Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçiriləcək ekoloji aksiya sağlam gələcək naminə atılan növbəti uğurlu addım olacaq
Ağaclar, meşələr, yaşıllıqlar insan sağlamlığının keşikçisidir. Ağaclar atmosfer havasını oksigenlə zənginləşdirməklə yanaşı, bəzisi öz meyvəsi, çiçəyi, yarpağı, qabığı ilə xəstəliklərə məlhəm olur. Çox təəssüf ki, bəzən insanlar ağacların onların həyatı, sağlamlığı üçün nə qədər faydalı olduğunu unudur, yaşıllıqları məhv etməkdən çəkinmirlər. Atmosfer havasının çirkliliyinin insan sağlamlığına mənfi təsir etdiyini, ağacların havanı necə təmizlədiyini düşünmürlər. Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əkiləcək 650 min ağac həm İmadəddin Nəsimin 650 illiyinə ithaf olunmuş nəcib bir addım, həm də insanları ağac əkməyə, yaşıllıqları qorumağa təşviq edən bir mesaj olacaq.
Bu barədə Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Avtandil Verdiyev AZƏRTAC-a müsahibəsində deyib.
“Ümid edirəm ki, əkiləcək tinglər ölkəmizdə gözoxşayan yaşıllıqlar, meşələr əmələ gətirəcək. İnsanlar ağacları kəsmək yerinə, onları qorumağa üstünlük verəcəklər. Aksiya sağlam gələcək naminə atılan növbəti uğurlu addım olacaq”, - deyə A.Verdiyev qeyd edib.