Nəsimi - 650

Əli Əliyev: 650 min ağacın əkilməsi dünyanın ekoloji mühitinin qorunmasına ciddi bir töhfədir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü təkcə vətənimiz üçün deyil, həm də digər ölkələr üçün olduqca önəmlidir. Çünki bu aksiya dünya ekologiyasına öz töhfəsini verəcək. Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyev söyləyib.
Ukraynada yaşayan azərbaycanlı iş adamlarının bu aksiyaya qoşulduğunu deyən Ə.Əliyev bildirib ki, ətraf mühitə hər hansı bir töhfə hamımızın xeyrinədir və bundan xarici ölkələrdə yaşayan insanlar da faydalana bilir. Sözsüz ki, aksiya Azərbaycanın dünya ölkələrində müsbət imicini daha da möhkəmləndirəcək, müvafiq beynəlxalq təşkilatların rəğbətinə səbəb olacaq. Bu təşəbbüs həm də ölkəmizin yaşıllıqlar diyarına çevrilməsinə, dünyanın ekoloji mühitinin qorunmasına ciddi bir töhfədir.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə noyabr ayında bir gündə 650 min ağac əkiləcək. Bu təşəbbüs dahi şairin irsinin təbliği ilə bərabər, həm də ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin həllində birgə fəaliyyətə səsləyir.