Xəzər dənizinin Azərbaycan Respublikasına
mənsub olan bölməsində 18 - 28 iyul 2023-cü il tarixlərində
həyata keçirilmiş növbəti kompleks ekoloji monitorinq ekspedisiyası haqqında
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində dənizin ətraf mühitinə təsirin müəyyənləşdirilməsi, nərəcinsli və digər su bioloji ehtiyatlarının, hidroloji vəziyyətin öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə edilməsi məqsədi ilə kompleks ekoloji monitorinqin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Bununla əlaqədar, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 07 iyul 2023-cü il tarixli, 722/Ü nömrəli əmrinə əsasən Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə dənizin ətraf mühitinə təsirin müəyyənləşdirilməsi, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə edilməsi, eyni zamanda nərəcinsli və digər balıq növləri ehtiyatlarının öyrənilməsi məqsədi ilə Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, həmçinin Milli Elmlər Akademiyasının Zoologiya və Fiziologiya institutlarının əməkdaşlarından ibarət kompleks ekoloji monitorinq ekspedisiyası təşkil olunmuşdur.
Aparılan kompleks ekoloji monitorinq ekspedisiyası zamanı ümumilikdə 9 kəsik üzrə 45 stansiyanı əhatə edən müxtəlif koordinatlardan müxtəlif nümunələr (63 su, 45 dib çöküntüsü (qrunt), 48 bentos, 46 zooplankton) götürülmüş, 45 müxtəlif koordinatlarda atmosfer havasında dəm qazının miqdarı ölçülmüşdür. İlkin olaraq gəminin laboratoriyasında 63 su nümunəsi üzərində fiziki-kimyəvi təhlillər aparılmış, digər nümunələr üzərində fiziki kimyəvi analizlərin aparılması üçün “AzeLab” MMC-yə təqdim edilmişdir. Həmçinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən isə nərəcinsli balıqların və digər su bioloji ehtiyatların vəziyyətinin öyrənilməsi məqsədi ilə 6 stansiyada (Siyəzəndə 25 m, Şahağacıda 10 m və 25 m, Lənkəranda 25 m, Kürdilidə 25 m, Cənub Şərq Qoltuqda 10 m və 25 m, Şimal Şərq Qoltuqda 25 m) tral çəkilişləri aparılmışdır.
Eyni zamanda monitorinqlər zamanı səyyar ölçü cihazları vasitəsi ilə atmosfer havasında zərərli qaz qarışıqlarının və radioaktiv çirklənmənin öyrənilməsi məqsədilə ölçmə işləri aparılmış, gəminin laboratoriyasında dəniz suyu nümunələrində duzluluğun, həll olmuş oksigenin, pH, temperaturun və elektrik keçiriciliyinin miqdarı da təyin edilmişdir.
Qeyd etmək lazımdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə həyata keçirilən kompleks ekoloji monitorinq ekspedisiyasının nəticəsi olaraq dəniz suyu və dib çöküntüsü nümunələri üzərində aparılmış təhlillərin nəticələrinin norma daxilində olduğu, ekotoksikoloji təhlillərin nəticəsinə görə dib çöküntüsü nümunələri zəhərli təsirə malik olmadığı müəyyən edilmişdir. Paralel olaraq portativ cihazlarla atmosfer havasında zərərli qaz qarışıqlarının və radioaktiv çirklənmənin öyrənilməsi məqsədilə aparılmış ölçmə işlərinin nəticələrinin də norma daxilində olduğu müəyyən edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi
su nümunələrinin müvafiq nümunə qablarına doldurulması
Əlif Hacıyev elmi-tədqiqat gəmisi ilə həyata keçirilən
kompleks ekoloji monitorinq ekspedisiyasının yol xəritəsi
Dənizin müəyyən dərinliklərindən su nümunələrinin götürülməsi üçün
istifadə edilən Batometr cihazının hazırlıq prosesi
su nümunələrinin müvafiq nümunə qablarına doldurulması
Ceddi toru vasitəsi ilə dənizin müəyyən dərinliklərindən
canlı orqanizm nümunələrinin götürülməsi
Dənizin müəyyən dərinliklərindən dib çöküntüsü nümunələrinin
götürülməsi prosesi