Xəzər dənizi yer kürəsində ən böyük qapalı su hövzəsidir. Dünya okeanından təcrid olunmuş Xəzərdə bütün yer kürəsində olan göllərdəki suların 45 %-ə qədəri toplanmışdır. Xəzər dənizi okean səviyyəsindən -28,69 metr aşağıdadır (2023-cü il).
Dənizin uzunluğu 1200 km, maksimal eni 466 km, minimal eni isə 204 km, sahəsi 392 min km2, suyunun həcmi 79 min km3-dir. Orta dərinliyi 207 metr, ən dərin yeri isə 1025 metrdir (Lənkəran çökəkliyi).
Dənizin qidalanmasında Volqa çayının xüsusi əhəmiyyəti vardır. Bu çay vasitəsilə dənizə ümumi illik axar 80 %, digər çaylar - Kür 6 %, Ural 5 %, Terek, Sulaq və Samur birlikdə 4,5 %, İran ərazisindən Səfidrud, Şirrud, Gürgan və s. 4,0-4,5 % təşkil edir.
İqlimi: Xəzər dənizinin iqlimini təyin edən əsas faktorlar - dənizin coğrafi vəziyyəti, atmosfer sirkulyasiyalarının xarakteri, ətraf quru ərazilərin təsiri - şərqdə Aral-Xəzər ovalığı, qərbdə Qafqaz dağları və dənizin müxtəlif hissələri arasında su mübadilələridir. Xəzərin iqliminin əsas xarakterik cəhəti antitsiklonlu hava şəraitinin üstünlük təşkil etməsi, il boyu temperaturun kəskin dəyişmələri, Şimali Xəzərdə qışın soyuq və küləkli, Cənubi Xəzərdə isə isti olması və yayın bütün Xəzər üzrə isti, quru və sakit olmasıdır.
Axınlar: Xəzər dənizində axın yaradan faktorlar külək, dəniz suyunun sıxlığının dəyişkənliyi, dənizin dərinliyi və sualtı relyefi, sahillərinin forması, su axımlarıdır. Bu proseslər içərisində ən mühümü küləkdir. Dənizdə real şəraitdə bu proseslərin birgə təsiri nəticəsində yaranan axınlar sistemi müşahidə edilir.
Xəzər dənizində su dövranı orta çoxillik hidrometeoroloji şərait nəticəsində yaranmışdır. Ümumi halda axın sistemi belə təsvir edilir. Dəniz üzərində bütün il boyu hakim olan şimal küləkləri Şimali Xəzərdən cənuba doğru qərb sahilləri boyunca dreyf axınları yaradırlar və bu su selləri Abşeron yarımadasına qədər hərəkət edərək 2 qola ayrılır. Bunlardan daha güclü olanı yarımadadan keçərək cənuba daxil olur, sonra isə Cənubi Xəzərin sahilləri boyunca hərəkət edərək yenidən Orta və Şimali Xəzərə doğru hərəkət edirlər. İkinci qol isə Abşeron yarımadasından şərqə doğru hərəkət edərək şərq sahillərinə daxil olur və burada əsas qolla birləşir.
Manqışlaq yarımadasına daxil olan bu birləşmiş axın, yarımada tərəfindən qərbə tərəf dönür və beləliklə Şimali Xəzərdə tsiklonik (saat əqrəbinin əksinə) su dövranı yaranır. Dənizin cənub hissəsində Abşeron yarımadası ilə Kür çayı mənsəbi arasında yerli antitsiklonik (saat əqrəbi istiqamətində) axınlar da mövcuddur. Orta Xəzərin qərb sahilləri boyunca cənub-şərq istiqamətli axınlar hakimdir.
Abşeron yarımadası ərazisində sahilin təsiri nəticəsində güclü şimal-qərb küləkləri sahildən şərqə, açıq dənizdə isə şimal-qərbə yönəlmiş axınlar yaradır. Abşeron yarmadasından şimala doğru zəif küləklərdə axınların sürəti 10-20 sm/s, mülayim küləklərdə 30-40 sm/s və güclü küləklərdə isə 60-100 sm/s təşkil edir.
