650 min ağac əkək: Füzuli rayonunda ağac əkiləcək ərazilər müəyyənləşdirilib
Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Füzuli rayonu ərazisində bir gündə 5000 ağac tinginin əkilməsi nəzərdə tutulur. Bu genişmiqyaslı kampaniya respublikamızın bütün bölgələrində, o cümlədən cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da böyük rəğbətlə qarşılanıb və hazırda bu təşəbbüsə ciddi hazırlıq işləri görülür.
Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Bağır Aslanov AZƏRTAC-a müsahibəsində bildirib ki, bu nəcib təşəbbüslə əlaqədar Füzuli rayonunda ağac əkiləcək ərazilər müəyyənləşdirilib. Ağaclar Horadiz şəhərində, Böyük Bəhmənli, Bala Bəhmənli, Mahmudlu kəndləri ərazisində əkiləcək. Hazırda həmin ərazilərin təmizlənməsi, hamarlanması, çalaların qazılması və digər hazırlıq işləri görülür. Füzulililər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə böyük həvəslə qoşulublar.
Horadiz şəhərində ağacların əkiləcəyi ərazidə hazırlıq işlərində iştirak edən Rizvan Rəhimov genişmiqyaslı kampaniyanın əhəmiyyətini yüksək qiymətləndirərək deyib: "Yaşıllıqların artırılması sayəsində ölkəmiz daha da abadlaşır, gözəlləşir. Bu, eyni zamanda, ekoloji təmizlik, sağlamlıq deməkdir. Mən bir Füzuli sakini kimi bu gözəl təşəbbüsü irəli sürdüyünə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm".