Ekoloji siyasətin əsas istiqamətləri
Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin, xüsusən sənayenin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Ekoloji tarazlığın qorunub saxlanılması, təbii ehtiyatlardan səmərəli istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi qlobal problemə çevrilmişdir.
Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Azərbaycan Respublikasının ekoloji siyasətinin əsas mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə dayanıqlı inkişafın təmin edilməsi, ətraf mühitə minimal zərərli təsir, onun ilkin vəziyyətinin bərpası və qorunmasından ibarətdir.
Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə istiqamətində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral-xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” və digər proqramlar çərçivəsində tədbirlər həyata keçirilir.
Bununla yanaşı, "Azərbaycan Respublikasında meşələrin mühafizəsi və davamlı inkişafına dair 2022-2030-cu illər üçün Dövlət Proqramı”nın və “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın layihələri hazırlanır.
Eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində, hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə addımlar atılır.
“Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” Qərarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli, 308 nömrəli Qərarı qəbul edilmişdir. Bu sənədin təsdiqi ilə ödəmə normativləri dövrün tələblərinə uyğun təkmilləşdirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli Qərarı ilə “Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları” təsdiq edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli Qərarı ilə “Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları” təsdiq edilmişdir.
Ölkə üzrə bərk məişət tullantılarının idarə edilməsi sisteminin müasir standartlara uyğun təşkili, müvafiq infrastrukturun yaradılması məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 noyabr tarixli 675s nömrəli Sərəncamı ilə “İşğaldan azad edilmiş ərazilər daxil olmaqla, ölkə üzrə bərk məişət tullantılarının idarə edilməsi ilə əlaqədar Komissiya” yaradılmışdır.
Təmiz ekoloji mühitin yaradılması istiqamətində su ehtiyatlarından səmərəli istifadə, Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi, tullantıların idarə olunması, iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması, müşahidə və monitorinq sistemlərinin modernləşdirilməsi, atmosfer havasının mühafizəsi, biomüxtəlifliyin qorunması, ekoturizmin və akvakulturanın inkişafı, meşə örtüyünün, yaşıllıqların mühafizəsi və artırılması, çirklənmiş ərazilərin bərpası, torpaq ehtiyatlarının münbitliyinin artırılması, mineral-xammal bazasının genişləndirilməsi və təbii sərvətlərdən səmərəli istifadə, ekoloji təfəkkürün artırılması əsas prioritet istiqamətlərdəndir.
2023-2025-ci illər üçün ekoloji siyasətin əsas istiqamətləri üzrə həyata keçiriləcək tədbirlər:
- tullantıların, o cümlədən polietilen və plastik qablaşdırma materiallarının idarə olunmasında mütərəqqi üsullardan istifadə, istehsalçıların genişləndirilmiş məsuliyyəti prinsipinin tətbiqi;
- tullanrıların uçotu sisteminin təkmilləşdirilməsi, tullantıların idarə edilməsi ilə bağlı maddi-texniki bazanın və infrastrukturun müasirləşdirilməsi;
- faydalı qazıntıların hasilatı prosesində müvafiq qanunvericiliyin tələblərinin icrasına nəzarətin gücləndirilməsi;
- BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün aidiyyəti dövlət qurumları tərəfindən istilik effekti yaradan qaz tullantılarının azaldılması üzrə tədbirlərin görülməsi;
- atmosfer havasının mühafizəsi, o cümlədən avtomobil parkının yenilənməsi və ekoloji təmiz nəqliyyatdan istifadənin genişləndirilməsi, yaşıllıqların artırılması və mühafizəsi;
- iqtisadiyyatın bütün sahələrinin inkişafı prosesində ətraf mühitin mühafizəsi tələblərinin ön plana çəkilməsi;
- biomüxtəlifliyin mühafizəsi və xüsusi mühafizə olunan təbiət ərazilərinin infrastrukturunun inkişafı;
