Azərbaycanın yeraltı suları
Məlumdur ki, Azərbaycan Respublikası ərazisində istifadəyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanmışdır. Orta illik həcmi 36 mlyd. m3-ə yaxın olan su ehtiyatlarının 21 mlyd. m3–i ölkə hüdudlarından kənarda formalaşır. Azərbaycan əhalisinin su təchizatında müstəsna rol oynayan iki əsas çayın – Kür və Arazın hövzələri bütünlüklə Ermənistanın ərazisini, Gürcüstan ərazisinin böyük bir hissəsini, eləcə də Türkiyə və İran ərazisində xeyli sahəni əhatə edir və Azərbaycannın sərhədlərini keçənə qədər artıq ciddi çirklənməyə məruz qalmış vəziyyətdə olur. Azərbaycan ərazisində su ehtiyatlarından içmək və təsərrüfat məişət ehtiyatları ilə yanaşı suvarma əkinçiliyi və kənd təsərrüfatının digər sahələrində, balıqçılıq, hidroenergetika, ekoloji və digər məqsədlərlə geniş istifadə olunur. Respublika ərazisində yerüstü su ehtiyatlarından illik istifadə 11-12 mlyd. m3 -ə yeraltı su ehtiyatlarından illik istifadə isə 2,5-2,8 mlyd. m3 -ə yaxındır.
İstifadəyə yararlı şirin (minerallaşma dərəcəsi 1,0 q/l-ə qədər) və az minerallaşma (1-3q/l) malik yeraltı sular respublika ərazisində Paleozoy yaşlı süxurlardan başlayaraq müasir dövr çöküntülərinə qədər bütün genetik tiplərdə intişar taparaq ölkəmizdə dağlıq və dağətəyi bölgələrində qeyri- bərabər yayılmışdır. Dağətəyi və düzənlik bölgələrin yeraltı suların regional istismar ehtiyatları Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən qiymətləndirilmiş, bəzi bölgələr (Qarabağ-Mil,Gəncə-Qazax) üzrə isə son dövrlərdə yeraltı su ehtiyatlarının yenidən qiymətləndirilməsi məqsədi ilə hidrogeoloji tədqiqatlar aparılmışdır. Şirin və az minerallaşmaya malik yeraltı suların regional istismar ehtiyatları Alazan-Əyriçay, Samur-Şabran, Şirvan, Qarabağ-Mil, Gəncə-Qazax, Naxçıvan, Lənkəran və s. dağətəyi düzənlikləri üzrə keçmiş SSRİ-nin və Azərbaycan SSRİ-nin ehtiyatlar komissiyasında təsdiq olunmuş və ya sınaqlanmışdır.
Regional istismar ehiyatları hüdudlarında (bəzi hallarda isə yeni sahələrdə) respublikanın şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin suya olan ehtiyaclarını ödəmək məqsədi ilə dəqiq hidrogeoloji kəşfiyyat işləri aparılmış, mərkəzləşmiş və qrup su götürücüləri üzrə istismar ehtiyatları uyğun olaraq hesablanmış və təsdiq olunmuşdur. Hazırda Respublikanın 35-dən çox şəhər və qəsəbələrində əhalinin su ilə təchizatı tam və qismən yeraltı suların hesabına ödənilir. Bura Bakı, Sumqayıt, Gəncə, Ağdaş, Ağstafa, Bərdə, Tərtər, Naxçıvan, Ordubad və s. aiddir.
Dağlıq bölgələrdə yeraltı suların proqnoz ehtiyatları inzibati rayonlar üzrə qiymətləndirilmiş və bütövlükdə 1806,9 min m3/gün təşkil edir. Qeyd etmək lazımdır ki, respublikanın düzənlik və dağətəyi bölgələrindən fərqli olaraq dağlıq bölgələrdə yeraltı suların ehtiyatlarını qiymətləndirmək istiqamətində hidrogeoloji tədqiqatlar tam aparılmamışdır. İsmayıllı, Quba, Qusar, Lerik, Yardımlı, Qazax, Tovuz və digər rayonların dağlıq ərazilərində yeraltı suların ehtiyatları qiymətləndirilməmişdir.
