650 min ağac əkək: Yevlaxda genişmiqyaslı ağacəkmə kampaniyasına hazırlıq görülür
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü Yevlax rayonunda da böyük rəğbətlə qarşılanıb. Yevlaxlılar şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması, ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri görürlər. Genişmiqyaslı kampaniya çərçivəsində rayon ərazisində bir gündə 5750 ağac tinginin əkilməsi nəzərdə tutulur.
Bu barədə məlumat verən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Ceyhun Kərimxanov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, ölkəmizdə bir gündə 650 min ağac tinginin əkilməsi kimi xeyirxah və nəcib təşəbbüslə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Yevlaxda da hazırlıq işləri aparılır. Ağaclar Bakı-Ələt-Qazax magistral avtomobil yolunun sağ və sol hissəsində əkiləcək. Hazırda ağacların əkilməsi üçün ayrılmış sahələrdə təmizlik, şum, cızların çəkilməsi və çalaların qazılması işləri başa çatmaq üzrədir. Yevlaxlılar bu humanitar tədbirdə fəal iştirak edərək, ətraf mühitin sağlamlaşdırılmasına töhfələrini verəcəklər.
Həmsöhbət olduğumuz Yevlax sakini, ağsaqqal Səyyad Məmmədov respublikamızda keçiriləcək genişmiqyaslı ağacəkmə kampaniyasına xeyir-dua verərək deyib: “Yevlaxlılar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 650 min ədəd ağac əkilməsi ilə bağlı təşəbbüsünü alqışlayır və bu işə səmimi qəlblə qoşulublar. Əsas məqsəd Azərbaycanı yaşıllaşdırmaqdır. Növbənöv ağaclar əkiləcək ki, bu da təbiətimiz üçün oksigen mənbəyidir. Yevlax camaatı adından, bir ağsaqqal kimi Birinci vitse-prezident Mehriban Əliyevaya bu nəcib təşəbbüsü irəli sürdüyü üçün təşəkkürümü bildirirəm".
Digər sakin Solmaz Qaçayeva isə deyib: "Mən bir Yevlax sakini olaraq bu nəcib təşəbbüsə həvəslə qoşulmuşam. Gördüyünüz kimi, ağac əkiləcək sahədə hazırlıq işləri aparırıq ki, tinglər gələndə işimiz asan olsun. Ağac əkini zamanı da ölkəmizin yaşıllaşdırılmasında belə fəallıqla iştirak edəcəyik".