Xəzər Dənizi

Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə həyata keçirilən
kompleks ekoloji monitorinq ekspedisiyasının yol xəritəsi

           


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi


Xəzər dənizinin Azərbaycan Respublikasına
mənsub olan bölməsində 04 – 15 noyabr 2022-ci il tarixlərində
həyata keçirilmiş növbəti kompleks ekoloji monitorinq ekspedisiyası haqqında

Xəzər dənizinin ekosisteminin mühafizəsi və ekoloji təhlükəsizliyin təmini üzrə Xəzəryanı dövlətlərin əməkdaşlığının inkişafı hazırda daha çox dənizin təbii ehtiyatlarının mənimsənilməsi ilə əlaqədar kompleks problemlərə dair birgə fəaliyyətlə bağlıdır. Xəzər dənizinin ekoloji problemlərinin qarşısının alınması məqsədilə Xəzəryanı dövlətlər dənizin ətraf mühitinin vəziyyətinin insan fəaliyyəti nəticəsində həm dənizdə, həm də quruda yerləşən mənbələrdən zərərli təhlükəli maddələrin, tullantıların və digər çirkləndiricilərin axıdılması, atılması və yerləşdirilməsi nəticəsində pisləşməsini nəzərə alaraq, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Tehran Çərçivə Konvensiyasını qəbul etmişlər. Konvensiyanın başlıca məqsədi bioloji resursların mühafizəsi, saxlanılması, bərpası və rasional istifadəsi də daxil olmaqla, Xəzər dənizinin ətraf mühitinin mühafizəsidir. Onun tətbiqi dairəsi isə Xəzər dənizinin səviyyəsinin dəyişməsi və quruda yerləşən mənbələrdən çirklənmə nəzərə alınmaqla, onun dəniz ətraf mühitini əhatə edir. Konvensiyada qeyd edilir ki, tərəflər Xəzər dənizinin bioloji ehtiyatlarının qorunmasına, mühafizəsinə, bərpasına və səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirməli və mövcud olan ən yaxşı elmi məlumatlar əsasında müvafiq tədbirləri həyata keçirməlidirlər.

Bu tədbirlərin davamı olaraq bu gün Azərbaycan Respublikasının əsas hədəflərindən biri Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlmişdir. Eyni zamanda Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində dənizin ətraf mühitinə təsirin müəyyənləşdirilməsi, nərəcinsli və digər su bioloji ehtiyatlarının, hidroloji vəziyyətin öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə edilməsi məqsədi ilə kompleks ekoloji monitorinqlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Qəhrəman Əlif Hacıyevin adını daşıyan Elmi-Tədqiqat Gəmisi ilə Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi, Bioloji Müxtəlifliyin Qorunması Xidməti, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, “SOCAR” şirkətinin, Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun əməkdaşlarından ibarət Kompleks Ekoloji Monitorinq Ekspedisiyası təşkil olunmuşdur. Keçirilən növbəti ekspedisiya zamanı Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində fəaliyyət göstərən “BP”, “SOCAR”, “Bahar Enerji”, “Ümid-Babək” və “JOCAP” şirkətlərinin neft və qaz yataqlarından Xəzər dənizinə və ətraf mühitə təsirin müəyyənləşdirilməsi, həmçinin Lənkəran, Kürdili, Cənub-Şərqi Qoltuq kəsikləri də daxil olmaqla dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətin öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatlar əldə edilmişdir.