Son illərdə yeraltı suların axtarışı və kəşfiyyatı istiqamətində, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Respublikanın qərb rayonlarının (Ağstafa, Tovuz, Şəmkir, Samux) qış otlaqları yerləşən Ceyrançöl ərazisində, yerli əhalinin xüsusilə də qaçqın və məcburi köçkünlərin məskunlaşdığı İsmayıllı, Beyləqan, İmişli həmçinin Lerik, Yardımlı, Xızı rayonları ərazilərində və Ağcabədi rayonunun “Hərəmi” sahəsində qabaqlayıcı geofiziki tədqiqatların müşayəti ilə müxtəlif məqsədlər üçün istifadəyə yararlı yeraltı su mənbələrinin axtarışı aparılmışdır. Hal-hazırda bu istiqamətdə axtarış-qiymətləndirmə işləri Şəki rayonunun dağətəyi, Siyəzən-Quba rayonlarının dağliq və dağətəyi (Ataçaydan Vəlvələçaya qədər) və Cəlilabad rayonları ərazisində davam etdirilir.
Ümumilikdə respublika üzrə müxtəlif illərdə aparılmış hesablamalara əsasən yeraltı suların regional istismar ehtiyatları – 23764,28 min m3/gün ( və ya ildə 9 mlrd. m3) təşkil edir. Ehtiyatlar Komissiyasında təsdiq olunmuş -12079,4 min m3/gün, o cümlədən dağlıq bölgələr üzrə - 126,4 min m3/gün. Bu ehtiyatlardan 1592,1 min m3/gün həcmində yeraltı suların ümumi minerallaşma 1-3 q/l arasındadır ki, bu sulardan suvarma və texniki məqsədlər üçün istifadə oluna bilər.
Respublika ərazisində şəhərlərin və yaşayış məntəqələrinin su təhcizatı məqsədi ilə 60-dan çox yataq üzrə yeraltı suların istismar ehtiyatlarının təsdiq edilməsinə baxmayaraq yalnız 20-ə yaxın mərkəzləşdirilmiş yeraltı sugötürücü fəaliyyət göstərir.
Son illərin rəsmi məlumatlarına əsasən şirin və azminerallaşmaya malik yeraltı sulardan istifadənin həcmi regional ehtiyatların 1,5, təsdiq olunmuş ehtiyatların isə isə 26%-ni təşkil edir. Yeraltı sulardan istifadənin 80%-i suvarma və texnikiməqsədlərə sərf olunur.
Azərbaycan Respublikası əraziisndə istifadəyə yararlı yeraltı suların 2014-cü ilə qədər qiymətləndirilmiş proqnoz ehtiyatları aşağıdakı cədvəldə göstərilir.
İstifadəyə yararlı yeraltı suların yayıldığı bölgələr | 2014-cü ildə qiymətləndirilmiş proqnoz ehtiyatlar,min m3/ gün |
Böyük Qafqaz dağlıq bölgəsi | 1008,87 |
Abşeron yarımadası | 241,92 |
Samur-Dəvəçi dağətəyi düzənliyi | 3470,72 |
Qanıx-Əyriçay vadisi | 3822,0 |
Gəncə dağətəyi düzənliyi | 4218,6 |
Şirvan dağətəyi düzənliyi | 517,7 |
Qarabağ-Mil dağətəyi düzənliyi | 7909,92 |
Muğan dağətəyi düzənliyi | 130,0 |
Cəbrayıl dağətəyi düzənliyi | 344,0 |
Lənkəran dağətəyi düzənliyi | 209,0 |
Naxçivan dağətəyi düzənliyi | 902,2 |
Kiçik Qafqaz dağətəyi düzənliyi | 982,35 |
Respublika üzrə cəmi: | 23764,28 |
Azərbaycan Respublikasının ərazisi eyni zamanda yer təkinin dərin horizontlarında intişar tapmış istilik enerji əhəmiyyətli termal və sanare əhəmiyyətli yüksək minerallaşmış termal və hidromineral xammal suları ilə zəngindir.
