Biomüxtəliflik

                                       Azərbaycan Respublikasının “Qırmızı kitab”ı

Fauna və flora növlərinin mühafizə olunmasının effektiv üsullarından biri “Qırmızı kitab”ın təsis edilməsidir. Hələ 1977-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanın flora və faunasının genofondunun mühafizəsi üçün Azərbaycan Respublikası “Qırmızı kitab”ının təsis edilməsinə dair qərar qəbul edilmişdir.

Mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növləri xüsusi mühafizə edilir və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilir. Azərbaycan Respublikasının “Qırmızı kitab”ı rəsmi sənəd olmaq etibarilə, Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində heyvan və bitki növlərinin (yarımnöv, populyasiyalar) vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.

Azərbaycan Respublikasının “Qırmızı kitab”ı “Heyvanlar aləmi haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlara əsasən tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı kitabı haqqında Əsasnamə”yə uyğun olaraq “Qırmızı kitab”ın nəşrləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası ilə əlaqəli surətdə təşkil edilir və maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilməklə hər 10 ildən bir yenidən nəşr edilməsi nəzərdə tutulur.

Ölkəmizdə bitki və heyvanat aləminin mühafizəsi, həm ölkə qanunvericiliyində, həm də 1989-cu ildə çap edilmiş Azərbaycan SSR-in bitki və heyvanlarının “Qırmızı kitab”ının I nəşrində təsbit edilmişdir. Bura alimlər tərəfindən Azərbaycan florasında mühafizəsi tələb olunan 140, fauna üzrə isə 108 növ daxil edilmişdir.

“Qırmızı kitab”ın II nəşri 2013-cü ildə hazırlanmış və 2 cilddə (1-ci cild flora, 2-ci cild fauna üzrə) çap edilmişdir. II nəşrə 223 fauna və 300 flora növü daxil edilmişdir.

2019-cu ildə “Qırmızı kitab”ın yeni – III nəşrinin hazırlanması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən elmi heyət, işçi qruplar və fəaliyyət proqramı müəyyən edilmişdir. Nadir və nəsli kəsilməkdə olan növlərin tədqiqi üzrə mütəxəssislər tərəfindən intensiv monitorinqlər həyata keçirilmiş, onların beynəlxalq təcrübəyə uyğun olaraq müasir qorunma meyarları müəyyənləşdirilmişdir. Bu istiqamətdə “Qırmızı kitab”ın I və II nəşrlərinə daxil edilmiş, lakin sayında və arealında əhəmiyyətli artım qeydə alınan növlərin, eləcə də adları siyahıda olduğu halda, ölkənin flora və faunasında uzun dövr ərzində təsadüf edilməyən növlərin qanuni prosedurlarla siyahıdan çıxarılması, eyni zamanda, saylarında və yayılmasında ciddi azalmalar qeydə alınan növlərin əlavə edilməsi ilə əlaqədar elmi-tədqiqat işləri aparılmışdır. Bu nəşrdə əvvəlki 2 nəşrdən fərqli olaraq, növlərin beynəlxalq kateqoriyaya uyğun qiymətləndirilməsi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) yeni təlimatı əsasında aparılmışdır.

“Qırmızı kitabı”ın III nəşri ilə bağlı işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında elmi-tədqiqat işləri aparılmış, Ermənistan tərəfindən 30 il müddətində işğal altında saxlanılmış və ekoloji terrora məruz qalmış ərazilərdə monitorinqlər keçirilmiş, nadir və nəsli kəsilmək təhlükəsində olan növlər müəyyənləşdirilərək son nəşrə daxil edilmişdir.

Ümumilikdə “Qırmızı kitab”ın son nəşrində (2023-cü il) nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna: 152 onurğalı, 89 onurğasız və 460 flora: 383 ali, 15 ali sporlu, 6 mamır, 14 şibyə, 5 yosun; 37 göbələk növləri öz əksini tapmışdır. Həmçinin ilk dəfə tərtib olunan çəhrayı siyahıya 49-u ali, 2-si ibtidai olmaqla 51 bitki növü daxil edimişdir.