Biomüxtəliflik

Zooloji kolleksiyaların yaradılması.
 
Heyvanların təbii mühitdən götürülməsi yolu ilə fiziki və hüquqi şəxslər tərəfindən yaradılmış zooparklar, zoobağlar, okeanariumlar və s. canlı kolleksiyalar, habelə heyvan müqəvvaları, preparatları, hissələri və qalıqları şəklində kolleksiyalar zooloji kolleksiyalar adlanır. Zooloji kolleksiyalar dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik dəyəri olan zooloji kolleksiyalar (mülkiyyət formasından asılı olmayaraq) dövlət uçotuna alınmalıdır.

Azərbaycan Respublikasında zooloji kolleksiyalar dövlət uçotuna Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi  tərəfindən dövlət reyestrinə daxil edilməklə alınır və zooloji kolleksiyaların canlı obyektləri barədə məlumatlar heyvanların dövlət uçotu sənədlərində və dövlət kadastrında öz əksini tapır.

Zooloji kolleksiyaların elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik dəyərinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA Zoologiya İnstitutu və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrindən ibarət “Ekspert qrupunun yaradılması barədə” 22 aprel 2019-cu il tarixli, 314/ü saylı əmri ilə ekspert qrupu təşkil edilmişdir. 

Zooloji kolleksiyaların yaradılması məqsədi ilə icazə almaq üçün fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi   müvafiq ərizə (məktub) təqdim edilməlidir. Ərizədə (məktubda) zooloji kolleksiyanın yaradılmasının və zənginləşdirilməsinin məqsədi, heyvanların növü, miqdarı, saxlanılması üçün müvafiq şəraitin olması barədə məlumatlar öz əksini tapmalıdır.

Zooloji kolleksiyaların dövlət reyestrinə daxil edilməsi üçün aşağıdakılar təqdim edilməlidir:

1) kolleksiya mülkiyyətçisinin (sahibinin) ərizəsi və kolleksiyanın ona məxsus olmasını təsdiq edən sənəd;
2) elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik dəyərə malik olması barədə zooloji kolleksiyalar üzrə ekspert qrupunun rəyi;
3) kolleksiyaya daxil olan obyektlərin, kolleksiya materiallarının siyahısı, sayı və qanuni əldə edilməsi barədə sənədlər.

Zooloji kolleksiyaların dövlət reyestrinə daxil edilməsi (ekspertizaya təqdim olunan zooloji kolleksiyaya dair mütəxəssis-ekspertin yazılı rəyi ekspert qrupunun yığıncağında müzakirədə səs çoxluğu ilə təsdiq olunandan sonra) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  əmri ilə həyata keçirilir. Zooloji kolleksiyaların dövlət uçotuna alınması və dövlət reyestrinə daxil edilməsi barədə onun mülkiyyətçisinə (sahibinə) şəhadətnamə verilir. Elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik dəyərinə malik olması barədə ekspert qrupunun mənfi rəyi olduğu halda, zooloji kolleksiya dövlət uçotuna alınmır və bu barədə ərizəçiyə səbəbləri göstərilməklə müvafiq cavab göndərilir.

Təqdim edilən zooloji kolleksiyada olan canlı heyvanların qanuni əldə edilməsi barədə sənədlər olmadıqda bu kolleksiya dövlət uçotuna alınmır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülür. Bu barədə zooloji kolleksiyanın mülkiyyətçisinə (sahibinə) müvafiq məlumat verilir. Zooloji kolleksiyaların reyestrə daxil edilməsi barədə verilən şəhadətnamənin tarixi həmin kolleksiyanın dövlət uçotuna alınma tarixi hesab edilir.

Dövlət uçotuna alınmış kolleksiyaların mülkiyyətçiləri (sahibləri)  tərəfindən hər il (20 yanvar tarixinə kimi) kolleksiyanın vəziyyəti və dövriyyəsi barədə Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə məlumat verilməlidir. Təqdim olunan məlumatda il ərzində zooloji kolleksiya üçün əldə edilmiş  yeni, dəyişdirilmiş, respublikanın hüdudlarından kənara göndərilmiş və sıradan çıxmış obyektlər barədə məlumatlar öz əksini tapmalıdır. Bütün dəyişikliklər reyestrdə göstərilməlidir.

Ovçular tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ovlanmış ov heyvanlarından (ov qənimətlərindən) zooloji kolleksiyaların yaradılmasına icazə tələb olunmur.

Xüsusi təbii mühafizə (Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilməmiş, lakin kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna növlərindən), elmi (relikt və endemik) və estetik (ərazi üçün xas olan oxuyan və bəzəkli) dəyərli heyvanlar aləmi obyektlərindən, habelə Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş heyvan növlərindən (qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış) və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə edilmiş heyvan növlərindən başqa) bələdiyyələr və ya xüsusi mülkiyyətçilər tərəfindən zooloji kolleksiyaların yaradılmasına yol verilmir. Sözügedən heyvanlar aləmi obyektlərindən və heyvan növlərindən yalnız dövlət tərəfindən təsis edilmiş hüquqi şəxslər zooloji kolleksiyalar yarada bilərlər.

Fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların Azərbaycan Respublikasının hüdudlarından kənara göndərilməsi və aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi  müvafiq icazəsini almaq məqsədi ilə aşağıdakı sənədlər təqdim edilməlidir:

1) ərizə
 fiziki şəxslər üçün — pasport məlumatı (adı, atasının adı, soyadı və ünvanı);
 hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması və ünvanı;
2) zooloji kolleksiyanın reyestrə daxil edilməsi barədə şəhadətnamə;
3) zooloji kolleksiyaya daxil olan obyektlərin (taksonomik qrupların) Azərbaycan və latın dillərində adları, miqdarı və qanuni əldə edilməsi barədə sənədlər;
4) zooloji kolleksiya üzrə ekspert qrupunun kolleksiyaların ticarəti, respublikaya gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılmasına dair rəyi;
5) zooloji kolleksiyanın bir ildən artıq olmamaq şərti ilə nümayiş etdirildiyi ölkənin hüquqi tərəfi ilə əməkdaşlıq haqqında müqavilə (kontrakt).