Geologiya

Geoekoloji tədqiqat işləri
Yeraltı suların monitorinqi
 
Yeraltı suların monitorinqi üzrə tədqiqatlar Respublika ərazisinin, əsasən düzənlik və dağətəyi sahələrini əhatə edir. İşlərin bir sıra növləri, o cümlədən, yeraltı suların çirklənməsinin öyrənilməsi Respublikanın bütün ərazisini əhatə edir.

Yeraltı suların hidrodinamik və hidrokimyəvi rejimləri təbii və texnogen amillərin təsirindən formalaşır. Böyük və Kiçik Qafqazın dağətəyi düzənliklərinin hipsometrik baxımdan yüksəklik ərazilərində və Kür-Araz düzənliklərinin əsas qış otlaqlarının yerləşdiyi ərazilərdə yeraltı suların hidrodinamiki rejiminin formalaşmasında təbii amillərin rolu ön planda durur. Respublikanın mərkəzinə doğru Kür və Araz çayları istiqamətində, habelə Xəzər dənizi istiqamətində təbii amillərin rolu tədricən zəifləyir və yeraltı suların formalaşmasında texnogen (xüsusilə də suvarmanın) amillərin rolu artır.

Respublikanın xalq təsərrüfatında mühüm əhəmiyyətə malik aşağıdakı işlər yerinə yetirilmişdir:
  • rejim müşahidə şəbəkəsi üzrə yeraltı suların səviyyəsi, temperaturu, sərfi və kimyəvi tərkibi öyrənilmiş, rejim müşahidələrinin nəticələri rejimi formalaşdıran amillərin çoxillik nəticələri ilə müqayisəli şəkildə araşdırılmış və sistemləşdirilmişdir;
  • mərkəzləşdirilmiş və qrup yeraltı sugötürücülərin təsir zonasında yeraltı suların istismarı ehtiyatlarının dəyişmə dinamikasının mövcud vəziyyəti, kimyəvi tərkibi və çirklənmə dərəcəsi öyrənilmişdir;
  • sənaye, kənd təsərrüfatı və digər obyektlərin təsir dairəsində yeraltı suların çirklənmə dərəcəsi, amilləri və mənbəyi müəyyən edilmişdir;
  • yeraltı suların geokimyəvi, geodinamik şəraitdə baş verən dəyişikliklər əsasında olayların inkişafının proqnozlaşdırılması və zərərli təsirlərin qarşısının alınması üzrə müvafiq təkliflərin hazırlanması üçün məlumatlar toplanmışdır;
  • suların sahələrdə ümumi su və yeraltı suların su-duz balansını tənzimləmək məqsədi ilə təkliflərin əsaslandırılması üçün mövsümü dəyişmə qanunauyğunluqları müəyyən edilmişdir;
  • təbii və süni amillərin təsiri altında qrunt və təzyiqli suların qarşılıqlı əlaqəsi öyrənilmişdir;
  • mövcud bölgəsəl və xüsusi şəbəkələr sistemi təkmilləşdirilmişdir;
  • Kür çayının aşağı axarlarında və onun ətrafında yaranmış mənfi ekoloji olayların araşdırılması məqsədi ilə yeraltı suların hidrodinamik və hidrokimyəvi göstəriciləri müəyyənləşdirilmişdir;
  • Yeraltı suların kimyəvi tərkibinin öyrənilməsi məqsədi ilə müşahidə məntəqələrindən su nümunələri götürülmüşdür.
Yeraltı sular üzərində monitorinq işlərinin aparılması və dəyişikliklərin elmi əsaslandırılması və proqnozlaşdırılması gələcəkdə baş verə biləcək hər hansı mənfi fəsadların qarşısının alınması üçün material bazasının yaradılmasını tələb edir. Yeraltı sular üzərində aparılmış müşahidələrdən alınan nəticələr və həmin nəticələrin xalq təsərrüfatının inkişafında vacibliyini nəzərə alaraq monitorinq işlərinin davamlılığının təmin edilməsi məqsədəuyğundur.

