Nəsimi - 650

Vahid Fərzəliyev: 650 min ağacın əkilməsi havanın sağlamlaşdırılmasında xüsusi əhəmiyyət daşıyır

Atmosferin çirklənməsi dünyanın ən aktual problemlərindən olan iqlim dəyişmələrinə birbaşa mənfi təsir edir. Gündən-günə planetimizdə qlobal istiləşmə prosesləri artmaqdadır. Bunun nəticəsində meşə yanğınları və daşqınların sayı və quraqlıq halları çoxalır. Yaşıllıqların artması torpaq erozisiyasının qarşısının alınması, ərzaq təhlükəsizliyinin təminatı, ekosistemin mühafizəsi və iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması baxımından çox vacibdir. Ağac bitkiləri xüsusilə iri şəhərlərdə havanın sağlamlaşdırılmasında xüsusi əhəmiyyət daşıyır. Yeni yaşıllıqların salınması ən yüksək həddə olan karbon-dioksid qazının azaldılmasının ən effektli üsullarından biridir.
Bunu AZƏRTAC-a müsahibəsində AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru, biologiya üzrə elmlər doktoru Vahid Fərzəliyev söyləyib.
“Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair silsilə tədbirlərin bariz nümunəsi kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü bəşəriyyətin diqqət mərkəzində olan qlobal iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində atılan mühüm addımlardan biridir. Azərbaycan nadir ölkələrdən biridir ki, meşələrin azalması tendensiyasını dayandıra bilib və müəyyən artımı təmin edib. Son illərdə qeyri-meşə fondu torpaqlarında yaşıllaşdırma tədbirləri genişləndirilib. Bakı və ətraf ərazilərdə yaşıllıqların artırılması torpaq ehtiyatlarının və atmosfer havasının mühafizəsinə, şəhərlərin estetik görünüşünün yaxşılaşdırılmasına, əhalinin həyat və sağlamlığı üçün əlverişli mühitin yaradılmasına nail olmaqda öz töhfəsini verəcək. Ölkəmizdə iqlim dəyişmələrinin təsirlərinin azaldılması strategiyaları bir sıra dövlət proqramlarında öz əksini tapıb. İqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi planetimiz üçün əmələ gələcək zərərin qarşının alınması istiqamətində mühüm rol oynayacaq. Mərkəzi Nəbatat Bağında aparılan tədqiqat işləri əsasən Azərbaycan florasından olan bitki növlərinin introduksiyası və genofondunun qorunmasına həsr olunub. Nəbatat Bağı tərəfindən tədbirlə əlaqədar olaraq Bakı şəhərinin bir sıra məktəblərinin həyətyanı sahələrində yerli floramıza xas bitki növlərinin əkin işləri həyata keçiriləcək”, - deyə Vahid Fərzəliyev qeyd edib.