Veteran idmançı: 650 min ağacın əkilməsi yaşıllıqların artaraq insanların sağlamlığına xidmət etməsinə öz töhfəsini verəcək
Ekologiya böhranı bəşəri xarakter daşıdığından insanlar bu problemləri yaradan məsələlərin həllinə böyük önəm verməyə başlayıblar. Sevindirici haldır ki, Azərbaycanda son dövrlərdə yaşıllıqların artırılmasına diqqət göstərilir, parklar, xiyabanlar salınır, ağaclar əkilir, ətraf mühitin qorunması ilə bağlı böyük tədbirlər həyata keçirilir. Biz veteran idmançılar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü ürəkdən dəstəkləyirik. Ağac əkmək təbiətə yeni nəfəs verməkdir və ətraf mühiti yaşıllaşdırmaqla ana təbiətə böyük fayda vermiş olarıq.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə münasibət bildirərək deyib.
Y.Məmmədov qeyd edib ki, təbiəti gələcək naminə qorumaq hər birimizin başlıca vəzifələrindəndir. Veteran idmançı deyib: “Əkəcəyimiz hər bir ağac yaşıllıq, təmiz hava deməkdir. Təbiət qoynunda fiziki hərəkətlə zəngin həyat tərzi insanların sağlamlığına xüsusilə mühüm təsir göstərir. Sağlam ekoloji mühit, sağlam hava gənc nəslin hərtərəfli inkişafında böyük əhəmiyyət daşıyır. Respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü və bu nəcib təşəbbüsün ənənəyə çevrilməsi təbiətin zənginləşməsinə səbəb olacaq, yaşıllıqların daha da artaraq insanların sağlamlığına xidmət etməsinə öz töhfəsini verəcək”.