Ekoloji vəziyyət
Azərbaycan Respublikası ərazisinin təbii və coğrafi şəraitinin unikallığı burada flora və faunanın növ müxtəlifliyinin rəngarəngliyinə şərait yaratmışdır. Yer kürəsində mövcud olan 11 iqlim tipinin 9-na Azərbaycanda təsadüf edilir. Bu amil ölkədə zəngin biomüxtəlifliyin formalaşmasında mühüm rol oynayır.
Ölkə ərazisinin 12 faizi meşə ilə örtülüdür, 10,3 faizini isə xüsusi mühafizə olunan təbiət əraziləri təşkil edir.
Respublikada 10 Milli Park, 10 təbiət qoruğu və 24 təbiət yasaqlığı mövcuddur.
İqtisadiyyatın inkişafı, demoqrafik artım, əhalinin gəlir səviyyəsinin yüksəlməsi hesabına istehlakın artması, iqlim dəyişmələri və digər səbəblər ətraf mühitə mənfi təsirin artması ilə nəticələnmişdir.
Su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, tullantıların idarə olunması sahəsindəki çatışmazlıqlar mövcud ekoloji problemlər sırasında hesab olunur.
Azərbaycanda əhalinin sayının artımı ilə istehlak səbətinin genişlənməsi istehsalat və məişət tullantılarının həcminin artmasına səbəb olur. Azərbaycanda 2021-ci il ərzində 3,78 mln. tona yaxın istehsalat və məişət tullantıları yaranmışdır. İstifadə edilmiş və zərərsizləşdirilmiş tullantıların miqdarı 1,56 min tona yaxın olmuşdur.
Azərbaycan Respublikasının Qarabağ regionunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməklə, uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazilərdə ətraf mühitə, bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə zərər vurulmuş, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri məqsədli şəkildə talan olunmuşdur.
2020-ci ildə region azad edildikdən sonra “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı ilə verilmiş tapşırıqlara əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji tarazlığın bərpa olunması istiqamətində meşə ehtiyatlarının, fauna və floranın, xüsusi mühafizə olunan təbiət ərazilərinin, su ehtiyatlarının, faydalı qazıntı yataqlarının qiymətləndirilməsi işlərinə başlanılmışdır.
Son illərdə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin artırılması və s. istiqamətlərdə həyata keçirilmiş layihələr ətraf mühitin komponentlərinin bərpasında rol oynamışdır.
Aztullantılı texnologiyalardan istifadə, neftlə çirklənmiş ərazilərin reablitasiyası, su hövzələrinin ekoloji vəziyyətinin bərpa olunması, yaşıllaşdırma işlərinin həyata keçirilməsi xüsusi ilə Abşeron yarımadası, Bakı və Sumqayıt şəhərlərində ətraf mühitinin vəziyyətinin yaxşılaşması ilə nəticələnmişdir.
Növbəti illərdə su ehtiyatlarından səmərəli istifadə, tullantıların səmərəli idarə edilməsi, hirdometeoroloji müşahidə və ətraf mühitin monitorinqi sistemlərinin inkişaf etdirilməsi, bioloji müxtəlifliyin və ekosistemlərin qorunması, meşə və yaşıllıqların artırılması, torpaqların mühafizəsi və bərpası, alternativ enerjidən və ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi istiqamətlərində Nazirlik, həmçinin digər əlaqəli dövlət orqanları qarşısında mühüm hədəflər qoyulmuşdur.