İqlim Dəyişmələri və Ozon Mərkəzi
İqlim Dəyişmələri və Ozon Mərkəzi Milli Hidrometeorologiya Departamentinin tərkibində fəaliyyət göstərir. Mərkəz əsasən İqlim, İstilik Effekti Yaradan Qazların İnventarlaşması, bu qazların azaldılmasına gətirən tədbirlərin hazırlanması, iqlim dəyişmələrinə uyğunlaşma və Ozon qatının qorunması sahələri ilə məşğul olur. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, Kioto Protokolu, Ozon qatının qorunması üzrə Viana Konvensiyası, ozondağıdıcı maddələrin tənzimlənməsi üzrə Monreal Protokolu, davamlı üzvi çirkləndiricilər üzrə Stokholm Konvensiyası və ictimaiyətin məlumatlandırılması sahəsində Orxus Konvensiyası üzrə öhdəliklərinin yerinə yetirilməsi sahəsində tədbirlərin görülməsinə yardım edir.
-
İqlim sahəsində İqlim dəyişmələrinin təhlili üzərində işlərin aparılması, İqlim ssenarilərinin hazırlanması və daha mütərəqqi proqnoz metodlarının öyrənilməsi və tətbiqi;
-
İstilik Effekti Yaradan Qazların İnventarlaşması sahəsində kadastr sisteminin təkmilləşdirilməsi, tullantılarının məhdudlaşdırılmasına dair tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsinə dair təkliflərin verilməsi, İqlim dəyişmələrinin təsirinin yumşaldılmasına və istilik effekti yaradan qazların azaldılmasına yönələn Milli Fəaliyyət Planı üzrə layihələrin işlənilməsi və layilərin həyata keçirilməsinə yardım edilməsi;
-
İqlim dəyişmələrinə uyğunlaşma sahəsində Gözlənilən iqlim dəyişmələrinin təbii ekosistemlərə və ölkə iqtisadiyyatına mümkün təsirinin qiymətləndirilməsi,İqlim dəyişmələrinin təsirinə məruz qalacaq sistemlərin adaptasiya strategiyasının işlənilməsinə yardım göstərilməsi;
-
Ozon qatının qorunması sahəsində Ozondağıdıcı maddələrin (ODM) Respublikada istehsalı, idxalı, ixracı və istifadəsi haqqında məlumatların toplanması, təhlili və alınan nəticələrin yerli təşkilatlara və Konvensiyanın müvafiq orqanlarına təqdim edilməsi, ozon sahəsində müxtəlif layihələrin həyata keçirilməsinə dair dövlət və qeyri-dövlət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi;
-
Konvensiyalar qarşısında öhdəlikləri yerinə yetirmək sahəsində Kioto Protokolunun Mexanizmlərinə dair layihələrin işlənilməsi, təsdiq edilməsi və həyata keçirilməsinə yardım edilməsi, İqlim dəyişmələri və ozon probleminə dair biliklərin yayılması, müntəzəm təbliği və ictimaiyyətin məlumatlandırılması, İqlim və ODM-in əvəz edilməsi sahələrində müasir texnologiyalara dair informasiyaların toplanması, təhlili, yayılması, və mübadiləsi sisteminin yaradılması, İqlim dəyişmələri, İEYQ və ODM üzrə informasiya bankının yaradılması, keyfiyyətinin artırılması və idarə olunması, Konvensiya orqanları ilə sıx əlaqənin təmin edilməsi vəzifələrini həyata keçirir.