə olan ağaclar - 13,4%-ini, yetişmiş və yaşı ötmüş meşələr-12,1%-ini təşkil edir.
Azərbaycanın əksər meşələri (85%) yüksək dağ yamaclarında yerləşməklə torpaqqoruyucu, susaxlayıcı və iqlimtəmizləyici, sanitar-estetik və s. əhəmiyyətə malikdir. Qalan 15% düzən meşələrin payına düşür.
Meşələrin sıxlığa görə paylanması da müxtəlifdir. Respublika meşələrinin 13,7%-i aşağı (0,3-0,4), 65,2%-i orta (0,5-0,6), 18,3% normal (0,7-0,8) və 2,8%-i yüksək (0,9-1,0) sıxlıqdadır. Meşələrin ümumi orta sıxlığı - 0,56 müəyyən edilmişdir.
Bonitet sinfinə görə də meşələrin paylanması müxtəlifdir. Yüksək I-II bonitetli meşələr meşə ilə örtülü sahənin 14,9%-ini, III bonitet 42,3%-ini, IV bonitet 27,4%-ini və aşağı bonitetli V-sinfə mənsub meşələr 15,4%-ini təşkil edir. Meşələrin orta illik artımı 1,74 m3-dir. Bu artım bərk yarpaqlı (fıstıq, palıd, vələs və s.) cinslərdə 1,77 m3, yumşaq yarpaqlı (qovaq, yalanqoz, qızılağac) cinslərdə isə 2,12 m3 təşkil edir.
Meşələrimizdə 1536 cinsə aid olan 150 növ yabanı meyvə bitkiləri mövcuddur. Bu bitkilərdən min tonlarla (adi qoz, alma, armud, zoğal, alça, əzgil, fındıq, xurma, yemişan, şabalıd və s.) yabanı meyvə məhsulu vardır. Bu meyvələrdən 30%-i istismar əhəmiyyətli məhsullardır.
Qeyd olunduğu kimi Azərbaycan Respublikasının təbii coğrafi xüsusiyyətləri çox müxtəlifdir. Təbii şəraitdən və insanların tarixən apardığı təsərrüfat fəaliyyətindən asılı olaraq respublikamızın ayrı-ayrı reqionlarında müxtəlif tip meşələrə rast gəlinir.
Bu baxımdan istər dağ rayonlarında, istərsə də Kür-Araz ovalığında bitən meşələr bir-birindən çox fərqlənirlər. Əgər aran zonasında bir palıd növünə rast gəlinirsə, dağ zonasında onun 6-7 növünə təsadüf olunur. Ona görə də dağ bölgələrində meşəlik umumi ərazinin 20-60 faizini, aran zonalarında isə bu göstərici 0,5-2,0 faiz təşkil edir. Respublikada hər adam başına 0,14 hektar meşə sahəsi və 17 kub metr oduncaq düşür.
Meşələrin tərkibində bərkyarpaqlı cinslər 88 faiz, yumşaqyarpaqlılar 8,9 faiz, iynəyarpaqlılar 0,06 faiz təşkil edir. Burada meşələr müxtəlif yaş siniflərinə aid olmaqla, dağ zonalarında əsasən orta yaş 86 il, aranda isə 40-60 ildir. Oduncağın orta illik artımı Respublika üzrə 1,5 milyon kub metr olmaqla, hər hektarda oduncaq ehtiyatı orta hesabla 172 kub metr təşkil edir.
Azərbaycan meşələrinin yüksəkliklərə görə paylanmasının da özünəməxsus qanunauyğunluqları vardır. Belə ki, əksərən şimal istiqamətli dağ yamaclarında palıd-vələs meşələri üstünlük təşkil edir. Aşağı dağ qurşağında az məhsuldar palıd, qarağac, dəmirağac meşələri, orta dağ qurşağında nisbətən məhsuldar palıd-vələs meşələri, yuxarı dağ meşə qurşağında isə daha yüksək məhsuldar palıd-vələs meşələri mövcuddur. Meşə qurşağının subalp qurşaqla qovuşduğu ərazidə az məhsuldar tozağacı və alçaq boylu əyri gövdəli fıstıq meşələrinə təsadüf edilir. Belə qanunauyğunluqların Talış, Böyük və Kiçik Qafqaz dağlarında özünəməxsusluğu vardır.
