Nəsimi - 650

Ceyms Şarp: 650 min ağacın əkilməsi Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizəyə öz töhfəsini vermək öhdəliyini nümayiş etdirir

Ağaclar iqlim dəyişikliyinə qarşı mübarizədə çox vacib amildir. Meşə və yaşıllıq zolaqları salmaq Böyük Britaniyanın 2050-ci ilə qədər karbon emissiyasını sıfıra endirməklə bağlı hədəfinə çatmaq üçün mühüm rol oynayacaq. Böyük Britaniya bu məqsədlə 2022-ci ilə qədər 11 milyon ağac əkməyi öhdəsinə götürüb.
Bunu AZƏRTAC-a müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycanda dekabrın 6-da həyata keçiriləcək ekoloji aksiyaya münasibət bildirərək deyib.
“Buna görə də biz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü çox alqışlayırıq. Bu, Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səviyyədə həll yollarının tapılması işinə öz töhfəsini vermək öhdəliyini nümayiş etdirir”, – deyə səfir bildirib.
Diplomat qeyd edib ki, bu təşəbbüs, həmçinin Azərbaycanın təbii landşaftının qorunub saxlanmasına kömək edəcək. “Səfərlərim zamanı bir çox ərazilərdə ağacların az olduğunu görmüşəm. Beləliklə, ölkə daxilində 650 min yeni ağacın əkilməsi həm ölkənin daha da gözəlləşməsinə, həm də canlı təbiət üçün daha yaxşı şəraitinin yaradılmasına kömək edəcək”, – deyə Ceyms Şarps əlavə edib.