Meşələr

Meşə anlayışı haqqında məlumat

Meşə - Nisbətən böyük və ya kiçik sahədə yerləşən, bir-birinə və bitdiyi şəraitə, yəni bitkilərə, iqlimə, heyvanlar aləminə və s. təsir edən, burada birgə və ziddiyət şəraitində inkişaf edən ağac bitkiləri topluluğuna deyilir.

Bircinsli və qarışıq meşə - Bir ağac cinsindən ibarət ağaclıq-bircinsli, iki və ya daha çox ağac cinsindən ibarət ağaclıq-qarışıq meşə adlanır.

Sadə və mürəkkəb meşə - Yer səthindən nisbətən eyni hündürlükdədirsə, yəni birmərtəbəlidirsə, belə meşə sadə hesab olunur. Müxtəlif hündürlükdə yəni çox mərtəbəli olarsa, belə meşə çoxmərtəbəli mürəkkəb meşə hesab olunur.

Hakim və tabe cins - Meşədə üst mərtəbədə yerləşən ağaclar-hakim cins. Alt mərtəbədə yerləşən ağaclar isə tabeli cins (yəni ikinci dərəcəli cins) adlanır.

Cücərti - Ağacların 1 yaşına qədər olan bitkilərinə cücərti deyilir.

Yeniyetmə - Gələcəkdə mövcud meşəni əvəz edə biləcək cavan ağaclara yeniyetmə ağaclar deyilir.

Cavan ağaclar - Boyu ana ağacların hündürlüyünün yarısına qədər çatmamış 1 yaşdan yuxarı olan ağaclar cavan ağaclar adlanır.

Boyqovucu - Baş cinslərin boy artmasına kömək edən və onların gövdələrinin formasını yaxşılaşdıran ağac və kol yığımına boyqovucu cinslər deyilir.

Meşə altı - Eyni şəraitdə ağac mərtəbəsinin hündürlüyü qədər boy verə bilməyən kol və ağac yığımına meşəaltı deyilir.

Canlı torpaqüstü örtük - Meşə torpağını örtən otlar, şibyələr, göbələklər, mamırlar, yarımkollar və torpaq üstündə sərilərək inkişaf edən kollar yığımına deyilir.

Meşədöşəyi - Meşədə bitən ağac və kollardan tökülmüş quru yarpaq və budaqlardan ibarətdir.