650 min ağacın əkilməsi Azərbaycanın yaşıllığı çox olan ölkələr sırasına daxil olmasına səbəb olacaq
Son illər dünyada yaşıllıqların azaldığı barədə ”həyəcan təbili” çalınır. Meşə zolağının, ağacların azalması ilk növbədə insan üçün xoşagəlməz nəticələr vəd edir: oksigen azalır, ətrafa yayılan səs-küyün və toz dənəciklərinin qarşısı alınmır, atmosferə buraxılan zəhərli qazlar udulmadığı üçün canlı orqanizmə zərərli təsir göstərir, xəstəliklər çoxalır. Ona görə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü dəstəkləyir və olduqca təqdirəlayiq bir iş kimi qiymətləndirirəm.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru Süveyrat Həsənova bu barədə AZƏRTAC-a müsahibə verərkən deyib: “Statistikaya görə, hər il atmosferə 10 milyard ton karbon qazı buraxılır, onun 8, 5 milyard tonu nəqliyyat vasitələri hesabına atılır. Ölkəmizdə 1,4 milyon nəqliyyat vasitəsi var və onun 500-800 mini Bakı və Bakıətrafı qəsəbələrdə yaşayanlar tərəfindən idarə edilir. Hesablamalara görə, bir avtomobil gündə 15 litr yanacaq sərf etməklə havaya 9 kilo karbon qazı buraxır, bu, gün ərzində 7, 2 min ton, il ərzində 2,8 milyon ton deməkdir. Mövcud avtonəqliyyat vasitələrinin müxtəlif səbəblərlə əlaqədar olaraq 400 mininin işlək vəziyyətdə olmadığını nəzərə alsaq, işlək vəziyyətdə olanların vasitəsilə ölkəmizdə havaya 3 milyon 285 milyon ton karbon qazı atılır. Əlbəttə, bu, heç də kiçik rəqəm deyil. Ona görə yalnız hər avtomobilə görə 12 hektar meşə sahəsi salmaq lazım gəlir.
Ağaclar çox olan ərazidə daha sağlam həyat sürmək mümkündür. Çoxlu ağac əkilməsi və meşə zolaqlarının salınması qlobal istiləşmə və iqlim dəyişməsinin qarşısını ala bilər. Təəssüf ki, indiyə qədər Azərbaycan yaşıllığı çox olan ölkələr sırasında deyil. Ərazisinin 20-22 faizi meşələrlə örtülü olan ölkə yaşıllıqla zəngin ölkə sayılır. Azərbaycan ərazisinin 14 faizi meşə sahələrindən ibarətdir. Ölkəmiz bu göstəriciyə görə qonşu Türkiyə və Gürcüstandan xeyli geridə qalır. Belə ki, Gürcüstan ərazisinin 38 faizi, Türkiyənin 23 faizi meşələrdən ibarətdir. Noyabrın axırlarında həmin təşəbbüsün həyata keçirilməsi həmin sahədə göstəricilərin də dəyişməsinə səbəb olacaq”.