Keçmiş SSRİ ərazisində yodlu-bromlu sənaye sularının kəşf edilmiş ehtiyatlarının olduğu 4 Respublikadan biri olan Azərbaycan Respublikası kəşf edilmiş ehtiyatlarına görə İttifaqda ikinci (31,5%), yod istehsalının həcminə görə isə birinci yeri tuturdu.
Kəşf edilmiş yodlu-bromlu sənaye suları Respublika ərazisində 5 əsas yataqda: Neftçala, Xıllı, Babazənən, Mişovdağ və Binə-Hövsan yataqlarında cəmləşmişdir. Ilk 4 yataq Kür çökəkliyinin cənub-şərq hissəsində, Binə-Hövsan yatağı isə Abşeron yarımadasının ərazisində yerləşir.
Aparılmış axtarış və kəşfiyyat işləri nəticəsində Abşeron yarımadasının Binə-Hövsan muldasının Qala-Türkan, Suraxanı-Qaraçuxur, Buzovna-Maştağa, Zığ-Hövsan, Qərbi Abşeronun Lökbatan-Quşxana, Yasamal dərəsi, Şabandağ, Atəşgah və Sulutəpə, Aşağı Kür çökəkliyinin Neftçala, Xıllı, Babazənən, Mişovdağ, Kürsəngi, Kürovdağ, Qarabağlı, Ələt, Xıdırlı-Pirsaat, Xəzəryanı rayonunun Sıtalçay, Gədisu, Şuraabad stuktutlarında yodlu-bromlu sulara dərin quyu qazma və hidrogeoloji sınaq işləri ilə “Məhsuldar Qat” çöküntülərinin sulu komplekslərinin hidrodinamik və hidrokimyəvi parametrləri təyin edilmiş, Binə-Hövsan, Neftçala, Xıllı, Babazənən və Mişovdağ yataqları üzrə yodlu-bromlu suların ehtiyatları hesablanmış, keçmiş SSRİ Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.
Abşeron yarımadası və Kür çökəkliyinin aşağı Kür depressiyası ərazisində yerləşən Mişovdağ, Babazənən, Xıllı və Neftçala yataqları ilə bağlı temperaturu 35-65ºC olan dərin yeraltı sular kimyəvi tərkiblərinin yüksək mineralllaşması (210-220 q/litrə qədər) səbəbindən sənaye əhəmiyyətli yodlu-bromlu sular kimi təsnif olunurlar. Neftçala və Xıllı yataqlarının yeraltı suları əsasında hal-hazırda "Azər-Yod" MMC texniki yod istehsalı ilə məşğuldur.
