Xəzər dənizinin bioloji resurslarının vəziyyəti
Son onilliklərdə Xəzər dənizində balıq ehtiyatları kəskin azalmışdır və bu da əsasən Xəzər dənizinin balıq kütləsinin böyük hissəsini təşkil edən kilkə balıqlarının azalmasında müşahidə olunur. Kilkələrin azalması onlarla qidalanan daha böyük balıqların (siyənəklərin, qızılbalığın, nərəkimilərin) və suitilərin azalmasına və vəziyyətinə mənfi təsir göstərmişdir. Bunun səbəbləri: təbii – iqlim dəyişikliyi, dəniz səviyyəsinin tərəddüdü; antropogen – dənizin çirklənməsi, yeraltı sərvətlərin istifadəsi, çayların tənzimlənməsi, yad mənşəli növlərin gətirilməsi, brakonyerlik.
Xəzər ekosisteminə mənfi təsirlə bağlı kilkə ovu 10 dəfə azalaraq, 1999-cu ildə 271 min tondan hal-hazırda 27 min tona qədər azalmışdır. Balıq ehtiyatlarının azalması bütün Xəzər dənizi üçün səciyyəvi olan ümumi tendensiyadır.
Hazırda Xəzər dənizində nərəkimilərin ehtiyatı azalaraq, vətəgə əhəmiyyətini itirmək həddinə çatmışdır. 1980-ci illərlə müqayisədə 2009-2010-cu illərdə nərə balıqlarının ov həcmi 30 dəfə azalmış və bütün Xəzəryanı ölkələrin ovu birlikdə olaraq təqribən min ton təşkil etmişdir. 2011-ci ildən bütün Xəzəryanı ölkələrin ümumi razılığına əsasən Xəzər dənizində nərə cinsli balıqların kommersiya ovlanmasına texniki moratorium tətbiq edilir və nərə balıqlarının əmtəə ovu aparılmır, yalnız balıqartırma və elmi-tədqiqat məqsədlər üçün cüzi həcmdə ovlanır.
Xəzər suitisi yeganə dəniz məməlisi və Xəzər endemikidir. XX əsrin əvvəllərində Xəzər suitisinin sayı təqribən 1 milyon fərd təşkil edirdi, lakin hal-hazırda onun populyasiyası barədə 111 min fərddən 360 min fərdə qədər dəyişən məlumatlar mövcuddur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqartırma müəssisələri tərəfindən 2001-2017-ci illər ərzində Xəzər dənizinə, Kür çayına və digər daxili su hövzələrinə ümumi sayı 7,457 mlrd. olmaqla, aşağıdakı miqdarda müxtəlif növ balıq körpələri artırılıb buraxılmışdır: nərəkimilər – 163,3 mln. ədəd, qızılbalıq – 2,39 mln. ədəd, çəkikimilər – 7,288 mlrd. ədəd. 2004-cü ildən başlayaraq balıqartırma müəssisələrində müxtəlif növ balıqlardan ibarət törədici balıq sürüləri yaradılıb.