Biomüxtəliflik

Mnemiopsis leidyi

Xəzər dənizində yabanı növ olan Mnemiopsis leidyi haqqında yeni məlumat

Mnemiopsis leidyi (А. Agassiz, 1965) okean sularında yaşayan mezoplanktona aid jeleşəkilli daraqlı orqanizmdir. Mnemiopsis Atlantik okeanın Meksika körfəzindən əvvəlcə yük daşıyan gəmilərin ballast suları ilə Qara dənizə düşmüş, Azov, Aralıq dənizlərində məskunlaşmış, bir neçə ildən sonra isə Xəzər dənizində müəyyən edilmişdir . Mnemiopsis leidyi-nin daxili cənub dənizlərinə (Qara, Azov, sonra isə Xəzər dənizinə) düşməsini alimlər bu dənizlərin ekosistemlərinə gəlməsinin real müddətlərindən çox sonra müəyyən etmişlər.

Beləliklə, Qara dənizdə jeleşəkilli daraqlısının görünməsi haqqında ilk qeyd 1982-ci ildə edilmişdir (Pereladov, 1988), növ kimi birinci qeydiyyat isə 1986-cı ildə meydana gəlmişdir (Zaytsev və s., 1988). Xəzər dənizində balıqçıların tora düşmüş jeleşəkilli daraqlısı haqqında ilk məlumatı 1996-cı ildə daxil olmuşdur və yalnız 1999-cu ildə bu növ Xəzər ETBTİ mütəxəssisləri tərəfindən Türkmənistan sahillərində ekspedisiya keçirərkən (Zaytsev, 2001) qeydə alınmışdır. Yırtıcı jeleşəkilli daraqlısı Mnemiopsis leidyi 35 ildən artıqdır ki, Qara və Azov dənizlərinin ekosisteminə, 20 ildən artıq müddətdir ki, Xəzər dənizinə təsir göstərir.

2010-2017-ci illərdə Cənubi Xəzərdə Mnemiopsis leidyi biokütləsinin dinamikası



Son 15-20 ildə zooplanktonun sayı və biokütləsi Orta Xəzərdə 5-6 dəfə, Cənubi Xəzərdə isə təxminən 10 dəfə azalmışdır. Cənubi Xəzərdə Mnemiopsis leidyi-nin ən yüksək biokütlələri müəyyən edilmişdir. Orta və Cənubi Xəzərin qərb şelfində Mnemiopsis leidyi daraqlısının biokütləsi və sayı yaydan payıza doğru əhəmiyyətli dərəcədə artır.

Beləliklə, 1990-cı illərin axırlarında ballast suları vasitəsilə Xəzər dənizinə gətirilmiş jeleşəkilli orqanizm Mnemiopsis leidyi dənizin akvatoriyasında sürətlə yayılaraq, dənizin biomüxtəlifliyinə birbaşa və ciddi ziyan vurmuşdur. O, kilkələrin yem bazası olan zooplanktonu böyük miqdarda tükətmiş (təxminən 10 dəfə), bu da qida zənciri boyunca nərəkimilərin, yırtıcı siyənəklərin və digərlərinin qida bazasının azalması ilə nəticələnmişdir.

Dolayısı ilə dib heyvanlarının (molyusklar, yengəclər və s.) plankton sürfələrini tükətməklə, mnemiopsis həmçinin bentosla qidalanan balıqların – nərəkimilərin, çəkikimilərin və s. yem bazasını məhv edir. Son 15-20 il ərzində Cənubi və Orta Xəzərin qərb sahilində mnemiopsisin biokütləsi və sayı illər üzrə tərəddüd edərək, 2015-ci ildə bütün müşahidə illəri üzrə maksimum göstəricini təşkil etmişdir. Son üç il ərzində isə Cənubi Xəzərdə ilk dəfə olaraq mnemiopsisin biokütləsinin stabilləşməsi dinamikası müşahidə olunur.

Son 15-20 ildə Xəzərdə balıq ovu həcmlərinin azalmasının səbəbi 2001-ci ildən sonra xüsusilə özünü biruzə verən və artan Mnemiopsis leidyi daraqlısının invaziyasının mənfi təsiri ilə bağlı kilkə ehtiyatlarının aşağı düşməsidir.

Planktofaq olan Mnemiopsis leidyi daraqlısı gəlmə növünün Xəzərin ekosistemində rolu böyük miqdarda zooplanktonun yeyilməsi yolu ilə kilkələrın qida bazalarının azaldılması və bununla da qida istehlakçıları üçün fövqəladə vəziyyətin yaranmasındadır. Xəzər dənizində Mnemiopsis leidyi peyda olması ilə kilkə ehtiyatının və ovunun azaldılması qeydə alınır. Belə ki, onun ovu Xəzər hövzəsində 1999-cu ildə 271 min tondan 2016-cı ildə 316 tona qədər azalmışdır.