Fiziki-coğrafi mövqeyi
Xəzər dənizi yer kürəsində ən böyük qapalı su hövzəsidir. Dünya okeanından təcrid olunmuş Xəzərdə bütün yer kürəsində olan göllərdəki suların 45 %-ə qədəri toplanmışdir. Xəzər dənizi okean səviyyəsindən -27,67 metr aşağıdadır (2017-ci il).
Dənizin uzunluğu 1200 km, maksimal eni 466 km, minimal eni isə 204 km, sahəsi 392 min km2, suyunun həcmi 79 min kubkilometrdir. Orta dərinliyi 207 metr, ən dərin yeri isə 1025 metrdir (Lənkəran çökəkliyi).
Dənizin qidalanmasında Volqa çayının xüsusi əhəmiyyəti vardır. Bu çay vasitəsilə dənizə ümumi illik axar 80 %, digər çaylar - Kür 6 %, Ural 5 %, Terek, Sulaq və Samur birlikdə 4,5 %, İran ərazisindən Səfidrud, Şirrud, Gürgan və s. 4,0-4,5 % təşkil edir.