“Əlif Hacıyev” Elmi-Tədqiqat Gəmisi (ETG) keçmiş SSRİ-nin Hidrometeorologiya Komitəsinin sifarişi ilə 1987-ci ildə Finlandiyanın Turku şəhərində istehsal olunaraq Azərbaycana gətirilmişdir. Hidrometeoroloji, hidroloji və okeanoloji tədqiqatların aparılması üçün təchiz olunan gəmi Xəzər dənizinin ekoloji vəziyyətinin elmi əsaslarla öyrənilməsində mühüm rol oynamışdır. Belə ki, gəmidən 1991-ci ilədək Xəzəryanı dövlətlərin əməkdaşları ilə birgə dənizin kəmiyyət və keyfiyyət göstəricilərinin, eləcə də onun biomüxtəlifliyinin öyrənilməsində, 1994-cü ildə “Əsrin Müqaviləsi” bağlandıqdan sonra isə həm də karbohidrogen istismar olunan platforma və özüllər ətrafında keçirilən kompleks monitorinqlərdə istifadə edilmişdir. 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandıqdan sonra “Əlif Hacıyev” ETG nazirliyin balansına verilmiş və həmin dövrdən gəmi vasitəsilə Xəzər dənizində neft- qazçıxarma platformaları ilə yanaşı, Xəzərin Azərbaycan sektorunda elmi-tədqiqat işləri həyata keçirilmişdir.
“Əlif Hacıyev” ETG 2019-2020-ci illərdə əsaslı təmir olunduqdan sonra Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində yenidən tədqiqat işlərinə başlanmışdır.GƏMİNİN TEXNİKİ PARAMETRLƏRİ:
Uzunluğu: 49,90 met
Eni: 10 metr
Bort hündürlüyü: 5 metr
Maksimal hündürlüyü: 24 metr
Suya oturumu: 3,6 metr
Registr tutumu: 693 ton (brutto) - 207 ton (netto)
Su tutumu: 929,2 ton
Enerji qurğularının gücü: 985 kvt
Baş mühərrikin gücü: 1340 at gücü
Su ehtiyatı: 95 ton
Yanacaq: 93 ton
Kayut sayı: 21
Dənizdə avtonom üzmə: 30 gün
Monitorinq keçirilmiş ərazilər:
- “Abşeron NQÇİ”-“Qərbi Abşeron”
- “Abşeron NQÇİ”- “Abşeron bankası”
- “28 May” NQÇİ-“Çilov”
- “28 May” NQÇİ-“Günəşli”
- “Neft Daşları” NQÇİ- “Neft Daşları”
- “Neft Daşları” NQÇİ-“Palçıq Pilpiləsi”
- “N.Nərimanov” NQÇİ- “8 Mart”
- “N.Nərimanov” NQÇİ - “Bulla-Dəniz”
- “N.Nərimanov” NQÇİ - “Ələt-Dəniz”
- “N.Nərimanov”NQÇİ -“Səngəçal Duvannı-Xərə-Zirə”
- “Bahar” ƏŞ
- “BP” ƏŞ - “Çıraq”
- “BP” ƏŞ - “Mərkəzi Azəri”
- “BP” ƏŞ - “Şahdəniz”
- “Ümid” ƏŞ
- “JOCAP” (Total) ƏŞ - “Abşeron”
Xəzər dənizində balıq ehtiyatlarının tədqiqi
Xəzər dənizinin balıq ehtiyatlarının tədqiq olunması məqsədilə dənizin Azərbaycan Respublikasına mənsub olan bölməsinin 11 kəsimində elmi-tədqiqat işləri aparılmışdır. Xəzər dənizinin balıqçılıq zonalarında su bioloji ehtiyatlarının öyrənilməsi, ətraf mühitə olan təsirin qiymətləndirilməsi məqsədilə kompleks ekoloji monitorinqlər həyata keçirilmişdir. Ekspedisiyada Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya, Fiziologiya, Zoologiya və Neft-Qaz İnstitutlarının əməkdaşları iştirak etmişlər.
Ekspedisiyanın yol xəritəsi
Monitorinq keçirilmiş ərazilər:
Şahağacı
Lənkəran
Kürdili
Cənub şərqi Qoltuq
Şimal şərqi Qoltuq
Bəndovan
Pirsaat
Giləzi
Siyəzən
Quba
Müqtədir
Monitorinq zamanı aşağıdakı işlər görülmüşdür:
Balıq ehtiyatlarının öyrənilməsi məqsədilə Cənubi və Orta Xəzərin tədqiqat stansiyalarında sümüklü balıqların tədqiqatı aparılmışdır. Növ tərkibini kilkə, kütüm, külmə, xul balığı, siyənək, kefal balıqları təşkil etmişdir. Balıqlar əsasən Şahağacı, Lənkəran, Kür dili, Cənubi-Şərqi Qoltuq, Siyəzən və Quba kəsiklərində 10-25 m dərinliklərində daha çox müşahidə olunmuşdur