Azərbaycan Geologiya Muzeyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Geologiya Muzeyində ölkənin bütün bölgələrindən toplanmış 5 000-dən çox dağ süxuru, mineral və kristal nümunələri qorunur.
Geologiya Muzeyi 1969-cu ildə görkəmli geoloq İvan Sitkovskinin şəxsi kolleksiyası əsasında Azərbaycan Geologiya İdarəsinin nəzdində təşkil edilib. Elə həmin tarixdən ölkə geoloqlarının elmi tədqiqat işləri zamanı tapdıqları müxtəlif daşlar sistemləşdirilərək xüsusi bölmələrə yerləşdirilib. Muzeyin əsas fəaliyyət istiqaməti ölkənin mineral-xammal bazasını səciyyələndirən süxur, mineral və filiz nümunələrinin ümumi nümayişə təqdim edilməsi, geoloji-kəşfiyyat işlərinin nəticələrinin və elmi-geoloji nailiyyətlərin geniş miqyasda təbliği və təşviqidir.
Çünki təmir və rekonstruksiya olunub. 2008-ci ildə cənab Prezident İlham Əliyev respublika Təbii Sərvətlər və Ekologiya Nazirliyinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Prezidentin Ehtiyat Fondundan bir milyon manat ayrılması barədə sərəncam imzalamışdı. Sərəncama uyğun aparılan işlərdən sonra muzeyin strukturu müasir tələblər səviyyəsinə uyğunlaşdırılıb. Hazırda buranın sahəsi genişləndirilərək 630 kv. metrə çatdırılıb. Muzeyə müasir baxış stendləri, zalların temperatur tənzimləyicisi qoyulub, bir çox eksponatlar bərpa edilib. Muzey əsaslı təmirdən sonra 2010-cu il dekabrın 25-də açılıb.
Muzeyin 6 bölməsi var. Regional geologiya bölməsində respublikanın ümumi geoloji quruluşu, faydalı qazıntıları haqqında məlumat verilir. Mineral-xammal bazasında Azərbaycan Respublikası ərazisindəki bərk filiz və qeyri-filiz yataqları haqqında ümumi məlumat almaq olar. Bir çox yataqlar haqqında stendlər, o yataqlardan götürülmüş filiz nümunələri xüsusi vitrinlərdə göstərilir. Petroqrafiya dağ süxurlarının tərkibini, əmələ gəlməsini, genezisini öyrənən bölmədir. Bu bölmədə Azərbaycan ərazisində yayılmış bütün dağ süxuru növləri nümayiş etdirilir. Mineralogiya bölməsində ekspozisiyanın əsasını respublikamızın ərazisindən yığılmış minerallar və kolleksiyanı mümkün qədər tamamlamaq üçün dünyanın bir çox regionlarından mübadilə yolu ilə gətirilmiş nümunələr təşkil edir. Minerallar çox olduğu üçün onlar bir sistemlə təsnifata əsasən bölünmüş vitrinlərdə yerləşdirilib. Paleontologiya bölməsində qədim dövrdən müasir dövrə qədər məhv olmuş bitki və heyvan qalıqları saxlanılır. Bütün bunlar nəvaxtsa çox qədimlərdə milyon illər bundan qabaq Paleozoy, Mezozoyda və ya bu yaxınlarda Paleogen, Neogen, Antropogendə belə özünəməxsus tərzdə hərəkət edib, qidalanıb, inkişaf edib və daşlaşıb. Fototeka bölməsində respublikanın geoloji cəhətdən maraqlı guşələrini, faydalı qazıntı yataqlarını, daş karxanalarını təsvir edən panoramlar nümayiş etdirilir.
Muzeyimizin fondunda 12 mindən çox nümunə var, lakin onlardan 6 mini nümayiş olunur. Ən qədim süxurlar Kembriyə qədərki süxurlardır və 250 milyon il yaşı var. Ən cavan yəni, müasir dövr süxurları IV dövrə aid olanlardır. Azərbaycanda Kembriyə qədərki qədim süxurlara Naxçıvan MR-də və Şəmkirdə rast gəlinir. Qalan ərazilərdə yura, təbaşir, III və IV dövr süxurları geniş yayılıb.
