İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Qusarda 6 min ağac əkiləcək
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə qusarlılar da böyük həvəslə qoşulublar. Rayon ərazisində bir gündə 6 min ağac tinginin əkilməsi nəzərdə tutulur.
Qusar Rayon İcra Hakimiyyətinin başçısının müavini Şahid Fərəməzov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, bu nəcib təşəbbüslə əlaqədar rayonda qərargah yaradılıb, tədbirlər planı təsdiq edilib və ağac əkiləcək yerlər müəyyənləşdirilib. Qusar şəhəri ərazisi, rayon mərkəzindən “Şahdağ” Turizm Mərkəzi və Xudat istiqamətindəki yolların kənarı boyunca müxtəlif ağac tinglərinin əkilməsi planlaşdırılır. Ağacların əkiləcəyi ərazilərdə artıq hamarlama işləri aparılıb, arxlar çəkilib, çalalar qazılıb və sahələr əkinə hazırlanıb.
Rayon sakini Şahmalı Qurbanov bu aksiyaya həvəslə qoşulduğunu deyib: “Biz qusarlılar bu təşəbbüsün həyata keçirilməsində fəal iştirak edirik. Bir gündə 650 min ağacın əkilməsi olduqca böyük göstəricidir. Bu nəcib təşəbbüsə görə Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk. Hər bir rayon sakini kimi mən də bu təşəbbüsün reallaşmasında fəal olmağa çalışıram”.
Hazırlıq işlərinin iştirakçısı olan rayon sakini Gülxar Osmanova da bu xeyirxah təşəbbüsün rayonun yaşıllaşmasına və gözəlləşməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib: “Bu, illər sonra da yadda qalacaq bir təşəbbüsdür. Hesab edirəm ki, bu təşəbbüs hər kəsə ağac əkmək fürsəti verir. Mən ekoloji mühitin qorunması baxımından olduqca əhəmiyyətli olan bu genişmiqyaslı aksiyaya həvəslə qoşulmuşam. Hər bir rayonda yaşıllıqların salınmasına böyük ehtiyac var”.