Valentina Antonenko: Azərbaycanda bir gündə 650 min ağacın əkilməsi ekoloji sistemin bərpasına öz ciddi töhfəsini verəcək
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda bir gündə 650 min ağacın əkilməsi ekoloji sistemin bərpasına öz ciddi töhfəsini verəcək. Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Ukraynanın İrpen şəhərindəki Akademik Zərifə Əliyeva adına orta məktəbin direktoru Valentina Antonenko söyləyib.
“650 min ağacın əkilməsi nəticəsində planetimizdə ekoloji vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşa bilər və bunun nəticəsi uzun müddət hiss olunacaq. Bu ekoloji aksiya digər ölkələr üçün də örnək olmalıdır. Mehriban xanım Əliyevanın bu nəcib təşəbbüsünü ürəkdən dəstəkləyirik. Onun çoxşaxəli və səmərəli fəaliyyəti digər ölkələr üçün parlaq nümunədir”, - deyə V.Antonenko əlavə edib.
Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bir gün ərzində 650 min ağac əkiləcək. Bu təşəbbüs dahi şairin irsini təbliğ etməklə yanaşı, həm də insanları, xüsusən gənc nəsli ətraf mühiti qorumaq, ekoloji problemlərin həlli üçün səyləri birləşdirmək barədə çağırışdır.