Burada keçmiş SSRİ-dən və demək olar ki, dünyanın hər yerindən eksponatlar var. Belə nümunələr ən çox mineralogiya, petroqrafiya bölmələrindədir. Burada Antarktidadan, Sakit okeandan, Kola yarımadasından, Uzaq Şərqdən, Afrikadan, Cənubi Amerikadan eksponatlar yer alıb. Geoloji nümunələr daimi olsa da sistematik olaraq kolleksiya tamamlanır, yeni tapıntılar olduqca muzeyə yerləşdirilir. Mis filizi, kükürd filizi kimi elə nümunələr var ki, oksidləşib sıradan çıxır. Ona görə də onlar yenilənir. Digər nümunələrin isə yenilənməsinə ehtiyac yoxdur.
Bir çox dağ süxurlarının və xüsusilə mineralların adları onları kəşf etmiş mühəndislərin və görkəmli şəxslərin şərəfinə qoyulub. Məsələn, “Hötit” adı böyük alman şairi B.Hötenin, “Obsidian” romalı zabit Obsianusun şərəfinə verilib. Muzeyin kolleksiyasında belə nadir nümunələr kifayət qədərdir.
Bir çox dağ süxurlarının və xüsusilə mineralların adları onları kəşf etmiş mühəndislərin və görkəmli şəxslərin şərəfinə qoyulub. Məsələn, “Hötit” adı böyük alman şairi B.Hötenin, “Obsidian” romalı zabit Obsianusun şərəfinə verilib. Muzeyin kolleksiyasında belə nadir nümunələr kifayət qədərdir.
Petroqrafiya və mineralogiya kolleksiyaları Azərbaycandan yığılmış nümunələrdən başqa dünyanın digər regionlarından gətirilmiş nümunələrlə tamamlanmışdır. Azərbaycan-Antarktida, Azərbaycan-Afrika (Kilimancaro) və Azərbaycan-Cənubi Amerika (Akonkaqua) ekspedisiyalarının materiallarına əsasən düzəldilmiş xüsusi stendlər və nümunələr də burada nümayiş etdirilir. Məsələn: Antarktidanın qranit-qneysi, Yakutiyanın kimberlitləri, Sakit Okeanın dibindən qaldırılmış süxurlar, ABŞ-ın Arizona meteoritinin qəlpəsi və s. Bu bölmələrdə həmçinin daş həvəskarlarının və dünyanın müxtəlif regionlarında işləmiş geoloqların muzeyə hədiyyə etdiyi mineral, süxur və filiz nümunələri ayrı-ayrı vitrinlərə düzülmüşdür.
Bizdə əksər minerallar yalnız növlərinə görə deyil, təbiətdə necə rast gəldiklərinə və necə əmələ gəldiklərinə görə seçilmişdir. Məsələn: kvars ən geniş yayılmış minerallardan biridir, hansı ki, əksər dağ süxurlarının tərkibində, meteoritlərdə, ay süxurlarında rast gəlinir. Onlardan bəziləri yerin dərinliklərində 1000ºC-dən artıq temperaturda, bəzi parlaq kristalları isə yer səthinin üst qatlarında, çatlarda, boşluqlarda əmələ gəlmişdir.
Mağaraların tavanından ardıcıl süzülən su damcılarından araqonit, mərmər oniksinin stalaqmit və stalaktitin iri lülə və sütunları əmələ gəlir. Belə proseslər nəticəsində əmələ gələn bu cür buz lülələri və sütunları da muzeyimizdə nümayiş etdirilir.
Xüsusi stend, podium və vitrinlərdə Böyük Qafqazın cənub yamacında kəşf edilmiş kolçedan-polimetal yataqlarının və Kiçik Qafqazın polimetal, dəmir, alunit, mis-qızıl və civə yataqları qrupunun materialları nümayiş etdirilir. Bundan əlavə Azərbaycanda qızılçıxarma sənayesinin əsası qoyulmuş və son illərdə istismara verilmiş Gədəbəy, Qoşa və Çovdar qızıl yataqlarını xarakterizə edən qrafiki və daş materialları da ayrıca nümayiş etdirilir.
Azərbaycan Geologiya Muzeyində 3 geoloq alimin şəxsi kolleksiyaları xüsusi vitrinlərdə nümayiş etdirilir:
1.Məmmədov Tofiq “İslandiya şpatları”ndan ibarət kolleksiyası
2.İsmayılov Akif mineral nümunələrindən ibarət zəngin kolleksiyası
3.Məhbubə Abdulqasımzadənin üst yuranın fauna kolleksiyası