İftixar Piriyev: Ağacəkmə aksiyası ekoloji və mədəni-kütləvi aksiya kimi çox böyük mahiyyət kəsb edir
Azərbaycan bütün parametrlərinə görə Şərqin ən ideal ölkələrindən biridir. Ölkəmiz təbiətinin bənzərsiz gözəlliklərinə, yeraltı və yerüstü sərvətlərinin tükənməzliyinə, beynəlmiləl, multikultural və tolerant ruhuna, insani və əxlaqi keyfiyyətlərinə, qüdrətli dövlət adamlarına və siyasətçilərinə, incəsənətinin orijinal xüsusiyyətlərinə, mükəmməl, zəngin ədəbi nümunələrinə, mənəvi zənginliyinə, ruhi bütövlüyünə, humanistliyinə, bütün cəhətlərdən yüksək əyarlı xislətinə görə seçilir.
Tanrı həqiqətinə söykənsək, böyük ürəklə deyə bilərik ki, bu gün Azərbaycan genişmiqyaslı özünüifadə müstəvisində inkişaf yoluna bir yüksəlişlə qədəm qoyub və əldə olunan nailiyyətlər danılmaz həqiqət olaraq gözlərimiz önündə heyranedicilik zirvəsinə yüksəlmişdir. Bu da danılmaz bir həqiqətdir ki, Azərbaycan Dədə Qorqud, Nizami, Nəsimi, Füzuli, Aşıq Ələsgər, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Hüseyn Cavid, Səməd Vurğun, Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov, Vaqif Mustafazadə və onlarla bu kimi sənətkarların sənət ecazı ilə dünyanın bizi görən bütün insanlarını ovsunlayır.
Bu sözləri AZƏRTAC-a Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev deyib.
Bildirib ki, Azərbaycanın çiçəklənməsi, beynəlxalq miqyasda daha yüksək imiclə tanınması, ölkəmizin dünyada söz və nüfuz sahibi olmasında Prezident İlham Əliyevlə yanaşı, Azərbaycan mədəniyyətinin hamisi, xanım Mehriban Əliyevanın da xidmətləri əvəzsizdir. Məhz Mehriban xanımın ardıcıl zəhməti və böyük xidmətləri hesabına Azərbaycan UNESKO və ISESKO kimi beynəlxalq nüfuzlu qurumlarda təmsil olunur və həyata keçirdiyi xoşməramlı mədəni layihələrlə diqqət çəkir.
Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Azərbaycanda 2019-cu il “Nəsimi ili” elan olunub. Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ölkə rəhbərliyinin milli mədəniyyətə və incəsənətə həssas münasibətinin daha bir göstəricisidir. Bu tarixi Sərəncam Azərbaycan mədəniyyətinin, tarixi-mədəni irsimizin təbliğinə çox böyük töhfə olmaqla yanaşı, eyni zamanda, dahi şairin yaradıcılığına yeni konseptual yanaşma kimi əhəmiyyətlidir.
Bu məqsədlə ölkəmizdə və ondan kənarda bir-birindən maraqlı müxtəlif layihələrin həyata keçirildiyini söyləyən İ.Piriyev bu layihələrin ən parlaq nümunəsinin Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkilməsi aksiyası olduğunu qeyd edib: “Mehriban xanımın kütləvilik təşkil edən bu xoşməramlı təşəbbüsü Nəsimi dühasının əzəmətini, şeiriyyətinin mahiyyətini, saf bəşəri duyğularını, təbiətin əsrarəngiz gözəlliklərinin harmoniyasını vəsf edən poetik aləminin, hikmət xəzinəsi olan irsinin və milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə təbliği baxımından əvəzsiz olması ilə bərabər, həm də ölkədə ətraf mühitin sağlamlaşdırılmasına Nəsiminin insan və bəşəriyyət fəlsəfəsi kontekstində xatirəsinin əbədiləşdirilməsinə töhfə ola biləcək ekoloji və mədəni-kütləvi aksiya kimi çox böyük mahiyyət kəsb edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən bir gündə 650 min ağacın əkilmə aksiyası, gələcəyin 650 min şairinin “boy verəcəyini” təcəssüm etdirən bir rəmzdir. Əkilən hər bir ağac mədəniyyətimizin, ədəbiyyatımızın gələcək yüksəlişi istiqamətində özünü obrazlı şəkildə ifadə edən parlaq nümunədir. Bu xoşməramlı aksiya azərbaycançılıq, milli birlik amalı yolunda xalqı, xüsusilə yetişən gənc nəsli həmrəyliyə, vəhdətə səsləyən amildir”.