Milli Geoloji Kəşfiyyat Xidmətinin mineral-xammal siyasəti sahəsində əsas funksiyası respublika iqtisadiyyatının tələbatını kəmiyyət və keyfiyyət baxımından ödəyə biləcək mineral-xammal bazasının genişləndirilməsi və səmərəli istifadəsi məqsədi ilə sistemləşdirilmiş (geoloji, regional geoloji, hidrogeoloji, mühəndis-geoloji planaalma, geokimyəvi, geoekoloji və s.) geoloji axtarış, axtarış-qiymətləndirmə, monitorinq işlərinin aparılmasından və təbii mühitdə baş verə biləcək fövqəladə təbiət hadisələrinin öyrənilməsi, proqnozlaşdırılması, ətraf mühitin mühafizəsi tədbirlərinin müəyyənləşdirilməsindən ibarətdir.
“Yerin təki haqqında Azərbaycan Respublikası Qanunu”nun 28-ci maddəsində (Yer təkinin dövlət geoloji öyrənilməsi) qeyd olunur ki; “Azərbaycan Respublikasının mineral-xammal bazasının genişləndirilməsi və möhkəmləndirilməsini təmin etmək məqsədilə müntəzəm olaraq onun ərazisində yer təkinin dövlət geoloji öyrənilməsi həyata keçirilir. Dövlət geoloji öyrənilməsinin və xəritəalma işlərinin aparılması, faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı, yerin təkində baş vermiş proseslərin proqnozlaşdırlması, mineral-xammal bazası haqqında informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanılması və digər işlərin həyata keçirilməsindən ibarətdir”.
Bu strateji funksiyalar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 1941 saylı Sərancamı ilə təsdiq edilmiş “Yer təkinin geoloji öyrənilməsinə və mineral-xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə “Tədbirlər Planı”na və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlanması nəzərdə tutulan “2022-2026-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinə uyğun həyata keçirilir.
Məlumdur ki, hal-hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən səmərəli istifadə etməklə onların sürətli inkişafının təmin edilməsi “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin 07 iyul 2021-ci il tarixli Fərmanı əsasında davam etdirilir.
Milli Geoloji Kəşfiyyat Xidməti - Regional geoloji tədqiqatların mühüm nəticəsi respublika ərazisinin elmi cəhətdən əsaslandırılmış metallogenik rayonlaşdırılmasının həyata keçirilməsi, ayrılmış struktur formasiya zona və yarımzonalar çərçivəsində prioritet faydalı qazıntıların və onların başlıca sənaye tipli yataqlarının müəyyən edilməsidir. Tərtib edilmiş müxtəlif profilli geoloji xəritələr perspektivli planlaşdırmanın, proqnozlaşdırmanın və faydalı qazıntı yataqlarının axtarışının elmi-praktiki əsası rolunu oynayır.
Geoloji tədqiqatların aparılması yer təkinin geoloji, geofiziki, hidrogeoloji, mühəndis-geoloji, geokimyəvi, geoekoloji, geodinamik şəraitinin öyrənilməsinə, strateji və yaxud ənənəvi növ faydalı qazıntı yataqlarının axtarışı üçün perspektiv sahələrin müəyyənləşdirilməsinə xidmət edir.