Cənubi Xəzərdə Bakı arxipelaqı rayonunda sürəti 10 sm/s olan cənub axınları üstünlük təşkil edir. Burada maksimal axın sürətləri (40-50 sm/s) güclü şimal-qərb küləkləri zamanı müşahidə edilmişdir. Cənubi Xəzərin şərq sahilləri boyunca aprel-sentyabr aylarında cənub istiqamətli axınlar hakimdirlər. Burada axınların sürəti mülayim küləklərdə 15-30 sm/s, güclü küləkdə isə 50-60 sm/s təşkil edir.
Suyunun duzluğu: Xəzər dənizinin suyu okean mənşəlidir və orta duzluğu 12,85 ‰ (promil) təşkil edir (okean suyunun orta duzluğu 35 ‰ - dir). Duzluluğun aşağı olması dənizin qapalı olması və əsasən çay axımları ilə qidalanması ilə əlaqədardır. Xəzər suyunda okean sularına nisbətən karbonat və sulfatların miqdarı çox, xloridlərin miqdarı isə azdır.
Xəzər dənizi suyunun duzluluğuna görə iki hissəyə bölünür. Duzluluğu az olan şimal hissə (orta hissədə 5-10, Volqa mənsəbinə yaxın sahədə isə 1-dən az) və cənub hissə (12-14). Dərinliyə getdikcə dəniz suyunda duzluluğun zəif artımı müşahidə edilir.
Xəzər dənizinin dərin hissələrində açıq dənizdə duzluluğun orta qiyməti 12,8-12,9 ‰ təşkil edir. Dərinliyə doğru duzluluq az dəyişir, təxminən 0,1-0,2 ‰ artır. Dənizin qərb sahilləri akvatoriyasında duzluluq şərq sahili akvatoriyasına nisbətən azdır. Buna əsas səbəb qərb sahili boyunda Volqa çayı axımının mövcud olmasıdır. Analoji vəziyyət Cənubi Xəzərdə Kür çayı axımı hesabına da baş verir.
Qışda Orta Xəzərdə duzluluq şimal-qərbdə 11,0 ‰ - dən cənubi-şərqdə 13,4 ‰-ə qədər artır. Yayda həm Orta, həm də Cənubi Xəzərdə (səthdə) duzluluq eyni olub, 12,8-12,9 ‰ təşkil edir. Lakin duzluluq Orta Xəzərin şərq sahillərində və mərkəzi ərazilərdə 13 ‰ qiymətlərinə qədər artır. Xəzər dənizində duzluluğun dəyişməsi əsasən dənizə daxil olan çay axımının dəyişməsindən, yəni su balansından asılıdır. Eyni zamanda dəniz aynası üzrə duzluluğun paylanmasında yağıntılar, fəsillər, dəniz səthindən buxarlanma, dənizin coşma səviyyəsi və dənizin müxtəlif hissələri arasındakı su mübadiləsi ikinci dərəcəli əhəmiyyət daşıyır.
Suyunun temperaturu: Xəzər dənizinin temperatur rejimi istilik balansı elementlərinin illik dəyişmələrinin təsiri nəticəsində formalaşır. Əsas istilik mənbəyi Günəşdən daxil olan qısadalğalı radiasiyadır.