- ekoturizmin inkişafı;
- istehsal müəssisələrində aztullantılı və tullantısız qabaqcıl ekoloji dost texnologiyalarından istifadənin genişləndirilməsi;
- “Yaşıl iqtisadiyyat”ın inkişafı, xüsusilə kiçik və orta müəssisələrin fəaliyyətinin yaşıllaşdırılması;
- suların dövlət uçotunun təkmilləşdirilməsi;
- yerin təkindən istifadənin norma və qaydalarının təkmilləşdirilməsi, hüquqi bazanın möhkəmləndirilməsi;
- ekoloji standartların beynəlxalq tələblərə uyğunlaşdırılması və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi;
- lay sularının ərazidən kənarlaşdıraraq idarə olunması, neft şlamlarının zərərsizləşdirilməsi və ya anbarlaşdırılması;
- neft məsulları və digər maddələrlə çirklənmiş ərazilərin – torpaqların, göl və gölməçələrin bərpası;
- meşə sahələri barədə məlumatların dəqiqləşdirilməsi, meşə quruluşu (inventarizasiya) işlərinin aparılması;
- meşə ilə örtülü sahələrin miqyasının artırılması, o cümlədən aqromeşə massivlərinin salınması;
- enerji səmərəliliyinin təmin olunması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi;
- su ehtiyatlarından səmərəli istifadə, itkilərin azaldılması, alternativ su mənbələrindən, o cümlədən təmizlənmiş tullantı sularından təkrar istifadə;
- mineral xammala tələbatın yerli ehtiyatlar hesabına ödənilməsi məqsədi ilə geoloji axtarış və axtarış-qiymətləndirmə işlərinin genişləndirilməsi;
- mineral və termal su ehtiyatlarının potensialından səmərəli istifadə olunması;
- şirin su və dəniz əmtəə akvakulturasının inkişafı;
- təhlükəli hidrometeoroloji hadisələrin erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi, hidrometeoroloji müşahidə və monitorinq sisteminin modernləşdirilməsi;
- geodeziya və kartoqrafiya sahəsində strateji əhəmiyyət kəsb edən coğrafi məlumat sisteminin yaradılması;
- ekologiya sahəsində kadr potensialının gücləndirilməsi və əhalinin ekoloji maarifləndirilməsi.
Missiya
Əsas missiya insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə dayanıqlı inkişafın təmin edilməsi, ətraf mühitə minimal zərərli təsir, onun ilkin vəziyyətinin bərpası və qorunmasından ibarətdir.
Gələcəyə baxış
2025-ci il üçün strateji baxışı ölkə ərazisində ətraf mühitlə bağlı mövcud problemlərin həll olunması ilə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühit komponentlərinin mühafizə edilməsi, əhalinin təbii ekoloji mühitdə yaşamaq hüququnun təmin edilməsi və təbii sərvətlərdən səmərəli istifadə olunmasına nail olmaqdır.
Ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının müasir üsullarla idarə edilməsi, indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların istifadəsi, insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin, xüsusilə biomüxtəlifliyin qorunub saxlanılması vəzifə olaraq qarşıya qoyulmuşdur.
Qısamüddətli və ortamüddətli iqtisadi, ekoloji və sosial nəticələr və ehtimal edilən fəsadlar nəzərə alınmaqla qərarların qəbul edilməsi və bu prosesdə alternativ variantların nəzərə alınması, ətraf mühit sahəsində qərarlar hazırlanarkən bütün maraqlı tərəflərin cəlb edilməsi, ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması əsas prinsiplər kimi qəbul edilmişdir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi və effektiv idarə olunmasına nail olmaq, ekoturizmi inkişaf etdirərək ölkəyə turist axınını stimullaşdırmaq, nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin mühafizəsi və gələcək nəsillərə çatdırılması əsas məqsədlərdən hesab olunur.
Ölkə əhalisinin təhlükəsiz balıq mənşəli məhsullara tələbatının əsasən yerli məhsullar hesabına ödənilməsi, ixrac imkanlarının yaranması, balıqçılıq üzrə idarəetmə sisteminin təkmilləşdirilməsi, su və torpaq resurslarının daha səmərəli istifadəsinin təmin edilməsi, balıq yemi istehsalının və balıq emalı sənayesinin inkişaf etdirilməsi, kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün balıqçılığın inkişafının stimullaşdırılması və davamlı fəaliyyətinə nail olmaq nəzərdə tutulur.
