Şirvan Milli Parkı

F L O R A S I

Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir.

Bu ərazinin təbii florasında 82 növ çiçəkli bitki növləri var. (4 növ kol, 2 növ yarımkol, 4 növ kolcuqlar, 3 növ yarımkolcuqlar, otlardan isə 23 növ çoxillik, 6 növ ikillik və 40 növ birillik otlar). Floristik  tərkibdə 7 endem növ, o cümlədən 3 növ Azərbaycanın endemi - Bakı cuzqunu (Calligonium bakuense), səhra zəncirotu (Taraxacum desertorum), Şoviç yovşanı (Astragalus szovitsii), Qafqazın endemi 4 növ steven gəvəni (Astragalus stevenianus), Hirkan gəvəni (Astragalus hyrcanus), Qafqaz qarayoncası (Medicago caucasica) və yarımçılpaq şeytanqanqalı (Carduus seminudus) yayılmışdır. Floranın növ tərkibində ali sporlulara aid mamırlardan - barbülə (Barbula unguiculata) və şibyələrdən daraqlı kollema (Collema cristatum) rast gəlinir.

Milli Parkın florasını sayca ən çox kserofitlər (halofitlər) qismən mezokserofitlər, mezofitlər və hidrofitlər təşkil edir. Parkın bitki örtüyünün fitosenoloji təsnifatının təhlili göstərir ki, ərazidə səhra (Deserta), yarımsəhra (Hemideserta), dənizsahili-qumsal, çala-çəmən və su-bataqlıq ekoloji (bitkilik) tipləri mövcuddur. Oranın bitki örtüyünə çoxillik şorangəliyə qaraşoranlıq (Halocnemum strobilaceum), sarıbaşlıq (Kalidium caspicum), şahsevdilik (Halostachys caspica), yulğunlu - şahsevdilik  (Tamarixetum ramosissima-Halostachyetum caspica), çərənlik (Suaeda dendroides), gəngizli-efemerli (Salsola nudulosa), yovşanlı-gəngizlik (Artemisia szowitziana-Salsola dendroides) aiddir. Birillik şorangəliyə duzlaq-çoğanlıq (Salicornia europaea), budaqlı qışotuluq (Petrosimonia brachiata), efemerli-yovşanlı-qışotuluq (Artemisia fragrans+Petrosimonia brachiata brachiata) daxildir.

Ərazinin boz-çəmən torpaqlarında yovşanlı-efemerlik (Artemisia fragrans) inkişaf edir. Bu assosiasiayanın növ tərkibində rast gələn efemerlər - yapon tonqalotu (Bromus japonicus), sərt quramat (Lolium rigidum), eləcə də efemeroidərdən - soğanaqlı dişə (Poa bulbosa) və s. otları ceyranlar həvəslə yeyir. Qış mövsümündə ətirli yovşan, gənqiz və s. çoxilllik şorangələr ceyranların təbii yemi sayılır. Müvafiq fitosenozların edifikator növlərindən - yoğunlaşmış qaraşoran (Halocnemum strobilaceum), xəzər sarıbaşı (Kalidium caspicum), xəzər şahsevdisi (Halostachys caspica), kolvari çərən (Suaeda dendroides), gəngiz (Salsola dendroides), Şoviç yovşanı (Artemisia szowitziana), budaqlı qışotu (Petrosimonia brachiata), ətli şorangə (Salsola crassa), ətirli yovşan (Artemisia fragrans) və s. göstərmək olar.

Xəzər sahilinin qumsallıqlarında - gəcəh yovşanlıq (Artemisia tschernieviana), Pürən yovşanlıq (Artemisia scoparia) bitki örtüyündə qarışıq senozlar əmələ gətirir. Çala gölünün (Qızılqaz) əhatəsində yayılan çala-çəmən bitkiliyində dəvətikanlıq (Alhagi pseudoalhagi) və su-bataqlıq tipinə aid qamışlıq (Phragmites communis) yayılmışdır. Hər iki bitki örtüyü quşların əlverişli yem və sığınacaq sahəsidir. Yalnız gəcəh yovşanlıqda - dominant bitki - xəşəmbül (Melilotus caspica) isə ceyranlar və quşlar üçün dəyərli yem bitkisidir.

Parkın bitki örtüyündə dərman bitkilərindən – lentşəkilli bağayarpağı (Plantago lanceolata), əməköməci (Malvalthaea transcaucasica), qırxbuğum (Polygonum sp.) və s. rast gəlinir.