Qobustanlı ziyalı: Bir neçə ildən sonra boş düzənlərimizdə yaşıllığın şahidi olacağıq
Dünya şöhrətli mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min əkilməsi təşəbbüsünün böyük rəğbətlə qarşılandığı Qobustan rayonunda bu genişmiqyaslı kampaniyaya hazırlıq işləri yekunlaşmaq üzrədir.
Rayon icra hakimiyyəti başçısının müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Belə nəcib təşəbbüsə görə Birinci vitse-prezidentimizə minnətdarıq. Ağac əkini kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün bütün qüvvələrimizi səfərbərliyə almışıq. Kampaniya çərçivəsində rayonumuzda 5000 ədəd ağac əkiləcək. Bunun üçün 200 ədəd zeytun, 1000 ədəd ərik, 2000 ədəd göyrüc və 1800 ədəd ağcaqayın tingi sifariş vermişik. Tinglərin əkiləcəyi ərazilər də müəyyənləşdirilib, əkin üçün hazırlanıb. Bu yerlər Bakı-Şamaxı-Yevlax magistralının 57-ci kilometrliyində yol kənarında, habelə magistralın Qobustan şəhərinin ərazisindən keçən hissəsinin ətrafında, şəhərin Heydər Əliyev və Azadlıq prospektlərində, kənd yollarının kənarındadır”.
Rayon sakinləri də bu təşəbbüsə həvəslə qoşulduqlarını bildiriblər. Ziyalı Füzuli Gülalıyev AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünü biz ziyalılar da minnətdarlıqla qarşılamışıq. Bu təşəbbüs nəinki böyük sənətkarın adının əbədiləşdirilməsi, beynəlxalq aləmdə təbliği, həm də dünyada ekoloji böhranın hökm sürdüyü bir şəraitdə təbiətimizə gözəl bir töhfədir. Bir neçə ildən sonra boş düzənlərimizdə yaşıllığın şahidi olacağıq”.