Geologiya

Hidrogeoloji və mühəndis-geoloji  tədqiqatlar

                                            1:200000 miqyaslı hidrogeoloji planalma

Hidrogeoloji işlərin əsasını təşkil edən 1:200000 miqyaslı planalma işləri respublika ərazisinin göstərilən miqyaslı vərəqlərinin 18-də başa çatdırılmış, 2019-cu ilin sonunda 2440km2 sahədə işlər yekunlaşdırılacaqdır. Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonları və Naxçıvan MR-nın əraziləri istisna olmaqla 2020-2024-cü illər ərzində Lənkəran dağətəyi düzənliyinin ərazisində işlərin aparılması ilə Respublika ərazisinin 1:200000 miqyaslı hidrogeoloji planalma işləri ilə tam örtülməsi nəzərdə tutulur.

 

Yeraltı şirin sular 

Respublikanın kənd təsərrüfatında və əhalinin su təchizatında mövcud olan problemləri qismən aradan qaldırmaq məqsədi ilə hidrogeoloji tədqiqatlar əsasən yeraltı suların ehtiyatlarının müəyyənləşdirilməsinə və onlardan istifadə imkanlarının araşdırılmasına yönəldilmişdir.

Respublikanın müxtəlif regionlarında yeraltı sulardan istifadə məqsədi ilə 15 mindən çox su-istismar quyusu qazılmışdır.

Faydalı qazıntı ehtiyatlarının Dövlət balansında 65 şirin su yatağı qeydə alınıb.

Su təchizatında çətinliyi olan rayonlarda bu istiqamətdə hidrogeoloji tədqiqat işlərinin genişləndirilməsi 2020-2024-cü illərdə əsas məqsəd kimi qəbul edilmişdir.

 

Mineral sular

Respublika ərazisində 29 mineral su yatağı qeydə alınmışdır. Mineral sular əsasən Abşeronda Suraxanı, Mərdəkan, Bilgəh, Pirsağı, Buzovna, Çuxuryurd, Çaqan, İlisu, Turşsu, Tutğun, İstisu, Minkənd, Meşəsu, İbadsu, Badamlı, Sirab, Sirabçay-Qabaqçay, Vayxır, Darıdağ sahələrində aşkarlanmışdır.


Termal və sənaye suları

Keçən əsrin 60-cı illərindən yer təkinin istilik enerjisindən müxtəlif sahələrində istifadə edilməsinin mümkünlüyünün və istiqamətlərinin müəyyən edilməsi məqsədilə yer təkinin istilik enerjisinin əsas daşıyıcıları olan yeraltı termal suların yayılması və digər xüsusiyyətlərinin öyrənilməsi üçün Azərbaycan Respublikası ərazisinin Lənkəran dağəyəti düzənliyi və Kür çökəkliyinin mərkəzi hissəsində, 80-ci illərin əvvəllərindən Xəzəryanı-Quba rayonunun Yalama-Xaçmaz sahələrində və Kür çökəkliyinin cənub-qərb cinahının hüdudlarında termal sulara axtarış və öncədən kəşfiyyat işlərinin başlanması ilə bu sulara aparılan axtarış və kəşfiyyat işləri genişlənmiş, nəticədə bir sıra sahələr üzrə termal suların istismar ehtiyatları hesablanmışdır.

Respublikamızda termal su ehtiyatları 25,375 min m3/gün həcmində qeydə alınmışdır. Tərkibində mikroelementlərdən J-0,34-3,0mq/l, Br – 3,09-21,8 mq/l, B2O3 – 8,79-16,4 mq/l miqdarında olan, yüksək müalicə xüsusiyyətlərinə malik olan bu termo-mineral su ehtiyatları termal enerji və müalicə məqsədləri üçün istifadə oluna bilər.

 

Geokimyəvi tədqiqat işləri

Bakı şəhərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin su təchizatını həll etmək məqsədi ilə Samur-Qusarçay düzənliyində yeraltı suların dəqiq kəşfiyyatı aparılmış, 1686,1 min m3/gün həcmində ehtiyatları təsdiq edilmiş və 9m3/san miqdarında suyun götürülməsinin mümkünlüyü müəyyən edilmişdir.

Bakı və Sumqayıt şəhərlərinin və Abşeron yarımadasında yaşayan əhalinin içməli su təchizatı mənbəyi kimi Qanıx-Əyriçay vadisində, Oğuz və Qəbələ rayonları ərazisində hidrogeoloji tədqiqatlar aparılmış, suların ehtiyatları 5,0 m3/san həcmində hesablanmış və təsdiq olunmuşdur. Həmin su ehtiyatlarından hazırda Bakı şəhəri və digər yaşayış məntəqələrinin su təchizatında geniş istifadə olunmaqdadır.

Respublikanın müxtəlif regionlarında yeraltı sulardan istifadə məqsədi ilə 15 mindən çox su-istismar quyusu qazılmışdır. 65 şirin su yatağı aşkarlanmışdır ki, bunların da ehtiyatı 5069,75 min m3/gün təşkil edir.