Su ehtiyatlarının səmərəli idarə olunması, sudan qənaətlə istifadə edilməsi, itkilərin miniumuma endirilməsi, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması qarşıya qoyulmuş əsas hədəflərdəndir.
Ölkədə əhalinin, onun əmlakının və iqtisadiyyatın ayrı-ayrı sahələrinin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsi, təhlükəli hava hadisələri və iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması, ətraf mühitin vəziyyətinin monitorinqinin müasir üsullarla aparılması və ekoloji vəziyyətlə bağlı dəqiq məlumatların əldə olunması istiqamətində tədbirlərin əhəmiyyətinin artırılması qarşıya məqsəd kimi qoyulmuşdur.
Ətraf mühitin çirklənmə səviyyəsinin kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi və bununla bağlı operativ tədbirlərin görülməsi ətraf mühitin mühafizəsində əsas amildir. Bununla bağlı bütün ölkə boyu ətraf mühit komponentlərinin çirklənmə vəziyyəti üzərində daimi monitorinq nəzarəti sisteminin qurulması məqsədilə regionlarda ekoloji laboratoriyalar yaradılır.
Yeni meşələrin salınması, ağackəsmə hallarının aradan qaldırılması, meşə resurslarından səmərəli istifadə etməklə yerli əhalinin meşə və ərzaq məhsullarına olan tələbatının ödənilməsi, yeni iş yerlərinin açılması, sahibkarlara əlverişli şəraitin yaradılması və investisiyaların cəlb olunması məqsədilə meşə fondu torpaqlarında aqromeşə massivlərinin yaradılması, torpaqların kənd təsərrüfatı məqsədli və turizm fəaliyyəti ilə bağlı icarəyə verilməsi nəzərdə tutulur.
Strateji əhəmiyyətli mineral-xammal növlərinin müəyyənləşdirilməsi, geoloji-axtarış prosedurlarının təkmilləşdirilməsi sayəsində onların ehtiyatlarının artırılmasına nail olunacaq və eləcə də, respublika ərazisində bu günə qədər qiymətləndirilmiş strateji xammal ehtiyatlarının səmərəli istifadə perspektivləri müəyyənləşdiriləcəkdir.
Bərpa olunmayan mineral-xammal ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə mövcud ehtiyatların BMT çərçivə təsnifatına uyğun olaraq yenidən geoloji-iqtisadi qiymətləndirilməsi mühüm addım olacaqdır. Bərpa olunan mineral-xammal ehtiyatlarının kortəbii istismarının ətraf mühitə kifayət dərəcədə mənfi təsir göstərdiyi hallarda isə həmin xammal üzrə qalıq ehtiyatların geoloji təftişi, alternatıv xammal mənbələrinin müəyyənləşdirilməsi və axtarışı ön plana çəkiləcəkdir.
Qarabağ və onun ətrafındakı rayonların uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazilərdə bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulmuş, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, əhalinin sudan qəsdən məhrum edilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulmuşdur.
Vətən müharibəsində ölkəmizin qazandığı qələbə sayəsində işğaldan azad edilmiş ərazilərimizin bərpası işləri çərçivəsində bu ərazilərdə təbii ehtiyatların və ətraf mühitin mövcud vəziyyəti araşdırılacaq, məhv edilmiş ekosistemlərin bərpası üzrə proqramlar icra ediləcək, üzərində nəzarət bərpa edilmiş təbii resursların ölkə iqtisadiyyatına reinteqrasiyası sahəsində aidiyyəti üzrə tədbirlər icra ediləcəkdir.
2019-2022-ci illər üçün ekoloji siyasətin əsas istiqamətləri və hər bir istiqamət üzrə həyata keçiriləcək tədbirlər
372.27 KB
Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər
275.76 KB