Qəhrəman Haqverdiyev: “Bir gündə respublikamızda 650 min ağacın əkilməsi yalnız təbiətsevərlik deyil, həm də insansevərlikdir!”
Ətraf mühiti qorumaq və onun qayğısına qalmaq – bu, ictimai səhiyyənin təbliğ etdiyi ən vacib və əsas mövzulardan biridir. Ona görə ki, təbiət bizi əhatə edən aləm, yaşadığımız mühitdir. İnsanlar təbiətin, canlı aləmin bir parçasıdır, təsadüfi deyil ki, biz ona ana təbiət deyirik. Bizim həyatımız və sağlamlığımız onunla, ana təbiətlə sıx bağlıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev söyləyib. O deyib: Ətraf mühit amilləri “Dünyada səhiyyənin vəziyyəti barədə məruzədə” qeyd edilən 102 xəstəlik və zədədən 85-nə təsir edir. Ətraf mühitdən daha səmərəli istifadə nəticəsində dünyada malyariyadan baş verən ölüm hallarının 40 faizinin, aşağı tənəffüs yollarının infeksiyalarından baş verən ölüm hallarının 41 faizinin, diareya xəstəliklərindən baş verən ölüm hallarının isə 94 faizinin qarşısını almaq mümkündür.
Ona görə də təbiəti qorumaq elə insanların sağlamlığını mühafizə etmək, xəstəliklərin profilaktikasını həyata keçirməkdir, ətraf mühitin qayğısına qalmaq elə yaxınlarımızın, doğmalarımızın, xalqımızın, vətəndaşlarımızın sağlamlığının keşiyində dayanmaqdır. Tədqiqatlar göstərir ki, 25 faiz xəstəliklərin səbəbi məhz sağlam olmayan ətraf mühitdir. Ətraf mühitin sağlamlaşdırılması nəticəsində bütün dünyada hər il baş verən 13 milyondan çox ölüm hadisəsinin qarşısını almaq mümkündür. Ətraf mühitin sağlamlaşdırılmasına kömək edə biləcək ən vacib addımlardan birincisi ağac əkməkdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi yalnız təbiətsevərlik deyil, həm də insansevərlikdir! Çünki atmosferin çirklənməsi tənəffüs sistemi xəstəliklərinin əsas səbəbləri sırasındadır, əgər biz bu xəstəliklərin profilaktikası istiqamətində görülən tədbirləri gücləndirməyə çalışırıqsa, onda “təbiətin ağciyərləri”nə qayğıyla, diqqətlə yanaşmağımız vacib şərtdir. Bu baxımdan, biz – ictimai səhiyyə mütəxəssisləri ətraf mühitin sağlamlaşdırılması istiqamətində ölkəmizdə irəli sürülən çox vacib və mühüm təşəbbüsü alqışlayır və böyük məmnuniyyətlə bu aksiyada yaxından iştirak etməyi arzulayırıq.