Biomüxtəliflik

Azərbaycanın faunası

Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar. Memarlıq abidələri, qədim qaya və daşlar üzərindəki müxtəlif heyvan təsvirləri dövrümüzə qədər gəlib çatmışdır. XVII əsrdən etibarən təbiətşünas səyahətçilərin Azərbaycan ərazisinə səfərləri ilə bağlı heyvanlar aləmi haqqında ilk bilgi əldə edilir.

Heyvanat aləminin Azərbaycanda yayılmasına relyef şəraiti və ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən çox ali heyvan növü yaşayır. Azərbaycan faunasında 14000 növ həşərat, 104 növ balıq, 11 növ suda-quruda yaşayan, 63 növ sürünən, 405 növ quş, 115 növ məməli qeydə alınmışdır.

Bəzi heyvanlar çox məhdud (göl, çay, dağın bir hissəsi), digərləri isə geniş ərazilərdə yayılmışdır. Məsələn, sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar. Məməlilərdən ceyran düzənlik, yarımsəhra, kiçik təpəlikli dağətəyi ərazilərini, Dağıstan turu Böyük Qafqaz dağlarının cənub və şimali-şərq yamaclarını, Berkut dağ meşələrini özünə məskən seçmişdir.  Endemik növlərdən olan Qafqaz tetrasına isə Böyük və Kiçik Qafqazın subalp qurşaqlarında rast gəlinir.  Yaşılbaş ördəyə isə Xəzərin sahilində və sututarlarda rast gəlinir. Qayakeçisi (bezoar keçisi) və dağ qoyunu (Asiya muflonu) hazırda Naxçıvan MR-nın yüksək dağlıq ərazilərində məşkunlaşmışlar.

Ədəbiyyatda gözəllik simvolu kimi adı çəkilən ceyran başqa məməlilərə nisbətən dünyada çox az yayılmışdır. Növün dünyada əsas arealı Ərəbistan yarımadası, İran, Kiçik Asiya yarımadası, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Əfqanıstan, Pakistan, Monqolustan, Şimal-qərbi Çin və Cənubi Qafqazda isə əsas arealı Azərbaycandır. Azərbaycan ceyranların nisbətən çox yaşadıqları ərazi olmuşdur. Lakin, uzun tarixi dövr ərzində antropogen təsirə məruz qalan bu növlərin sayı kəskin azalmağına baxmayaraq, ölkəmizdə bu növün bərpası istiqamətində aparılan işlər nəticəsində hazırda ceyran populyasiyası Avropa məkanında ən böyük populyasiya hesab edilir.

Bəbir əsasən tropik və subtropik qurşaqların tipik nümayəndəsi olsa da,  Azərbaycanda bu heyvana Talış dağlarının sıx meşələrində, Kiçik Qafqazın meşəli və qayalı ərazilərində, Naxçıvanın sərt qayalıqlarında rast gəlinir. Bəbir nadir növ kimi Azərbaycan Respublikasının “Qırmızı kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) “Qırmızı siyahı”sına daxil edilmişdir. Bu növün adı nəsli kəsilməkdə olan növ kimi həmçinin ”Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyanın (CITES) 1-ci əlavəsində əksini tapmışdır.