Nəsimi - 650

Ramiz Qusarçaylı: 650 min ağac əkək təşəbbüsü həm də ekoloji mühitin qorunması baxımından çox əhəmiyyətlidir

İmadəddin Nəsiminin əsərləri təbiətlə cəmiyyətin harmoniyasından yaranıb. Ümumiyyətlə, böyük şairlərin hər bir obrazında, şeirlərinin dilində dəyərlərin istinad yeri təbiətdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü alqışa layiqdir. Bu genişmiqyaslı kampaniya Azərbaycanın dahi şairinin xatirəsinin əbədiləşdirilməsi və təbliği ilə yanaşı, həm də ekoloji mühitin qorunması baxımından çox əhəmiyyətlidir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış qubalı şair Ramiz Qusarçaylı söyləyib.
R.Qusarçaylı bildirib ki, Mehriban Əliyevanın irəli sürdüyü bütün təşəbbüslər millətin rifahına, dövlətin və dövlətçiliyin möhkəmlənməsinə istiqamətlənib.
“Mehriban xanımın fəaliyyəti bir poeziyadır, iri əsərdir. Nəsiminin 650 illiyi münasibətilə təşkil olunan festivallar, tədbirlər, aksiyalar bu əsərin tərkib hissəsidir. Dini ayələrdən birində deyilir ki, qiyamət qopacağını bilsən belə əlindəki fidanı yerə basdır. Ağac əkmək, ətrafı yaşıllaşdırmaq ən gözəl əməllərdəndir. Buna görə də hamı 650 min ağac əkilməsi təşəbbüsünü böyük rəğbətlə qarşılayır. Kampaniya çərçivəsində Quba rayon ərazisində bir gündə 5 mindən çox ağacın əkilməsi nəzərdə tutulub. Bu nəcib təşəbbüsə görə Mehriban xanım Əliyevaya təşəkkür edirəm”, - deyə Ramiz Qusarçaylı bildirib.