İlahiyyat İnstitutu 650 min ağac əkilməsi təşəbbüsünə qoşulub
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə İlahiyyat İnstitutunun kollektivi də qoşulub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisəsinin rəhbər heyəti, əməkdaşları və tələbələri bu təşəbbüsə qoşulmaq üçün Yasamal Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Rayonun ərazisində institut üçün ərazi ayrılması barədə razılıq əldə olunub. Hazırda bununla bağlı institutda hazırlıq işləri davam edir.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il respublikamızda “Nəsimi ili” elan edilib. Bununla əlaqədar olaraq ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük sənətkarın adının əbədiləşdirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.