Milli parklar

Xüsusi mühafizə olunan təbiət əraziləri

Xüsusi mühafizə olunan təbiət əraziləri - xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq, su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır.

Azərbaycan Respublikasının ərazisində məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq xüsusi mühafizə olunan təbiət əraziləri aşağıdakı növlərə ayrılır:

  • dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları;
  • milli parklar;
  • təbiət parkları;
  • ekoloji parklar;
  • dövlət təbiət yasaqlıqları;
  • təbiət abidələri;
  • zooloji parklar;
  • nəbatat bağları və dendroloji parklar;
  • müalicə-sağlamlaşdırma yerləri və kurortlar;
  • geoloji parklar.

Azərbaycanda qorunan ərazilərin yaradılmasını şərti şəkildə 3 mərhələyə bölmək olar: I mərhələ - ilk xüsusi mühafizə olunan təbiət ərazisinin yaradılması (Eldar şamı Botaniki  Yasaqlığı – 1910-cu il), II mərhələ - qoruq və yasaqlıqların yaradılması (1925-1936-cı illərdə Göygöl, Qızılağac, Zaqatala, Hirkan, 1958-1993-cü illərdə Türyançay, Şirvan, Ağgöl, Pirqulu, İsmayıllı, İlisu, Qaragöl yasaqlıqları), III mərhələ - 2003-cü ildə ilk milli parkların yaradılması.

Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10 milli park, 10 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 %, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87 %, dövlət təbiət qoruqları 1,39 %, dövlət təbiət yasaqlıqları isə 4.05 %-ni təşkil edir.

2018-ci ilin sentyabrında Xəzər dənizinin sahilində 99 min 060 hektarlıq ərazidə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yeni milli park - Qızılağac Milli Parkı yaradılıb. Hazırda isə Yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və ya statusunun dəyişdirilməsi istiqamətində prioritet olaraq regionların sosial-iqtisadi inkişafı və əhalinın rifahı rəhbər tutularaq yeni “Zaqatala-Balakən bioloji rezervatı”n yaradılması işlərinə başlanmışdır.“ Layihənin yekununda Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq.

Azərbaycan və Almaniya Hökumətləri arasında “Azərbaycan Respublikasının mühafizə olunan ərazilərinə dəstək proqramı, Zaqatala-Balakən Regionu” layihəsi üzrə maliyyələşdirmə və xüsusi razılaşma sazişlərinə əsasən Almaniyada 2019-cu ilin noyabr ayında baş tutmuş tender prosesinin nəticələrinə əsasən, qalib elan edilmiş “GOPA consultants” şirkətinin nümayəndələri və beynəlxalq ekspertin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində müzakirələr aparılmış, 2020-ci ilin aprel ayında müqavilə imzalanmış və layihənin aktiv fazasının cari ilin iyul ayında başlanması planlaşdırılmışdır. İlkin mərhələ üzrə layihə kompanentlərinin bölüşdürülməsi, ərazinin qiymətləndirilməsi üçün regiona səfərlər, layihə müddətində ekspertlərin seçimi və fəaliyyətlərin iş qrafikinin tərtib olunması nəzərdə tutulmuşdur.

Biosfer qoruğunun yaradılması ölkəmizdə regionların sosial-iqtisadi inkişafı, yerli əhalinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğun artırılması, ekoloji turizmin stimullaşdırılması ilə yanaşı bioloji müxtəlifliyin qorunub saxlanılmasına şərait yaradacaqdır.

Bundan əlavə, Azərbaycanda ilk dəfə  xüsusi mühafizə olunan təbiət ərazilərinin yeni bir növü- geoloji parkların yaradılması sahəsində müvafiq tədbirlər həyata keçirilir. Bununla əlaqədar, Azərbaycan Respublikasının "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanuna müvafiq dəyişikliklər edilmişdir.

Relikt və endemik növlərlə zəngin unikal təbii meşələri ilə Cənubi Qafqazda məşhur olan Hirkan Milli Parkının “YUNESKO-nun Ümumdünya  Təbii İrs Siyahı”sına daxil edilməsi məqsədilə, nominasiyanın hazırlanması ilə əlaqədar  müvafiq işlər davam etdirilir.


Milli parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir.

Azərbaycan Respublikasında milli parkların yaradılması ilə bağlı ilk təşəbbüs Akademik Həsən Əliyev tərəfindən irəli sürülmüşdür. Ölkəmizdə ilk milli parklar 2003-cü ildə yaradılmışdır. Daha sonrakı dövrdə bu ənənə  davam etdirilmiş və son olaraq, 2018-ci ilin sentyabrında Qızılağac Milli Parkı yaradılmışdır.

Hal-hazırda, Azərbaycanda ölkə ərazisinin 4,87 %  təşkil edən 10 milli park fəaliyyət göstərir.

Milli parkların siyahısı