Meşələrin İnkişafı Xidmətinin tabeliyində fəaliyyət göstərən Mərkəzlər tərəfindən 2001-2018-ci illərdə tinglik sahəsinin yaradılması məqsədilə 2947 ton toxum tədarük edilmiş və 521 milyon ədəd ting yetişdirilmişdir. Qeyd edilən dövr ərzində 175009 ha ərazidə meşəbərpa tədbirləri həyata keçirilmişdir ki, bundan 58585 ha sahədə meşə əkini və aqrobağlar təşkil etmişdir. Bu məqsədlə 108146,86 min ədəd müxtəlif meşə və meyvə cinslərindən ibarət ağaclar əkilmişdir.
Həmçinin, baramaçılığın inkişafına kömək məqsədilə, tut bağları sahələrinin artırılması əlaqədar 2016- 2018-ci illərdə 1673827 ədəd tut tingləri yetişdirilərək, Rayon İcra Hakimiyyətlərinə verilmişdir.
Keçmiş SSRİ dövründə respublika meşələrində xidməti qırmalarla yanaşı, baş qırmalar (meşəbərpa , sənaye qırmaları) 300-350 min kub metr yararlı oduncaq (o, cümlədən 60-70 min kub metr işlik) istehsal olunaraq satılırdı.
Sonralar bu qırıntılar ilbəil azaldılaraq 100-120 min kub metrədək aşağı endirilmiş və 1991-ci ildən baş qırıntılar tamamilə dayandırılmış və Azərbaycan meşələrinin iqlimtənzimləyici, susaxlayıcı, torpaqqoruyucu, sanitar-estetik və digər faydalı funksiyaları nəzərə alınaraq I qrupa aid edilmişdir.
Bundan sonra meşələrdə yalnız xidməti və sanitar qırmaları aparılmış, tör-töküntü də nəzərə alınmaqla 72 min kub metr yararlı oduncaq istehsal olunaraq əhalinin yanacağa olan tələbatını qismən ödəmək məqsədilə əhaliyə, kənd yerlərində yerləşən səhiyyə və təhsil müəssisələrinə satılmışdır.
Azərbaycan meşələrinin özünəməxsus meşə formasiyaları mövcuddur. Bu formasiyalar aşağıdakılardır:
1. Qarmaqvari şamdan ibarət iynəyarpaqlı meşələr
2. Ardıc seyrək meşəlikləri
3. Şərq fıstığından ibarət fıstıq meşələri
4. Palıd meşə formasiyaları
- Şabalıdyarpaq palıddan ibarət (Talış) meşələr
- Qafqaz palıdından ibarət aşağı dağ qurşağı meşələr
- Şərq palıdından ibarət yuxarı dağ qurşağı meşələr
- Uzunsaplaq palıddan ibarət düzən meşələr
- Araz palıdından ibarət az məhsuldar meşələr (Palıdın digər (qızılı palıd, qumral, kövrək palıd, boz palıd və s.) növləri ayrıca meşə formasiyası yaratmır və digər növlərin yaratdığı formasiyalarda iştirak edirlər.)
6. Dəmirağacından ibarət relikt meşə formasiyası
7. Ağcaqayın meşə formasiyası
8. Məxməri ağcaqayından ibarət meşələr
9. Tranttoveter ağcaqayından ibarət seyrək meşələr
10. Xurma meşələri
11. Qarağac meşələri
12. Adi qozdan ibarət meşələr
13. Adi şabalıddan ibarət meşələr
14. Azad ağacından ibarət meşələr
15. İpək akasiyadan ibarət meşələr
16. Yalanqozdan ibarət rütubətli meşələr Qızılağac meşələri
17. Tozağacı meşələri Qovaq meşələri
18. Kür-Araz sahilləri boyunca formalaşan Tuqay meşələ
Meşə formasiyalarının ayrılıqda mövcud arealı və növ tərkibi vardır.
Meşələrimizdə arıçılığın inkişafı üçün də əlverişli şərait vardır. Hazırda meşə müəssisələrində 700-ə yaxın arı ailəsi saxlanılır. Arılar meşə bitkilərinin tozlanmasına köməklik edir, bol toxum məhsullarının alınmasına şərait yaradır və əlavə bal məhsulu alınmasını təmin edir.