Hidrometeorologiya

Hidroloji müşahidələr

Azərbaycanda ilk hidroloji müşahidələr 1880-ci ildə Kür çayının Salyan məntəqəsində aparılmışdır. Çay axını üzərində stasionar müşahidələr isə əsasən 1925-ci ildən sonra başlamışdır. Ölçmə məntəqələrinin sayı ildən-ilə artmağa başlamışdır. Hidroloji stansiya və məntəqələr şəbəkəsinin genişlənməsi hidroloji müşahidələrin təşkilinə və aparılmasına geniş imkanlar yaratmışdır.

Hazırda Respublikanın su obyektlərində (çaylarda, göllərdə və su anbarlarında) 87 hidroloji məntəqə fəaliyyət göstərir. Onlardan 79-u çay, 6-sı su anbarı, 2-si isə göldür.


Hidroloji müşahidə şəbəkəsinin xəritəsi

Əsas vəzifələrdən biri dövlət orqanlarını, əhalini və iqtisadiyyatın müxtəlif  sahələrini ölkənin su obyektləri, onların rejimi haqqında, operativ və proqnozlaşdırılmış hidroloji məlumatlarla vaxtında və keyfiyyətlə təmin etməkdir.

Ənənəvi stansiyalarda hər gün gündə 2 dəfə suyun səviyyəsi və temperaturu  üzrə müşahidələr aparılır. Su sərfinin ölçülməsi isə hər on gündə 2 dəfə, gursululuq dövründə isə daha çox aparılır.

Payız, qış və yaz dövründə buzun vəziyyəti, qışda isə buzun qalınlığı üzərində müşahidələr aparılır.

2020-ci il iyulun 27-də ölkə Prezidentinin Sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nın icrası ilə bağlı hidroloji şəbəkənin modernləşdirilməsi və müşahidələrin keyfiyyətinin artırılması məqsədilə  2021-ci ildə Dövlət investisiya hesabına sensorlarla təchiz edilmiş ölkənin əsas çaylarında 17 (Kür çayı üzərində 6, Araz çayı üzərində 3, Qanıx, Qabırrı, Ağstafaçay, Şəmkirçay, Tərtərçay, Qusarçay, Viləşçay və Lənkərançay), Avropa İttifaqının Su Təşəbbüsü layihəsi çərçivəsində 6 (Əsrikçay, Zəyəmçay, Gəncəçay, Kürəkçay, Katexçay və Əyriçay) müasir avtomat hidroloji stansiyalar quraşdırılmışdır.

2022-ci ildə Dövlət investisiya hesabına işğaldan azad olunmuş ərazilərdə müşahidələrin bərpası üçün 10 çayda (Tərtərçay, Tutqunçay, Köndələnçay, Quruçay, Həkəriçay, Zabuxçay, Bərgüşadçay, Oxçuçay, Bəsitçat, Araz) olmaqla 11, Böyük Qafqazın ərazisindən axan Əlicançay, Türyançay, Qaraçay, Qaraçay, Vəlvələçay və Qudyalçay üzərində daha 6 avtomat hidroloji stansiya quraşdırılmışdır.

Bununla da avtomat hidroloji stansiyaların sayı 40-a çatdırılaraq hidroloji monitorinq şəbəkəsi 45% avtomatlaşdırılıb.

Hidroloji xidmətlər aşağıdakı istiqamətlərdə aparılır:

  • Hidroloji proqnozlar
  • Hidroloji illiklər və hidroloji monitorinq məlumatlarının təhlili
  • Çöl ekspedisiya işləri

Su obyektlərinin faktiki vəziyyətinin operativ qiymətləndirilməsi aparılır, hidroloji rejiminin müxtəlif elementləri işlənib hazırlanır və proqnozlaşdırılır. Hər gün bəzi Tranzit və daxili çaylarda, iri su anbarlarında faktiki vəziyyət, çaylarda müşahidə olunan və gözlənilən sululuğa dair icmal və su anbarlarına gözlənilən axım proqnozu barədə “Gündəlik hidroloji bülleten” hazırlanır.  

Aşağıdakı növ hidroloji proqnozlar tərtib edilir:

  • Su anbarlarına (Şəmkir, Mingəçevir) gündəlik axım proqnozu
  • Kür çayının aşağı axınında 2 məntəqə üzrə iki günlük səviyyə proqnozu
  • Ongünlük proqnoz
  • Aylıq proqnoz
  • Su anbarlarına (Şəmkir, Mingəçevir) rüblük axım proqnoz
  • Yaz-yay (aprel-iyun) gursululuq dövrü proqnozu
  • Xəbərdarlıq

Regional bölmələrə metodiki rəhbərlik etməklə, hidroloji şəbəkənin iş planlarının, məqsəd və vəzifələrinə uyğun olaraq yüksək keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün məsələlərin operativ həlli həyata keçirilir. Yerüstü sular bölməsi üzrə “Hidroloji illik”lərin hazırlanması işləri həyata keçirilir. Məlumatlar yoxlanılır, toplanılır, emal edilir, ümumiləşdirilir və təhlil edilir. Hidroloji təhlillər və hesablamalar aparılır, sorğu əsasında istehlakçılar üçün hidroloji məlumatlar hazırlanır.

Respublika ərazisinin Böyük və Kiçik Qafqazın, Naxçıvan MR çaylarının hövzələrində 36 marşrut üzrə qarölçmə işləri aparılır. Çay hövzələrində qarölçmə işlərinin yerinə yetirilməsi üçün Böyük Qafqazda 16, Kiçik Qafqazda 7, Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonunda 8, eyni zamanda Naxçıvan MR-da 5 marşrut üzrə qarölçmə işləri yerinə yetirilir.

Aparılmış qarölçmə işlərinə əsasən hazırlanan hesabatda Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin çay hövzələrində xüsusi marşrutlar üzrə hesablanmış qar örtüyünün hündürlüyü, sıxlığı, sululuğu və həmin ərazilərin qar ehtiyatları haqqında məlumatlar təqdim edilir. Qar ehtiyatları və gözlənilən yağıntılar haqqında məlumatlara əsaslanaraq isə gursululuq dövründə Respublikanın iri su anbarlarına (Şəmkir, Mingəçevir, Araz və s.) Kür, Araz və Qanıx tranzit çayları ilə daxil olacaq axımın və yerli dağ çaylarının sululuğunun proqnozu tərtib edilir.

Böyük Qafqazın şimal-şərq hissəsində Qusarçayın hövzəsində Tufandağ buzlağında tədqiqatlar aparılır. Dağ çaylarında selin izinə görə ölçü işləri aparılaraq hesablamalar nəticəsində maksimal su sərfləri müəyyən edilir. Kür çayının mənsəbində hidroloji tədqiqat işləri həyata keçirilir.