Azərbaycanın faydalı qazıntıları
Böyük və Kiçik Qafqaz dağ sistemlərinin şərq hissəsini əhatə edən Azərbaycan Respublikasının ərazisi mürəkkəb geoloji quruluşa malik olması, faydalı qazıntıların müxtəlifliyi və rəngarəngliyi ilə fərqlənir.
Azərbaycan çox qədim dövrlərdən neft diyarı kimi tanınmışdır. Belə ki, tarixi məlumatlara görə hələ bizim eramızdan əvvəl VII-VI əsrlərdə Abşeron yarımadasında neft çıxarılmışdır.
Bununla bərabər, Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı yerli xammallardan hazırlanması birmənalı təsdiq edilmiş əmək alətlərinin və bəzək əşyalarının tapılması bu ərazilərdə hələ eramızdan əvvəl dağ - mədən işlərinin aparıldığını göstərir. Orta əsrlərə aid edilən tarixi mənbələrdə Azərbaycanda mis, qızıl, gümüş, qurğuşun mədənlərinin olması və istismar edilməsi barədə məlumat verilir. Sonradan neftin istifadə dairəsinin genişlənməsi ilə əlaqədar təbii neft təzahürlərinin, neft yataqlarının və Azərbaycanın neftli-qazlı vilayətlərinin geoloji öyrənilməsinə maraq artmış, ərazinin digər faydalı qazıntılara nəzərən perspektivliyinin müəyyən edilməsi bir növ arxa planda qalmışdır.
Qeyd olunmalıdır ki, ümumən keçən əsrin 20-ci illərinə qədər Azərbaycan ərazisi geoloji cəhətdən çox zəif öyrənilmişdir.
Qeyd olunmalıdır ki, ümumən keçən əsrin 20-ci illərinə qədər Azərbaycan ərazisi geoloji cəhətdən çox zəif öyrənilmişdir.
XIX əsrin 40-cı illərindən XX əsrin 20-ci illərinə qədər alman, rus və qismən yerli sənayeçilər Daşkəsən kobalt, Gədəbəy, Bittibulaq və Balakən mis yataqlarında istismar və axtarış işləri aparmışlar.
1867-1914-cü illər ərzində alman firması «Siemens» tərəfindən Gədəbəy yatağından 56000 ton mis, təqribi hesablamalara görə isə 6,3-12,7 ton qızıl, 120,6-126,1 ton gümüş; Bittibulaq yatağından tərkibində 2% mis olan 16000 ton mis filizi; Daşkəsən kobalt yatağından isə tərkibində 10-18% kobalt olan 608 ton kobalt filizi çıxarılmış və Almaniyaya aparılmışdır.
XX əsrin əvvəllərində digər alman firması «Vagau» Balakən rayonu ərazisində əlvan metal yataqlarının axtarışı və istismarı ilə məşğul olmuş, Cixix və Köhnəmədən yataqlarından hasil edilmiş filizləri yerindəcə emal edərək, alınmış misi yerli iş adamlarına satmışdır.
1862-72–ci illərdə Naxçıvan şəhərinin yaxınlığında, Tumbul kəndində selitra istehsal edən zavod fəaliyyət göstərmişdir. XIX əsrin 80-ci illərində Şan Qirem tərəfindən, 1914-cü ildə isə ingilis Atterton tərəfindən Gömür kükürd yatağının (Naxçıvan MR) bazası əsasında kükürd istehsal edən zavod fəaliyyət göstərmişdir.
Azərbaycan ərazisinin məqsədyönlü geoloji öyrənilməsinə XX əsrin 30-cu illərindən başlanmış, az vaxtda sənaye əhəmiyyətli bir neçə dəmir, molibden, kobalt, polimetal yataqları aşkar edilmiş və istismara cəlb edilmişlər.
