Çöl Tədqiqat Ekspedisiya İşləri
Qar örtüyü üzərində aparılan müşahidələr və ümumi müqayisələr
Azərbaycan ərazisində qarölçmə işləri 1950-ci ildən aparılır. Qarölçmə işləri Böyük və Kiçik Qafaqazın dağlıq ərazilərində 30 marşrut üzrə olmaqla 22 çayın hövzəsində aparılır.
Hər il sistematik olaraq hazırlanan yaz-yay gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu əhaliyə, infrastrukur sahələrə dəyə biləcək ziyanların minimuma endirilməsində böyük əhəmiyyətə malikdir. Bu məqsədlə Milli Hidrometeorologiya Xidməti tərəfindən Azərbaycanın yüksək dağlıq ərazilərində yaz-yay (aprel-iyun) gursululuq dövrünün proqnozlaşdırılması məqsədilə Böyük və Kiçik Qafqazın çaylarının hövzələrində qarölçmə işləri aparılaraq, qarın hündürlüyü və çəkisi ölçülərək qarın sıxlığı və qarda olan su ehtiyatı müəyyənləşdirilir.
Qarölçmə marşrutlarının yerləşmə sxemləri

2021-ci ildə aparılan qarölçmə işlərinin nəticələrinə əsasən Böyük Qafqazın çaylarının hövzələrində qarda olan sululuq çoxillik normanın 80-93 %-ni (2020-ci ildə 69-84%-ni), Kiçik Qafqazın çaylarının hövzələrində isə normanın 68-95%-ni (2020-cu ildə 63-78%-ni) təşkil etmişdir.
Kəlbəcər və Laçın rayonlarının ərazisindən axan Həkəriçay və Tərtərçay çaylarının hövzəsində 2 qarölçmə marşrutu üzrə ölçü işləri aparılmışdır. Qarölçmə işlərinin nəticələrinə əsasən Həkəriçayın hövzəsində marşrutda qar olmamış, Tərtərçayın hövzəsində isə qarda olan su ehtiyatı 52,8 mm təşkil etmişdir ki, bu da Kiçik Qafqazın orta göstəricisi ilə müqayisədə normanın 81 %-dir.
Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qarölçmə işlərinin aparılması.
Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qarölçmə işlərinin aparılması.
Son 10 ildə Böyük və Kiçik Qafqazın çaylarının hözələrində qar örtüyündə sululuğun çoxillik dəyişməsi


Son illərdə iqlim dəyişmələrinin təsiri nəticəsində Respublikanın su ehtiyatlarının qidalanmasında xüsusi rol oynayan Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyünün sahəsinin azalması və qarın aşağı sərhəddinin yüksəkliyə doğru qalxması müşahidə olunmaqdadır.
Kür çayının aşağı axınında tədqiqat işlərinin aparılması
Kür çayının Mingəçevir su anbarından aşağıda Sabirabad, Şirvan, Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində seçilmiş məntəqələr üzrə tədqiqat işləri aparılmış müasir “SOMMER” RP-30 portativ ölçü cihazı vasitəsilə və fırlanğıcla nəzarət su sərfləri ölçülür və çayın en kəsiyinin profilləri çıxarılır.
Dağ çaylarından keçən maksimal su sərflərinin təyin edilməsi
Yaz-yay gursululuq dövrü zamanı çaylardan keçən qısamüddətli daşqın və selin izinə görə maksimal su sərfini təyin etmək üçün iyul-avqust aylarında iki istiqamətdə (Böyük və Kiçik Qafqazın dağ çaylarına) ekspedisiya təşkil olunur, selin izinə görə ölçü işləri aparılır və hesablamalar aparıldıqdan sonra maksimal su sərfi müəyyən edilir.
Buzlaqlar üzərində ölçü işlərinin aparılması
Azərbaycanın ərazisində dağ buzlaqları Qusarçayın hövzəsində müşahidə olunur. Buzlaqların öyrənilməsi ekspedisiya yolu ilə və mövcud xəritələrdən istifadə etməklə aparılır. Qusarçayın hövzəsində 8 buzlaq olmaqla Yatıqdərə çayının hövzəsində, Əbildərə çayının hövzəsində (Tufandağ buzlağı), Düzyurd çayının hövzəsində (Şahdağ buzlağı) yerləşir.
Hər ilin avqust ayında buzlaqlar üzərində müşahidələr dəniz səviyyəsindən 3755 m yüksəklikdə Tufandağ buzlağında aparılır. Aparılan tədqiqatların nəticələri göstərir ki, buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünun artması, buzlaq dilinin hər keçən il geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin və sərfinin artdığı müəyyən olunur. Bu da buzlaqda gedən ərimə prosesinin intensivliyindən xəbər verir.
Tufandağ ərazisində buzlağın yuxarı hissəsində aparılan ölçü işləri