İşlərin keyfiyyətinin artırılması məqsədilə gələcəkdə məlumatlartın monitorinq quyularından avtomatlaşdırılmış rejimdə qəbul edilməsi istiqamətində işlərin aparılması üçün tədbirlər planı hazırlanır.
2020-2024-cü illərdə Azərbaycan Respublikası ərazisində suların monitorinqinin aparılması işlərinin davam etilməsi məqsədi ilə 378 müşahidə məntəqəsində  rejim müşahidə işlərinin davam etdirilməsi, sıradan çıxmış müşahidə quyularında təmir-bərpa işlərinin aparılması gündəmdə qalır.

Termal suların monitorinqi
2020-2024-cü illərdə Respublika ərazilərində olan termal suların monitorinqi, resursların dəyərləndirilməsi və termal suların sənayedə alternativ enerji mənbəyi və yaxud müalicə məqsədləri üçün istifadə perspektivlərinin araşdırılması üzrə çöl monitorinq və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi istiqamətində işlər aparılır. Hazırda Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonları ərazilərində termal-mineral suların monitorinqi davam etdirilir.

Digər geoekoloji tədqiqat işləri
Ekoloji təhlükə yaranan ərazilərdə geoloji, geoekoloji, hidrogeoloji, mühəndisi-geoloji, geofiziki tədqiqatların aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin, İqtisadiyyat və Fövqəladə Hallar Nazirliyinin və digər təşkilatlarının sifarişləri əsasında yerinə yetiriləcəkdir.

Ekzogen geoloji proseslərin öyrənilməsi
Azərbaycan Respublikası ərazisində ekzogen geoloji proseslərin öyrənilməsi, tədqiqi və monitorinqi işlərinin mütəmadi olaraq davam etdirilməsi zərurətdir. Belə ki, mövcud monitorinq şəbəkəsinə daxil edilmiş sahələrdə ekzogen geoloji proseslər üzərində müşahidələr davam etdirilir, yeni ekzogen geoloji proses təzahürlərinin öyrənilməsi məqsədi ilə yoxlama-müayinə işləri aparılacaq, ekzogen geoloji proseslərin vəziyyəti haqqında arayış və hesabatlar tərtib olunaraq aidiyyəti dövlət orqanlarına çatdırılır.
 
Tematik tədqiqat işləri
Faydalı qazıntı yataqlarının geologiyası və proqnozlaşdırılması elmi-tədqiqat mövzusu kimi mütəmadi  olaraq respublika ərazisində mövcud olan ənənəvi və eləcə də mütərəqqi metodlarla aşkarlanması mümkün olan qeyri-ənənəvi faydalı qazıntı yataqlarının geoloji, geofiziki, geokimyəvi, struktur, metallogenik və s. meyarlarının tədqiqinə istiqamətlənir. Bu xüsusda, 2020-2024-cü illərdə respublikanın sənaye sahələrinin tələbatı çərçivəsində aşkarlanması zəruri olan faydalı qazıntı yataqlarının axtarışı üçün müvafiq elmi-tədqiqat işləri davam etdirilir.

Sənayedə istifadə olunmayan mineral-xammal ehtiyatları və resurslarının təhlili, qiymətləndirilməsi məqsədi ilə texniki-iqtisadi tədqiqatların aparılması xüsusi önəm daşıyır və elmi-tədqiqat mövzusu kimi mütəmadi olaraq davam etdirilməlidir.

“Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq faydalı qazıntı yataqlarının reyestrinin aparılması, yataq və təzahürin yerləşdiyi sahələrin dəqiqləşdirilməsinin həyata keçirilməsi istiqamətində işlər aparılır.

Geoloji informasiyalardan səmərəli istifadənin təşkili, toplanılmış məlumatların təhlilinin sürətləndirilməsi və asanlaşdırılması məqsədilə elektron informasiya bazası hazırlanır.
 
