Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində aparılan monitorinqlər
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində dəniz ətraf mühitinin ekoloji vəziyyətinin öyrənilməsi və qiymətləndirilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlif Hacıyev Elmi-Tədqiqat Gəmisi ilə kompleks ekoloji ekspedisiyalar təşkil edilir. Keçirilən kompleks ekoloji ekspedisiyalarda Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və s. qurumların əməkdaşlarının iştirakı da təmin edilir.
Ekoloji ekspedisiyalar zamanı razılaşdırılmış yol xəritəsinə uyğun, əvvəlcədən təyin olunmuş nöqtələrdən dəniz suyu, dib çöküntüsü, bentos və zooplankton nümunələri götürülərək, onların üzərində kimyəvi, ekotoksikoloji və bioloji təhlillər aparılması üçün laboratoriyaya təhvil verilir. Laboratoriyada götürülmüş su nümunələri üzərində kimyəvi, dib çöküntüsü nümunələri üzərində kimyəvi və ekotoksikoloji, bentik və zooplankton orqanizmlər üzərində hidrobioloji təhlillər aparılır. Daha sonra alınmış nəticələr ötən ekspedisiya zamanı götürülmüş nümunələr üzərində aparılmış təhlillərlə müqayisə edilir, çirklənmənin dinamikasını öyrənməklə ümumi qiymətləndirilmə həyata keçirilir.
Eyni zamanda dəniz ətraf mühitinin ekoloji vəziyyətinin öyrənilməsi və qiymətləndirilməsi üçün Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahil zolağında fəaliyyət göstərən yerli və xarici neft hasilatı, eləcə də donanma fəaliyyəti ilə məşğul olan şirkətlərdə, həmçinin Abşeron yarımadası və sahil zolağı boyu yerləşən rayonlarda fəaliyyət göstərən təmizləyici qurğularda, çimərlik və rekreasiya ərazilərində çirklənmənin kəmiyyət və keyfiyyət göstəricilərini təhlil etmək məqsədilə monitorinqlər həyata keçirilir. Keçirilmiş monitorinqlər zamanı götürülmüş nümunələr üzərində kimyəvi, ekotoksikoloji və bioloji təhlillər aparılır. Daha sonra alınmış nəticələrə əsasən rəy və təkliflər hazırlanmaqla yanaşı, əvvəlki vəziyyətlə müqayisə edilməklə çirklənmənin dinamikası da qurulur.
Dəniz ətraf mühitinin mühafizəsi sahəsində keçirilən monitorinqlər
Xəzər dənizində ekoloji problemlərin vaxtında aşkar olunması və aradan qaldırılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində və onun şimaldan- cənubadək olan sahil zolağında, o cümlədən çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. monitorinqlərin keçirilməsini təşkil edir və onu həyata keçirir.
Monitorinqlər zamanı Xəzər dənizinin dəniz ətraf mühitinə mənfi təsirlərin öyrənilməsi məqsədi ilə dənizdə və sahil zolağında yerləşən müəssisə və təşkilatlarda, yaşayış massivlərində formalaşan tullantıların mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunması müəyyənləşdirilir, dənizə atılan və axıdılan tullantıların kəmiyyət və keyfiyyət göstəricilərin müəyyən olunması elmi əsaslarla aparılır, tullantıların dəniz suyuna, qruntuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi mənfi təsirlər təhlil və tədqiq edilir, məlumat bankı hazırlanır, çirklənmənin minimuma endirilməsi istiqamətində müvafiq və mütəmadi tədbirlər həyata keçirilir.
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin çirklənməsinin monitorinqi – dənizin çirklənmədən mühafizə edilməsi məqsədilə onun çirklənmə mənbələrinin, dənizə atılan/axıdılan çirkləndirici maddələrin kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, dənizin çirklənmə vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılmasından ibarətdir. Xəzər dənizinin (gölünün) çirklənməsinin monitorinqinə aşağıdakılar daxildir:
- dənizi çirkləndirən mənbələrin müəyyənləşdirilməsi;
- dənizin Azərbaycan Respublikasına mənsub olan bölməsində daha intensiv çirklənməyə məruz qalan sahələrində, kurort-sağlamlıq və balıqçılıq zonalarında suyun və dib çöküntülərinin çirklənmə səviyyəsinin fiziki, kimyəvi və hidrobioloji göstəricilərinə daimi nəzarət edilməsi;
- çirkləndirici maddələrin qatılıqlarının zaman və məkan dinamikasının tədqiq edilməsi və bu dinamikanın təbii sirkulyasiyası prosesləri, dənizin hidrometeoroloji rejimi və təsərrüfat fəaliyyətinin xüsusiyyətlərindən asılılığının öyrənilməsi;
- açıq dənizdə, sahil zonalarında və dəniz sərhədi boyunca suyun və dib çöküntülərinin çirklənmə səviyyəsinin qiymətləndirilməsi məqsədilə müntəzəm və mütəmadi müşahidələrin aparılması;
Dənizin dib çöküntülərinin çirklənməsi üzrə müşahidələr I və II kateqoriyalı monitorinq stansiyalarında aparılır. Kateqoriyasından asılı olmayaraq monitorinq stansiyalarının hamısında dəniz mühitinin çirklənməsi üzrə aparılan tam həcmli müşahidələr zamanı hidrometeoroloji parametrlər (suyun temperaturu, su axımının istiqaməti və sürəti, atmosfer təzyiqi, küləyin istiqaməti və sürəti, atmosfer yağıntıları, nisbi rütubət) öyrənilir/ölçülür.
Monitorinqlər zamanı götürülmüş su və dib çöküntüsü nümunələri üzərində aparılan təhlillərin nəticələrinə əsasən dəniz ətraf mühitinin qiymətləndirilməsinə rəy və təkliflərin bildirilməsi məqsədilə laboratoriyaya təhvil verilir.