Təbiət abidələrinə Azərbaycan Respublikası ərazisində yerləşən tipik landşaftlı ərazilər, xüsusi cəzbediciliyi ilə seçilən təbiət guşələri, endemik, relikt və nəsli kəsilməkdə olan növlərin yayıldığı xüsusi yerlər, çoxəsrlik ağaclar, şəlalələr, mağaralar, unikal göllər,orijinallığı ilə seçilən geoloji çılpaqlaşmış dağlar, palentoloji qalıqların yataqları və digər elmi-praktiki, mədəni-maarifləndirici əhəmiyyəti olan təbii meşə sahələri, yeraltı suların ayrıca çıxışları və s. obyektlər, təbii komplekslər aiddir.
Təbiət abidələrinin qorunmasında məqsəd onları təbii şəraitdə elmi-informativ, həmçinin mədəni-maarifləndirmə, estetik məqsədlər və genetik fond üçün qoruyub saxlamaqdır.
Təbiət abidələrinin mühafizəsini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər aidiyyəti orqanların nümayəndələrindən ibarət Komissiya həyata keçirir.
Mühafizə üçün götürülmüş təbiət abidələrinin ətrafında lazım gəldikdə mühafizə zonaları yaradılır. Hər bir təbiət abidəsi üçün xüsusi pasport tərtib olunur. Təbiət abidələrinin yenidən qurulması tələb olunarsa bu müəyyən layihələr üzrə aparılır. Təbiət abidəsinə ziyan dəydikdə yaxud o tamamilə məhv olduqda aktlaşdırılır. Müəssisə, təşkilat həmçinin ayrıca şəxslər təbiət abidəsinin məhvində günahkar bilinərsə qanunvericiliyə uyğun məsuliyətə cəlb olunurlar.
Təbiət abidələrindən mühafizə olunan çoxəsrlik ağacları Respublikanın işğal altında olan Dağlıq Qarabağ hissəsində, Zəngilan, Xocavənd, Ağdam, Ağdərə, Cəbrayıl rayonlarının ərazisində geniş yayılan Şərq çinarı (Ordubad, Gəncə şəhərlərində, Ağdaş, Bərdə, Oğuz və digər rayonlarında rast gəlinir), palıd (Zaqatala, Şəki, Qax, Quba, Masallı rayonlarında rast gəlinir), dağdağan (Zəngilan, Qax rayonlarında rast gəlinir), püstə (Goranboy, Beyləqan, Qubadlı rayonlarında rast gəlinir) ağacları göstərmək olar.
Xüsusi qiymətli meşə sahələrinə Şabalıd meşələri (Qəbələ rayonunda), Ardıc meşələri (Laçın rayonunda), Şümşad meşələri (Lənkəran və Lerik rayonları ərazisində),Palıd meşələri ( Şamaxı rayonda) və digərlərini misal göstərmək olar.
Geoloji (paleontoloji) obyektlərdən təbiət abidəsi kimi mühafizə olunanlara Naxçıvan muxtar Respublikası ərazisində yerləşən İlanlıdağ, kilit mağarası, Nehrəm dərəsi, Qarabağ ərazisində yerləşən Azıx mağarası, Tağlar mağarası, Şuşa şəhərindəki Xan mağarası, qaxal mağarası, Daşkəsən rayonunda Qara İnək mağarası, Yevlax rayonunda Duzdağ mağarası və digərlərini missal göstərmək olar.