Şimali Xəzərdə mart-avqust aylarında dəniz istiliyi toplayır, sentyabr-fevral aylarında isə sərf edir. Orta və Cənubi Xəzərdə istilik balansı Şimali Xəzərə nisbətən bir ay sonra işarəsini dəyişir. Şimali Xəzərin səth qatlarında suyun orta illik temperaturu 11-12°C, Orta Xəzərdə 13-14°C təşkil edir. Cənubi Xəzərdə temperaturun orta illik dəyişməsi dənizin digər sahələrinə nisbətən daha intensiv baş verir. Burada dörd izoterm xətti kəsişir (15,16,17,18°C). Xəzər dənizinin qərb sahillərində izotermlərin formasına təsir edən amillər Volqa, Terek, Kür və s. çay axımları, eləcə də hakim küləklərdir. İran sahillərində illik temperatur amplitudası 9-10°C-dən (yanvar) 26,8°C-yə (iyul), Abşeron akvatoriyasında 5-6°C-dən (fevral) 25-26°C-yə (avqust), Dərbənd-Maxaçqala akvatoriyasında 2-4°C-dən 23-24°C-yə, şimal-qərb hissədə isə 0,5°C-dən 26°C-yə qədər yüksəlir.
Dalğalanma: Xəzər dənizində güclü dalğalanma xüsusilə payız və qış aylarında əsən güclü şimal və cənub istiqamətli küləklər zamanı yaranır. Şimali Xəzər dalğa rejiminə görə dənizin digər hissələrindən xeyli fərqlənir. Burada dərinliyin az olması nəticəsində dalğalar ən böyük qiymətlərinə külək sürətinin 15-20 m/s qiymətlərində çatır. Ən böyük dalğalar (8 m-ə qədər) Orta Xəzərlə sərhəd ərazilərində cənub küləklərində müşahidə edilir. Orta Xəzərdə ən intensiv dalğalanma şimal-qərb istiqamətli küləklər əsən zaman Abşeron yarmadasında, şimal küləklərində isə ondan şimala doğru ərazilərdə müşahidə edilir. Maxaçkalanın şimal-şərqində isə güclü dalğalanma cənub-şərq küləklərində yaranır.
Dalğalanma nöqteyi-nəzərdən Xəzər dənizinin ən təlatümlü rayonları bunlardır: sahil zonaları üzrə Dərbəddən Abşerona qədər ərazi, açıq dəniz rayonlarında isə Abşeron astanasına bitişik dəniz akvatoriyası.
Xəzər dənizi üzərində güclü, qasırğalı küləklər cərəyan edir və belə küləklərə təqribən ilin 250 günü rast gəlmək mümkündür. Sözsüz ki, bu küləklər dəniz səthini hərəkətə gətirir, dalğalanmaya səbəb olur. Sahilə yaxınlaşdıqca dalğaların dəniz dibinə sürtünüb zəiflədiyi halda dalğalanma dərəcəsinin qiyməti də azalır.
Xəzər dənizi üçün maksimum dalğa hündürlüyü Abşeron yarımadası akvatoriyası yaxınlığında qeydə alınır. Şimal-qərb istiqamətli qasırğaların gücü 25 m/san-yə qədər yüksəldikdə, qasırğanın episentrində dalğa hündürlüyü 7,5-8,0 m, ekstremal qasırğalar zamanı isə 9-10 m-ə qədər yüksəlir.
Külək rejimi: İlin soyuq dövründə Xəzər dənizində şərq, şimal-şərq və şimal küləkləri, ilin isti dövründə isə qərb, şimal-qərb və bəzi yerlərdə cənub-şərq istiqamətli küləklər üstünlük təşkil edir. Sahilin ayrı-ayrı yerlərində relyefdən və sahil xəttinin konfiqurasiyasından asılı olaraq açıq dənizdəki küləyin əsas istiqamətindən fərqlənən külək istiqamətləri də müşahidə olunur.
İl ərzindəki küləklərin sürətləri isə bir o qədər də fərqlənmir. Bütün dənizdə il ərzində sürəti 4 bal olan küləklərə tez-tez rast gəlinir. Bəzi yerlərdə isə küləyin sürəti 11-12 bala çatır. Dənizin bəzi hissələrinin külək rejimi isə aşağıda qeyd edilən kimidir. Şimali Xəzərdə qışda əsasən şərq və şimal-şərq küləkləri (41-43% ay ərzində) üstünlük təşkil edir. Yazda şərq, cənub-şərq, yayda isə şimal-qərb və cənub-qərb istiqamətli küləklər çoxluq təşkil edir. Payızda yenə şərq rumblu küləklər üstünlüyə malik olurlar.
