Xəzər Dənizi

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində 25 iyul – 06 avqust 2022-ci il tarixlərində həyata keçirilmiş növbəti kompleks ekoloji monitorinq ekspedisiyası haqqında
 
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində dənizin ətraf mühitinə təsirin müəyyənləşdirilməsi, nərəcinsli və digər su bioloji ehtiyatlarının, hidroloji vəziyyətin öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə edilməsi məqsədi ilə kompleks ekoloji monitorinqin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bununla əlaqədar, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmrinə əsasən Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə dənizin ətraf mühitinə təsirin müəyyənləşdirilməsi, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə edilməsi, eyni zamanda nərəcinsli və digər balıq növləri ehtiyatlarının öyrənilməsi məqsədi ilə Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, həmçinin Milli Elmlər Akademiyasının Zoologiya və Fiziologiya institutlarının əməkdaşlarından ibarət kompleks ekoloji monitorinq ekspedisiyası təşkil olunmuşdur.

Aparılan kompleks ekoloji monitorinq ekspedisiyası zamanı ümumilikdə 9 kəsik üzrə 45 stansiyanı əhatə edən müxtəlif koordinatlardan 306 nümunə (63 fiziki-kimyəvi, 63 su, 45 dib çöküntüsü (qrunt), 45 bentos, 45 zooplankton, 45 Mnemiopsis leidyi) götürülmüş, 45 müxtəlif koordinatlarda atmosfer havasında dəm qazının miqdarı ölçülmüşdür. İlkin olaraq gəminin laboratoriyasında 63 su nümunəsi üzərində fiziki-kimyəvi təhlillər aparılmış, digər nümunələr üzərində fiziki kimyəvi analizlərin aparılması üçün “AzeLab” MMC-yə təqdim edilmişdir. Həmçinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən isə nərəcinsli balıqların və digər su bioloji ehtiyatların vəziyyətinin öyrənilməsi məqsədi ilə 6 stansiyada (Siyəzəndə 25 m, Şahağacıda 10 m və 25 m, Lənkəranda 25 m, Kürdilidə 25 m, Cənub Şərq Qoltuqda 10 m və 25 m, Şimal Şərq Qoltuqda 25 m) tral çəkilişləri aparılmışdır.

Eyni zamanda monitorinqlər zamanı səyyar ölçü cihazları vasitəsi atmosfer havasında zərərli qaz qarışıqlarının və radioaktiv çirklənmənin öyrənilməsi məqsədilə ölçmə işləri aparılmış, gəminin laboratoriyasında dəniz suyu nümunələrində duzluluğun, həll olmuş oksigenin, pH, temperaturun və elektrik keçiriciliyinin miqdarı da təyin edilmişdir.

Qeyd etmək lazımdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə həyata keçirilən kompleks ekoloji monitorinq ekspedisiyasının nəticəsi olaraq dəniz suyu və dib çöküntüsü nümunələri üzərində aparılmış təhlillərin nəticələrinin norma daxilində olduğu, ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunələrin zəhərli təsirə malik olmadığı müəyyən edilmişdir. Həmçinin canlı orqanizmlərin öyrənilməsi ilə əlaqədar keçirilən tədqiqatların nəticəsi də qənaətbəxş olmuşdur. Paralel olaraq portativ cihazlarla atmosfer havasında zərərli qaz qarışıqlarının və radioaktiv çirklənmənin öyrənilməsi məqsədilə aparılmış ölçmə işlərinin nəticələrinin də norma daxilində olduğu müəyyən edilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi

Əlif Hacıyev elmi-tədqiqat gəmisi ilə həyata keçirilən kompleks ekoloji monitorinq ekspedisiyasının yol xəritəsi

Dənizin müəyyən dərinliklərindən su nümunələrinin götürülməsi üçün istifadə edilən Batometr cihazının hazırlıq prosesi

Dənizin müəyyən dərinliklərindən su nümunələrinin götürülməsi üçün istifadə edilən Batometr cihazının dənizdən çıxarılma prosesi

Dənizin müəyyən dərinliklərindən Batometr cihazı vasitəsi ilə götürülmüş su nümunələrinin müvafiq nümunə qablarına doldurulması

Gəminin laboratoriyasında dəniz suyunun fiziki göstəricilərinin təyin edilməsi və nəticələrinin qeydə alınması

Ceddi toru vasitəsi ilə dənizin müəyyən dərinliklərindən canlı orqanizm nümunələrinin götürülməsi

Dənizin müəyyən dərinliklərindən dib çöküntüsü nümunələrinin götürülməsi prosesi

Dənizin müəyyən dərinliklərindən götürülmüş dib çöküntüsü nümunələrinin yuyulması prosesi

Dənizin müəyyən dərinliklərindən götürülmüş dib çöküntüsü nümunələrində canlı orqanizmlərin tədqiqatlar üçün seçilməsi

Portativ cihaz vasitəsi ilə atmosfer havasında zərərli qaz qarışıqlarının təyin edilməsi

Portativ cihaz vasitəsi ilə atmosfer havasında olan radioaktiv çirklənmənin təyin edilməsi