Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı nümayəndəliyinin birgə təşəbbüsü ilə “Ətraf mühitə dair məlumat almaq, qərarların qəbul edilməsində iştirak və ədalət məhkəməsinin açıqlığı haqqında” (Orxus Konvensiyası) BMT-nin Avropa İqtisadi Komissiyasının 1998-ci il tarixli Konvensiyasının icrası məqsədi ilə Ətraf Mühitə dair İctimai Məlumat Mərkəzi (Orxus İctimai Ekologiya İnformasiya Mərkəzi) yaradılmışdır.
22 Sentyabr 2003-cü il tarixində Mərkəzin rəsmi açılış mərasimi keçirilmiş və həmin vaxtdan ictimaiyyətin istifadəsinə verilmişdir.
Ekoloji məlumatların alınmasında və yayılmasında bütün maraqlı tərəflər, yəni QHT-lər, hökumət orqanları, beynəlxalq təşkilatlar və ətraf mühit məsələləri ilə maraqlanan hər bir şəxs Mərkəzin fəaliyyətindən bərabər hüquqlu istifadə imkanlarına malikdir.
Mərkəzin məqsədi
Mərkəz ictimaiyyətin ətraf mühitə dair məlumatlardan istifadədə və qərar qəbul edilməsində iştirakı imkanlarını artırmaq, ətraf mühit məsələlərində şəffaf ictimai mühit yaratmaq, nəticədə ölkədə ümumi demokratikləşmənin, müasir idarəçiliyin gücləndirilməsinə yardım etmək məqsədi ilə yaradılmışdır və bunun üçün aşağıdakı funksiyaları həyata keçirir:
- Ətraf mühitə dair siyasətin formalaşdırılması və həyata keçirilməsində Hökumət və Qeyri-Hökumət Təşkilatları arasında körpü rolu oynamaq;
- Ətraf mühit sahəsində fəaliyyət göstərən yerli təşkilatların beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq qurumları ilə əlaqə yaratmalarına yardım etmək;
- Ətraf mühit məsələləri ilə məşğul olan QHT-lərin fəaliyyətini əlaqələndirmək;
- Ətraf mühit sahəsində çalışan QHT-lərə və digər maraqlı şəxslərə ətraf mühitə dair ədəbiyyatlardan , İnternet resurslarından, dövlət orqanlarından və digər mənbələrdən əldə edilmiş məlumatlardan ödənişsiz istifadə imkanı yaratmaq;
- Ətraf mühitə dair məlumatların ictimaiyyətə çatdırılmasını təmin etmək;
- Ətraf mühit məsələləri ilə əlaqədar ictimai müzakirələrin keçirilməsini dəstəkləmək və qərar qəbul edilməsində ictimaiyyəti daha aktiv iştiraka cəlb etmək.
Mərkəzin resursları
Mərkəzin əsas resursları aşağıdakılardır:
- Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında hesabatlar,
- Dövrü mətbuat və bir sıra ekoloji jurnallar,
- Ekoloji məzmunlu müxtəlif elmi ədəbiyyatlar və dərsliklər, həmçinin: ibtidai, orta və ali məktəblər üçün dərs və tədris–metodik vəsaitlər, sahə ilə bağlı elmi-metodik araşdırmalar, ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik. Heyvanat aləmi, ətraf mühit qanunvericiliyi, torpaqşünaslıq, beynəlxalq ekoloji konvensiyalar, ekoloji ixtisaslaşdırılmış lüğətlər və s.,
- Ətraf mühit haqqında video materiallar və əyani vəsaitlər,
- İnternet çıxışı olan kompüterlər (2 ədəd) və sürət çoxaldan (tirajlama) texnika,
- Mərkəzin həmçinin ekoloji məzmunlu toplantılar və tədbirlər keçirmək üçün televizor, video və multimedia proyektoru ilə təchiz edilmiş 40 nəfərlik toplantı zalı vardır.
- Mərkəzin bütün resurslarından istifadə ödənişsizdir.
Mərkəzin ünvanı
Bakı
place
Az 1073, Bakı şəhəri, K.Kazımzadə küçəsi, 100a, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası
phone
(+994 12) 539 48 61 (1262)
Azərbaycan Respublikasının “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” BMT-nin Konvensiyasına qoşulması barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:1. 1998-ci il iyunun 25-də Danimarkanın Orxus şəhərində imzalanmış “Ətraf muhit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” BMT-nin Konvensiyasına Azərbaycan Respublikası aşağıdakı qeyd-şərtlə qoşulsun:“Azərbaycan Respublikası bu Konvensiyanın 16-cı maddəsinin 2-ci bəndinin “b” yarımbəndində gostərilmiş prosedur qaydalarının tətbiqinə tərəfdardır”.2. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev,
Bakı şəhəri, 9 aprel 1999-cu il
Ətraflı
Orxus Konvensiyası
Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında Konvensiya (Orxus konvensiyası)
407.40 KB