Ən sürətli küləklər (tufanlar) Abşeron, Mahaçqala və Manqışlaq ərazilərində müşahidə edilir. Abşeron dəniz rayonunda “Bakı nordu” (yerli adı “Xəzri”) adlanan küləyin sürəti 30 m/s-dən də çox olur, davam etmə müddəti isə 10 saatdan artıqdır. Dənizin və ətraf ərazilərin qeyri bərabər qızması və soyuması nəticəsində, xüsusilə onun cənub hissəsində musson və briz küləkləri də müşahidə edilir. Həmçinin Orta və Cənubi Xəzərin qərb sahillərində, dağların sahilə yaxın ərazilərində, Qafqaz dağlarından əsən fen küləkləri də mövcuddur.
Səviyyəsi: Xəzər dənizinin ən mühüm xüsusiyyəti səviyyəsinin mütəmadi olaraq qalxıb-enməsidir. Dənizin səviyyəsinin dəyişməsinə əsas səbəb onun su balansı elementlərinin dəyişməsidir. Su balansının mədaxilini (80%) çay axınları təşkil edir ki, onun da təqribən 85%-ə qədəri Volqa çayının gətirdiyi suların hesabındadır. Müşahidələr göstərir ki, çay axınları orta qiymətə nisbətən böyük intervalda dəyişikliklərə uğrayırlar. Buna səbəb isə dənizin çox geniş sutoplama hövzəsində (şimal yarım kürəsinin təxminən 20% ərazisi) baş verən hidrometeoroloji proseslərdir.
Xəzər dənizinin hidrometeoroloji şəraitinin öyrənilməsi məqsədi ilə dəniz müşahidə şəbəkəsində suyun səviyyəsi, temperaturu, duzluluğu, rəngi, şəffaflığı, dalğanın hündürlüyü, uzunluğu və dövrü, havanın temperaturu, rütubət, buludluluğun miqdarı, küləyin sürət və istiqaməti, atmosfer təzyiqi, yağıntının miqdarı məlumatları üzərində müşahidələr aparılır. Xəzər dənizinin Azərbaycan sektorunda müşahidə şəbəkəsi şimaldan cənuba yerləşərək Neft Daşları İxtisaslaşmış Dəniz Hidrometeoroloji stansiyası, Çilov adası, Sumqayıt stansiyaları və Bakı, Xəzər dəniz məntəqələrindən ibarətdir. Sahil zonasında və açıq dənizdə yerləşən stansiya və məntəqələrdə 4 müşahidə vaxtında (00\03, 06\09, 12\15, 18\21) Xəzər dənizinin hidrometeoroloji rejimini əhatə edən müşahidələr aparılır.
2020-ci il 28 may tarixində Neft Daşları İxtisaslaşmış Dəniz Hidrometeoroloji Stansiyasında, iyunun 3-də 28 May dəniz məntəqəsinin 9-cu özülündə, martın 23-də Darvin Bankəsi dəniz məntəqəsində, iyunun 14-də Xərə-Zirə dəniz məntəqəsində “Dəniz Hidrometeoroloji şəbəkənin modernləşdirilməsi” layihəsi çərçivəsində avtomat stansiyalar quraşdırılmışdır. Müşahidə şəbəkəsindən alınan fasiləsiz, davamlı informasiya sayəsində Xəzər dənizinin çoxillik hidrometeoroloji şəraitini təhlil etmək mümkündür.
Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirən yeganə dövlət hesab oluna bilər. Bu tədbirlərin məqsədi Xəzər dənizinin dəniz ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsindən ibarətdir. Milli Hidrometeorologiya Xidməti Xəzəryanı ölkələrin Koordinasiya Mərkəzi olan KASPKOM ilə əmakdaşlıq edərək, məlumat mübadiləsi aparır.