Xəzər Dənizi

Monitorinqlər “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə 01-15 aprel 2022-ci il tarixlərində keçirilən ekspedisiya haqqında məlumat


Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin karbohidrogen yataqlarından Xəzər dənizinə və ətraf mühitə təsirin müəyyənləşdirilməsi, dənizin bioloji ehtiyatlarının və hidrometeoroloji vəziyyətinin öyrənilməsi üçün Nazirliyin “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 18 fevral 2022-ci il tarixli, 149/ü nömrəli əmrinə əsasən Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi, Milli Hidrometerologiya Xidməti, Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Dövlət Ekolioji Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət Kompleks Ekoloji Monitorinq Ekspedisiyası təşkil olunmuş, ekspedisiyasının keçirilməsi ilə əlaqədar “Tədbirlər Planı” və ekspedisiya üzvlərinin siyahısı təsdiq edilmişdir. Ekspedisiyada Nazirliyin qurumları ilə birgə ARDNŞ, “Ekol Mühəndislik Xidmətləri” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin əməkdaşları da iştirak etmişlər.


Kompleks Ekoloji Monitorinq Ekspedisiyası zamanı neft-qaz yataqlarının və fərdi dəniz özüllərinin ətraflarında ekoloji qanunvericiliyin tələblərinin gözlənilməsi, həmin ərazilərdə radiasiya fonu və atmosfer havasının çirklənməsi üzrə monitorinq işlərinin həyata keçirilməsi, hidrometeoroloji proseslərin, Xəzər suitilərinin populyasiyasının və quşların miqrasiyasının öyrənilməsi məqsədilə vizual müşahidələrin aparılması, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə olunması təmin edilmişdir. Belə ki, neft-qaz hasilatı və qazma işləri aparılan Abşeronneft NQÇİ-nin Qərbi Abşeron, Abşeron bankası; 28 may NQÇİ-nin Çilov, Günəşli; Neft Daşları NQÇİnin Neft Daşları, Palçıq Pilpiləsi; N.Nərimanov adına NQÇİ-nin 8 mart, Bulla-Dəniz, ƏlətDəniz, Səngəçal-Duvannı-Xərə-Zirə; Bahar ƏŞ; BP ƏŞ-nin Çıraq, Mərkəzi Azəri, Şahdəniz; Ümid ƏŞ, Jocap (Total) ƏŞ Abşeron yataqları ətrafında, həmçinin Astaraçay və Qudyalçayın mənsəblərində ekoloji monitorinqlər keçirilmişdir.

Ekspedisiya zamanı 8-10 ədəd suiti, çoxlu sayda qağayı, qarabataq quş növlərinin aktivliyi, 4 ədəd leylək quşu və 5 ədəd çöl ördəklərinin hərəkəti müşahidə olunmuşdur. Həmçinin Çilov adası ətrafında bir çox çöl quşlarının olduğu müşahidə edilmişdir ki, bunlara misal olaraq çöl ördəklərini, müxtəlif növ balıqudan quşları və qağayıları göstərmək olar.

Monitorinqlər zamanı neft-qaz yataqlarının yerləşdiyi ərazilərdə AHKAT 7664 MИKPO səyyar ölçü cihazı vasitəsi ilə atmosferdə olan zərərli qazların miqdarını təyin etmək üçün ölçmə işləri aparılmışdır. Ölçmə işləri zamanı havada olan dəm qazının və hidrogen sulfidin (CO və H2S) miqdarının norma daxilində olduğu müəyyən olunmuşdur. Eyni zamanda monitorinqlərdə dəniz suyu nümunələrində duzluluğun, həll olmuş oksigenin, pH, temperaturun və elektrik keçiriciliyinin miqdarı da təyin edilmişdir.

Ekspedisiyada monitorinqlər zamanı ARDNŞ-ın “Azneft” İstehsalat Birliyi və “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən də vizual müşahidələr aparılmışdır.

Monitorinqlər zamanı Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin şimal və cənub hissəsində fon çirklənməsi öyrənilmiş, eləcə də neft-qaz yataqlarından dənizə və ətraf mühitə təsirin müəyyənləşdirilməsi üçün su və dib çöküntüsü, bentos və zooplankton nümunələri götürülmüş, həmin nümunələr üzrə ümumilikdə 2596 təhlil aparılmışdır. Belə ki, götürülmüş 172 dəniz suyu nümunəsi üzərində 1970 kimyəvi təhlil, 66 dib çöküntüsü nümunəsi üzərində 528 kimyəvi və 66 ekotoksikoloji, 16 bentos və 16 zooplankton nümunəsi üzərində 32 hidrobioloji təhlil aparılmışdır. Dəniz suyu nümunələri üzərində aparılmış fiziki-kimyəvi təhlillər (pH, duzluluq, həll olmuş oksigen, bulanıqlıq və temperatur) “Əlif Hacıyev” elmi-tədqiqat gəmisinin laboratoriyasında, digər - kimyəvi (ammonium ionları, nitritlər, nitratlar, fosfatlar, sintetik səthi aktiv maddələr, neft karbohidrogenləri, fenollar, asılı bərk hissəciklər, oksigenin kimyəvi sərfi və oksigenin biokimyəvi sərfi), hidrobioloji (bentos və zooplankton) və ekotoksikoloji təhlillər isə Nazirliyin tabeliyində olan “AzeLab” MMC-nin laboratoriyasında aparılmışdır.

Qeyd etmək lazımdır ki, dəniz suyu nümunələri üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə bütün göstəricilərin miqdarı norma daxilində, Abşeron və 8 Mart yataqlarında isə SSAM-ın miqdarı nisbətən normadan artıq müəyyən edilmişdir. Dəniz suyunun tərkibində SSAM-ın miqdarının normadan artıq olması platformalardan yuyucu maddələrin atılmasını göstərir. Dib çöküntüsü nümunələri üzərində neft karbohidrogenlərinin və ağır metalların miqdarı təhlil edilmişdir. Ekotoksikoloji təhlillərin nəticəsinə görə dib çöküntüsü nümunələri zəhərli təsirə malik olmamışdır. Fon çirklənməsinə görə aparılmış tədqiqatların nəticəsində çirklənmənin yayılma dərəcəsi minimum müəyyən edilmişdir. Hidrobioloji təhlillər - Xəzər dənizinin neft-qaz istehsalat zonalarında bentik və pelagial mühitin faunasının növ tərkibi və sayı, eləcə də biokütləsinin öyrənilməsi ilə əlaqədar keçirilən tədqiqatların nəticəsi qənaətbəxşdir. Belə ki, dənizin sənaye zonalarında neft-qaz istehsalı zamanı antropogen təsirlərin zoobentos və zooplankton canlıların inkişaf tempinə təsir etmədiyi və həmin canlıların inkişaf tempinin fəsillərə uyğun olaraq davam etməsi müəyyən edilmişdir.