Eyni zamanda bu illər ərzində qələvili, sodalı, nadir metallı və digər hidromineral xammal əhəmiyyətli yeraltı suların öyrənilməsi məqsədilə Abşeron yarımadasında Bakı muldasının cinah hissələrində, Zirə, Binəqədi, Kürdəxanı, Qaraheybət, Yasamal dərəsi, Bibiheybət, Atəşgah, Şamaxı-Qobustan nefti-qazlı rayonunun Novoastraxanka, Çevildağ, Kür çökəkliyinin Şorsulu, Muradxanlı, Carlı, Zərdab, Xəzəryanı neftli-qazlı vilayətinin Gədisu, Yalama, Zağlı, Zeyvə, Çandahar-Zarat, Qaynarça, Talabi, Təngialtı, Saadan, Kür-Qanıx çaylararası neftli-qazlı vilayətinin Tərsdəllər, Köyrük-Keylan, Böyük Palantökən, Sajdağ, Udobna sahələrində hidrogeoloji tədqiqatlar aparılmış, Qərbi Abşeronun sodalı sularından istifadə edilməsinin mümkünlüyü barədə texniki-iqtisadi məruzə hazırlanmışdır. Keçən əsrin 60-cı illərinin əvvəllərindən etibarən başlanmış və sonlarına kimi davam etdirilmiş, termal sulara aparılmış məxsusi hidrogeoloji tədqiqat işlərı nəticəsində Azərbaycan Respublikası ərazisində öyrənilmə və xalq təsərrüfatının müxtəlif sahələrində istifadəyə yararlılıq dərəcəsindən, həm də geostruktur, hidrogeotermik və geotermik şəraitindən asılı olaraq 9 hidrogeotermik rayonlar ayrılmışdır:
-
Xəzəryanı-Quba
-
Lənkəran maili düzənliyi
-
Abşeron yarımadası
-
Şamaxı-Qobustan
-
Kür çökəkliyi
-
Cəlilabad-Zar
-
Acınohur
-
Kür-Qanıx çaylararası ərazi
-
Naxçıvan
Həmin əsrin 60-cı illərindən yer təkinin istilik enerjisindən xalq təsərrüfatının müxtəlif sahələrində istifadə edilməsinin mümkünlüyünün və istiqamətlərinin müəyyən edilməsi məqsədilə yer təkinin istilik enerjisinin əsas daşıyıcıları olan yeraltı termal suların yayılması şəraitinin, sulu komplekslərinin hidrodinamik, hidrokimyəvi və hidrotermik xüsusiyyətlərinin öyrənilməsi üçün Azərbaycan Respublikası ərazisinin Lənkəran dağəyəti düzənliyi və Kür çökəkliyinin mərkəzi hissəsində, 80-ci illərin əvvəllərindən Xəzəryanı-Quba rayonunun Yalama-Xaçmaz sahələrində və Kür çökəkliyinin cənub-qərb cinahının hüdudlarında termal sulara axtarış və öncədən kəşfiyyat işlərinin başlanması ilə bu sulara aparılan axtarış və kəşfiyyat işləri genişlənmiş, nəticədə bir sıra sahələr üzrə (Lənkəran, Gəncə) Texniki-İqtisadi Məruzələr (TİM), Xəzəryanı-Quba termal su yatağı üzrə isə Texniki-İqtisadi Əsaslandırma (TİƏ) hazırlanmış, termal suların istismar ehtiyatları hesablanmışdır.
Azərbaycan Respublikası ərazisində termal və sənaye sularının ümumi ehtiyatları – 419093 m3/gün hesablanmışdır.
Yer təkinin istilik enerjisindən xalq təsərrüfatının müxtəlif sahələrində (istixana, sanatoriya və s.) istifadə edilməsinin mümkünlüyünün və istiqamətlərinin müəyyən edilməsi məqsədilə yer təkinin istilik enerjisinin əsas daşıyıcıları olan yeraltı termal suların yayılma şəraiti, sulu komplekslərin hidrodinamik, hidrokimyəvi və hidrotermik xüsusiyyətləri öyrənilmişdir.
Bundan əlavə Azərbaycan Respublikası ərazisində mövcud olan 16 ədəd müalicə-süfrə və 14 ədəd müalicə əhəmiyyətli mineral su mənbələrində (İlisu, Çaqan, Çuxuryurd, Sirab (4 yataq), Vayxır (2 yataq), Badamlı (2 yataq), Darıdağ, Şırlan, Turşsu, Minkənd, Yuxarı İstisu, Aşağı İstisu, Tutxun, Mozçay, Qoturlu, Keşdək, Qarasu, Qalaaltı, Meşəsu, İbadısu, Suraxanı, Mərdəkan¸ Pirşaqı Buzona, Bilgəh) hidrogeoloji tədqiqatlar aparıılmış və onların istismar ehtiyatları hesablanmış və keçmiş SSRİ Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.