Azərbaycanın faydalı qazıntıları
Son illərdə iqtisadiyyatın dinamik inkişafı ilə əlaqədar, xüsusilə tikinti sektorunun xammala olan tələbatını ödəmək məqsədilə geoloji-axtarış və geoloji-kəşfiyyat işlərinin miqyası genişləndirilmişdir. Eyni zamanda “qara” və “əlvan” (o cümlədən nəcib) metal filizlərinin istifadəsinə bağlanan metallurgiya sənayesinin “sənaye xammalları” qrupuna aid olan ehtiyat və resursların istifadəsi ilə bağlı kimya sənayesinin və eləcə də tikinti sektorunun tələbatını ödəmək məqsədilə yataqların kəşfiyyatı, istismara cəlb olunması, işlənilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və dağ-mədən sənayesinin inkişafı istiqamətlərində mühüm tədbirlər görülməkdədir.

Həyata keçirilən geoloji axtarış-kəşfiyyat işləri nəticəsində Azərbaycanda 1000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınmışdır. Bu yataqlardan 850-si qeyri-filiz və inşaat, 52-si filiz, 107-si isə yeraltı şirin, termal və mineral su yataqlarıdır.

Onların içərisində qızıl, mis, qurğuşun-sink filizləri və tikinti materialları yataqları xüsusi yer tutur. Köhnəmədən kontrakt sahəsində yerləşən nəhəng Filizçay qrupu yataqlarının (Filizçay, Katex, Kasdağ, Saqator, Mazımçay, Kasmala, Cixix) yaxın gələcəkdə istsimara cəlb olunması ölkə sənayesinin inkişafında mühüm rol oynayacaqdır.

Azərbaycan Respublikasının Faydalı Qazıntı Ehtiyatlarının Dövlət balansında 3 dəmir filizi, 2 kobalt, 3 molibden, 8 mis, 5 qurğuşun-sink, 1 alüminium xammalı, 2 civə, 9 qızıl, o cümlədən, 5 məxsusi və 4 kompleks filizlər, 2 barit, 15 gips, anhidrit, gəc, 3 keramika xammalı, 2 dolomit, 1 seolit, 3 bentonit gili, 2 kvarsit, 4 xörək duzu, 3 mineral boya, 1 soda istehsalı üçün əhəngdaşı xammalı, 5 şüşə xammalı (kvars qumu), 9 bəzək daşlar, 59 mişar daşına yararlı xammal (əhənddaşı, tuf, qum daşı, travertin), 22 üzlük daşı, 9 tikinti daşı, 76 qum-çınqıl, 17 tikinti qumu, 101 kərpic istehsalı üçün yararlı gil xammalı, 16 sement xammalı (4 əhəngdaşı, 4 vulkan külü, 3 trass, 2 pemza, perlit, 3 bitumlu süxurlar, 18 əhəng xammalı, 65 şirin su), 29 mineral su, 6 termal və sənaye suları yataqlarının  ehtiyatları qeydə alınmışdır.

Hal-hazırda bu yataqların böyük əksəriyyətində istismar işləri həyata keçirilir. Son zamanlar Daşkəsən (Çovdar ) və Gədəbəy rayonları ərazisində qızıl və misin çıxarılması və emalı üzrə dağ-mədən müəssisələri fəaliyyət göstərir, Daşkəsən dəmir filizi kombinatı öz işini bərpa edib. Respublikanın müxtəlif rayonlarında yerləşən 42 qum-çınqıl, 18 əhəngdaşı (mişar, üzlük daşları), 2 mərmərləşmiş əhəng daşı, 2 gips, 2 vulkan külü, 4 kvars qumu, 2 dolomit, 15 gil, 5 tikinti qumu, yeraltı şirin su və xörək duzu yataqlarında istismar işləri həyata keçirilir.

Bütün yataqlar barədə məlumatlar Geoloji İnformasiya Fondunda saxlanılır.