Böyük Vətən Müharibəsi illərində geoloji tədqiqat işləri əsasən müdafiə əhəmiyyətli mineral xammal ehtiyatlarının axtarılmasına yönəldilmişdir. Bununla əlaqədar 1939-cu ildə kəşf edilmiş Parağaçay molibden yatağında istismar işlərinə başlanılmış, istismar edilən Şimali Daşkəsən yatağında kobalt filizinin çıxarılması sürətləndirilmişdir. Ümumiyyətlə, 1941-45-ci illərdə keçmiş SSRİ-də hasil edilən kobaltın 60%-i Azərbaycanın (Daşkəsən yatağı) payına düşmüşdür.
Gədəbəy mədənində mis istehsalı təşkil edilmişdir.
Böyük Vətən Müharibəsi illərində geoloji tədqiqat işləri əsasən müdafiə əhəmiyyətli mineral xammal ehtiyatlarının axtarılmasına yönəldilmişdir. Bununla əlaqədar 1939-cu ildə kəşf edilmiş Parağaçay molibden yatağında istismar işlərinə başlanılmış, istismar edilən Şimali Daşkəsən yatağında kobalt filizinin çıxarılması sürətləndirilmişdir. Ümumiyyətlə, 1941-45-ci illərdə keçmiş SSRİ-də hasil edilən kobaltın 60%-i Azərbaycanın (Daşkəsən yatağı) payına düşmüşdür.
Gədəbəy mədənində mis istehsalı təşkil edilmişdir.
O dövrdə Ittifaq üzrə istehsal olunan bütün yanacaq-sürtkü materiallarının 75%-ni verən Azərbaycan neft sənayesinin ehtiyacları üçün qeyri–filiz yataqlarına (barıt, kükürd kolçedanı, kaolin, odadavamlı gil və s.) kəşfiyyat işlərinin aparılması və istifadəyə verilməsi intensiv davam etdirilmişdir.
Sonradan Daşkəsən dəmir filizi və Zəylik alunit yatağının istismara cəlb edilməsi ilə Azərbacanda dağ-mədən sənayesinin əsası qoyulmuş oldu.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublika iqtisadiyyatının mineral-xammaldan istifadəyə əsaslanan bir sıra sahələrinin stabil inkişafını və mineral-xammala artmaqda olan tələbatın ödənilməsini təmin edən etibarlı baza yaradılmışdır.
Keçən əsrin 90-cı illərinədək filiz yataqlarından Daşkəsən dəmir filizi, Zəylik alunit, Gümüşlü, Ağdərə polimetall, Parağaçay molibden filizləri yataqlarında istismar işləri aparılmışdır.
Mineral-xammal resursları mürəkkəb təbii məhsul olmaqla cəmiyyətin texniki-iqtisadi və sosial inkişafında olduqca əhəmiyyətli rol oynayır.
Bu səbəbdən müasir dövrdə mineral-xammal resurslarının əhəmiyyəti durmadan artmaqdadır.
Yerin təkindəki mineral-xammal ehtiyatları ümumi təbii sərvətlərin tərkib hissəsi olmaqla ölkəmizin iqtisadi və sosial-siyasi müstəqilliyini müəyyənləşdirən əsas amillərdən biridir.
Yerin təkindəki mineral-xammal ehtiyatları ümumi təbii sərvətlərin tərkib hissəsi olmaqla ölkəmizin iqtisadi və sosial-siyasi müstəqilliyini müəyyənləşdirən əsas amillərdən biridir.
Azərbaycan Respublikasının iqtisadi potensialının yüksəldilməsi onun ərazisində kəşfiyyatı başa çatdırılmış müxtəlif faydalı qazıntı yataqlarının resurslarından səmərəli istifadə olunması, dağ-mədən və emal sənayesi sahələrinin inkişaf etdirilməsi ilə bağlıdır.
Sənaye ehtiyatları təsdiq olunmuş və dövlət balansında qeydə alınmış faydalı qazıntı yataqları ilə yanaşı, bir çox filiz təzahürləri üzrə axtarış və geoloji-kəşfiyyat işləri aparılmış, onların ilkin ehtiyatları qiymətləndirilmişdir. Əsas yataqlar haqqında qısa məlumat aşağıda verilir.