Aparılan kompleks ekoloji monitorinq ekspedisiyası zamanı 19 stansiyanı əhatə edən 67 müxtəlif koordinatlardan 103 su, 67 dib çöküntüsü, 19 bentos və 19 zooplankton olmaqla ümumilikdə 208 nümunə götürülmüşdür. Ekspedisiya zamanı götürülmüş dəniz suyu nümunələri üzərində aparılmış fiziki-kimyəvi təhlillər (pH, duzluluq, həll olmuş oksigen, bulanıqlıq və temperatur) gəminin laboratoriyasında, digər - kimyəvi (ammonium ionları, nitritlər, nitratlar, fosfatlar, sintetik səthi aktiv maddələr, neft karbohidrogenləri, fenollar, asılı bərk hissəciklər, oksigenin kimyəvi sərfi və oksigenin biokimyəvi sərfi), hidrobioloji (bentos və zooplankton) və ekotoksikoloji təhlillər isə Nazirliyin tabeliyində olan “AzeLab” MMC-nin laboratoriyasında aparılmışdır. Eyni zamanda elmi-tədqiqat gəmisinin laboratoriyasında götürülmüş su nümünələri Delta OHM HD 2105.1; 2106.1; 2109.1 cihazları vasitəsilə təhlil olunmuşdur. Həmçinin dənizin müxtəlif dərinliklərindən su nümünələrinin götürülməsi üçün batomertdən, dib çöküntüsü və bentos nümünələri üçün VanVeenGrabSampler-dən, hava nümünələri üçün Ankat-64M3-04 qazanalizatorundan, plankton nümünələri üçün isə Cedi torundan istifadə olunmuşdur. Ekspedisiya zamanı Bakı Buxtası, Çilov adası, Umid 1 platforması ətrafında, Lənkəran və Kürdili kəsiklərində müxtəlif növ köçəri və yerli su quşlarının (çöl ördəkləri, müxtəlif növ balıqudan quşlar, qağayılar və s.) aktivliyi müşahidə edilmişdir.

Qeyd etmək lazımdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə həyata keçirilən kompleks ekoloji monitorinq ekspedisiyasının nəticəsi olaraq dəniz suyu və dib çöküntüsü nümunələri üzərində aparılmış təhlillərin nəticələrinin norma daxilində olduğu, ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunələrin zəhərli təsirə malik olmadığı müəyyən edilmişdir. Xəzər dənizinin neft-qaz istehsalat zonalarında bentik və pelagial mühitin faunasının növ tərkibi və sayı, eləcə də biokütləsinin öyrənilməsi ilə əlaqədar keçirilən tədqiqatların nəticəsi qənaətbəxşdir. Belə ki, dənizin sənaye zonalarında neft-qaz istehsalı zamanı antropogen təsirlərin zoobentos və zooplankton canlıların inkişaf tempinə təsir etmədiyi və həmin canlıların inkişaf tempinin fəsillərə uyğun olaraq davam etməsi müəyyən edilmişdir. Ekspedisiyada portativ cihazlarla atmosfer havasında zərərli qaz qarışıqlarının və radioaktiv çirklənmənin öyrənilməsi məqsədilə aparılmış ölçmə işlərinin nəticələrinin də norma daxilində olduğu müəyyən edilmişdir.


Dənizin dərinliklərindən su nümunələrinin götürülməsi üçün
istifadə edilən Batometr cihazının hazırlıq prosesi


Dənizin dərinliklərindən su nümunələrinin götürülməsi üçün
istifadə edilən Batometr cihazının dənizdən çıxarılma prosesi


Dənizin dərinliklərindən Batometr cihazı vasitəsi ilə götürülmüş
su nümunələrinin müvafiq nümunə qablarına doldurulması


Dənizin dərinliklərindən dib çöküntüsü
nümunələrinin götürülməsi prosesi



Dənizin dərinliklərindən götürülmüş dib çöküntüsü
nümunələrində canlı orqanizmlərin tədqiqatlar üçün seçilməsi


Gəminin laboratoriyasında dəniz suyunun fiziki göstəricilərinin
təyin edilməsi və nəticələrinin qeydə alınması


Portativ cihaz vasitəsi ilə atmosfer havasında
zərərli qaz qarışıqlarının təyin edilməsi


Portativ cihaz vasitəsi ilə atmosfer havasında olan
radioaktiv çirklənmənin təyin edilməsi