Nəsimi - 650

650 min ağac əkək: Gədəbəydə genişmiqyaslı ağacəkmə kampaniyasına hazırlıq işləri başa çatıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü Gədəbəy rayonunda da böyük rəğbətlə qarşılanıb. Gədəbəylilər şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması, ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri görüblər. Genişmiqyaslı kampaniya çərçivəsində rayon ərazisində bir gündə 5000 ağac tinginin əkilməsi nəzərdə tutulur.
Bu barədə məlumat verən Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Musayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi kimi xeyirxah təşəbbüslə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Gədəbəydə də hazırlıq işləri aparılıb. Gədəbəyin sərt iqlim şəraitinə uyğun seçilmiş ağaclar Şəmkir-Gədəbəy avtomobil yolunun sağ və sol hissəsində, əvvəlcədən müəyyən edilmiş yerlərdə əkiləcək. Tinglərin əkilməsi məqsədilə ayrılmış sahələrdə təmizlik, şum, cızların çəkilməsi, çalaların qazılması, eyni zamanda, ağacların gələcəkdə mühafizəsi üçün görülmüş işlər başa çatıb. Gədəbəylilər bu humanitar tədbirdə fəal iştirak etməklə, ətraf mühitin sağlamlaşdırılmasına töhfələrini verəcəklər.
Həmsöhbət olduğumuz Gədəbəy sakini Ramiz Heydəroğlu respublikamızda keçiriləcək genişmiqyaslı ağacəkmə kampaniyasına xeyir-dua verərək deyib: “Gədəbəylilər bu işə səmimi qəlblə qoşulublar. Əsas məqsəd Azərbaycanı yaşıllaşdırmaqdır. Növbənöv ağaclar əkiləcək ki, bu da təbiətimiz üçün oksigen mənbəyidir. Gədəbəy sakinləri adından, bir ağsaqqal kimi Birinci vitse-prezident Mehriban Əliyevaya bu nəcib təşəbbüsü irəli sürdüyü üçün təşəkkürümü bildirirəm. Mən bir Gədəbəy sakini olaraq bu xeyirxah tədbirə həvəslə qoşulmuşam. Uca dağlara sığınan Gədəbəy ölkəmizin gözəl təbiətə malik rayonlarındandır. Bununla belə, yaşıllığın artırılmasına həmişə ehtiyac var. Ona görə də bütün gədəbəylilər bu təşəbbüsə böyük həvəslə qoşulublar və ağac əkiləcək sahələrdə hazırlıq işlərini başa çatdırıblar. Ağac əkini zamanı da ölkəmizin yaşıllaşdırılmasında belə fəallıqla iştirak edəcəyik".